Prezident İlham Əliyev: "Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir"
"Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimində çıxışı zamanı vurğulayıb. Dövlət başçısının sözlərinə görə, təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi və beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər: "Ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin surətdə artır, biz bunu görürük və izləyirik".
Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq, ölkənin bütün sahələrində, eləcə də, idman sahəsində böyük nailiyyətlər əldə olunub. Azərbaycan dünyanın idman arenasında artıq özünə layiqli yer tutub. İstər beynəlxalq yarışlarda iştirakı, istərsə də, beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə.
"BİZİM İDMANÇILARIMIZ BEYNƏLXALQ İDMAN YARIŞLARINDA 775 MEDAL QAZANMIŞLAR, ONLARDAN 271-İ QIZIL MEDALDIR"
Son illərdə dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bu yarışların Azərbaycanda keçirilməsi, bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Dünyaya əminliklə bəyan etdiyi gücünü, qüdrətini və təhlükəsizlik tədbirlərinə cavabdehliyini göstərib. Eyni zamanda, ölkəmizdə idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da, beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda, yeniləri inşa edilir. Digər tərəfdən, Azərbaycan, müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir. Cənab Prezident idman sahəsində görülən işlərin gəncləri həvəsləndirdiyini diqqətə çatdırıb: "Ümumiyyətlə, hesab edirəm ki, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir. Azərbaycan gənclərinin idmana böyük maraq göstərmələri bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır. Bu baxımdan, bu il də əlamətdar il olmuşdur. Bizim idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu, onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və Azərbaycanın dövlət himnini dəfələrlə səsləndiriblər, bizim bayrağımızı yüksəklərə qaldırıblar".
Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medalı qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himnini səsləndirilməsi idmana olan qayğının nəticəsi idi. Eləcə də, Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də ölkəmizin idman arenasında söz sahibi olmasına dəlalət edir. Dövlət başçısı aparıcı beynəlxalq idman qurumlarının Azərbaycanı idman ölkəsi kimi tanıdığını bildirib: "Bizim idman sahəsində ən böyük nailiyyətimiz keçən Yay Olimpiya Oyunlarında qazanılmış qələbədir. Medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerə layiq görülmüşdür. Bu, tarixi qələbədir və bu, təsadüfi qələbə deyil. Çünki ondan bir il əvvəl - 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarında Azərbaycan komanda hesabında ikinci yerə qalxmışdır".
Dünya və islam aləmi üçün çox önəmli idman yarışmasının ölkəmizdə təşkili dünya miqyasında nüfuzumuzun göstəricisidir. Daha sonra Azərbaycan velosiped idmanının BMX növü üzrə dünya çempionatını, "Formula-1" yarışlarını və və digər oyunları uğurla keçirdi. Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresi, Dünya Antidopinq Agentliyinin Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclası, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumu çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar və digər mühüm beynəlxalq turnirlər və tədbirlər yüksək səviyyədə təşkil olundu. Cari il aprelin 26-28-də Bədii Gimnastika üzrə Dünya Kuboku, mayın 17-19-da isə bu növdə Avropa Çempionatı respublikamızda keçirildi. Mayın 24-26-da qitənin ən güclü aerobika gimnastları paytaxtımızda toplaşdılar. Bakı "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi etdi. MDB ölkələri zəhmətkeşlərinin beynəlxalq V İdman Oyunlarında Azərbaycan idmançıları 37 medal - 9 qızıl,12 gümüş və 16 bürünc medal qazandılar.
"HAZIRDA BİZİM ANCAQ BÖLGƏLƏRDƏ 45 OLİMPİYA İDMAN MƏRKƏZİMİZ VAR"
Ölkəmiz keçirilən bütün beynəlxalq idman yarışlarına tam hazır vəziyyətdədir. Belə yarışların keçirilməsi və idmançılarımızın bu və ya digər yarışlarda qalib olması, onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Ölkəmizin mötəbər idman yarışlarını keçirməsinin arxasında da, məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. Cənab Prezident bilirib ki, idman mütəxəssisləri çox gözəl şəraitdə işləyirlər, idmançılar üçün də bütün şərait yaradılıb. Onların təlim-məşq toplanışları, beynəlxalq yarışlarda iştirakı və idmanla məşğul olmaları üçün yaxşı şərait yaradılıb: "Hazırda bizim ancaq bölgələrdə 45 Olimpiya İdman Mərkəzimiz var. Bu il bir mərkəz Beyləqan şəhərində mənim iştirakımla açılıbdır. İki Olimpiya İdman Mərkəzi açılışa hazırdır - Yardımlı və Tərtər rayonlarında. İki Olimpiya Mərkəzinin tikintisi davam etdirilir - Goranboy və Neftçala şəhərlərində. Yevlax şəhərində Olimpiya Mərkəzinin layihələndirmə işləri başa çatıb və əminəm ki, yaxın zamanlarda onun inşası başlanacaq. Beləliklə, biz demək olar ki, hər bir rayonda müasir idman kompleksi istifadəyə verərək idmançılar üçün şərait yaratdıq. Bu, həm gənc idmançıların idman bölmələrində hazırlıq keçmələri, həm də şəhər və rayon sakinləri üçün gözəl imkandır".
Bu gün ölkəmizdə Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, Atletlər Kəndi və bir sıra idman qurğuları var.
"BİZİM GƏNCLƏRİMİZ, NƏİNKİ FİZİKİ CƏHƏTDƏN GÜCLÜDÜR, EYNİ ZAMANDA, ONLARIN İNTELLEKTUAL POTENSİALI DA ÇOX YÜKSƏKDİR"
Cənab Prezident çıxışında idman nailiyyətləri arasında şahmatçıların uğurlarını da qeyd edib. "...bu, onu göstərir ki, bizim gənclərimiz, nəinki fiziki cəhətdən güclüdür, eyni zamanda, onların intellektual potensialı da çox yüksəkdir. Bizim görkəmli şahmatçımız Teymur Rəcəbov Dünya Kubokunun qalibi olmuşdur. Bu, tarixi hadisədir. On altı yaşadək yeniyetmələrdən ibarət şahmat komandamız Dünya Şahmat Olimpiadasının qalibi olmuşdur. Bu da, onu təsdiqləyir ki, şahmata göstərilən diqqət, son illərdə rayonlarda şahmat məktəblərinin açılması öz nəticəsini verməkdədir".
Bu gün bölgələrimizdə dövlət başçısının çoxsaylı səfərləri çərçivəsində şahmat məktəblərinin açılışı, ənənəvi olaraq, proqrama salınıb. Ölkəmizdə fəaliyyət göstərən əksər şahmat məktəblərinin açılışında iştirak etdiyini qeyd edən Cənab Prezident, əfsuslar olsun ki, 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində bir çox şahmat məktəblərimizin təyinatının dəyişdirildiyini və o binaların özəlləşdirilmiş, orada ticarət obyektlərinın açıldığını da diqqətə çatdırıb: "Əlbəttə ki, bu, o vaxtkı rəhbərlik tərəfindən bizim intellektual potensialımıza vurulmuş böyük zərbə idi".
Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra şahmat məktəblərinin yenidən açılması prosesi başlamış və son illərdə bu proses geniş vüsət almışdır: "Mənim göstərişimlə rayonlarda yaradılmış gözəl şahmat məktəbləri fəaliyyət göstərir və beləliklə, gənc şahmatçılar yetişir".
Şahmatın çox məşhur, populyar idman növü olduğunu bildirən Prezident İlham Əliyev bu idman növünün insanların, uşaqların intellektual potensialını gücləndirdiyini vurğulayıb: "Məhz mənəvi dəyərlərimizə bağlı və böyük intellektual potensiala malik olan gənclər bizim gələcəyimizi, müstəqil Azərbaycanın uğurlu gələcəyini təmin edəcəklər. Ona görə gənclər fiziki cəhətdən güclü olmalıdırlar. Onların intellektual potensialı yüksək səviyyədə olmalıdır. Onlar milli dəyərlərə, Vətənə bağlı olmalıdırlar. İdman vətənpərvərlik hisslərini böyük dərəcədə artırır. Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru və milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var. Məhz buna görə, son illər ərzində, idmana çox böyük diqqət göstərilir".
İDMAN KÜTLƏVİ XARAKTER ALMASINDA MƏTBUAT ORQANLARI FƏALİYYƏTİNİ GÜCLƏNDİRMƏLİDİR
Dövlət başçısı çıxışında tövsiyə edərək bildirib ki, hər bir vətəndaş idmanla məşğul olsun. "Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq" deyən Cənab Prezident bunun çox böyük xeyri olduğunu və əgər belə olarsa, hər bir insanının öz həyatında bunu görəcəyini diqqətə çatdırıb: "Mən ümid edirəm ki, biz buna nail olacağıq. Çünki başqa sahələrdə mənim tövsiyələrim, artıq həyatda öz əksini tapır". Dövlət başçısı rayon mərkəzlərində və kəndlərdə yeni xəstəxanaların, tibb ocaqlarının açılışı zamanı dəfələrlə eyni məsələyə qayıdıb hər bir vətəndaşın ildə bir dəfə tibbi müayinədən keçməyi tövsiyə etdiyini bildirib: "Artıq bir neçə ildir ki, böyük maarifləndirmə və təbliğat işləri apararaq, vətəndaşların pulsuz müayinədən keçmələri üçün imkanlar yaratdıq. Bu il 5 milyondan çox Azərbaycan vətəndaşı pulsuz tibbi müayinədən keçibdir. Orada müayinədən keçən vətəndaşların əgər hər hansı bir xəstəliyi olarsa, dərhal müalicə edilir. Əgər rayon şəraitində buna imkan yoxdursa, Bakıya göndərilir və beləliklə, insanlar öz səhhətini qoruyurlar. Biz buna nail olmuşuq və deyə bilərəm ki, Azərbaycan bəlkə də dünyada dövlət tərəfindən bütün vətəndaşlara tibbi müayinədən keçmək şəraitinin yaradıldığı nadir ölkələrdən biridir. Əminəm ki, mənim hər bir insanın fiziki imkanlarına uyğun olaraq, idmanla məşğul olması barədə tövsiyəm də həyatda öz əksini tapacaq. Onda, hər bir insan görəcək ki, bunun nə qədər böyük faydası var. Bizim idman şöhrətimizi yüksəklərə qaldıran görkəmli idmançılarımıza da tövsiyə edirəm ki, onlar da bu maarifləndirmə işlərində fəal iştirak etsinlər. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, idman cəmiyyətləri və klublar idmanın kütləviliyini təmin etsinlər".
Bu gün ölkəmizdə ictimai istirahət zonalarının yaradıldığını, "Abad həyət" proqramı əsasında Bakı şəhərində onlarla həyətin abadlaşdırılaraq, orada idman meydançaları, o cümlədən, trenajorlar quraşdırıldığını diqqətə çəkib: "İndi hər bir insanın açıq havada idmanla məşğul olması üçün imkanlar var. Uşaqlar, böyüklər orada futbol, başqa oyunlar oynayırlar, trenajorlarda məşq edirlər. Bu, kütləvi xarakter almalıdır. O halda, millətimiz sağlam olacaq".
"Bizim mətbuat orqanları gərək bu sahədəki fəaliyyətini gücləndirsinlər" deyən Cənab İlham Əliyev bizim bəzi televiziya kanallarında aerobika və başqa fiziki fəallıqla bağlı verilişlərin olduğunu bildirib: "Bu verilişlərdə vətəndaşlara göstərilir ki, idmanın hansı növünü, hansı hərəkətləri ev şəraitində edə bilər. Amma hesab edirəm ki, bu, kifayət deyil. İdman kütləvi xarakter almalıdır, ona görə yox ki, biz daha çox medallar qazanmaq əzmindəyik, - halbuki bu da vacibdir, - ona görə ki, bizim millətimiz sağlam olsun, xəstələnməsin. İdmanla məşğul olan insanlar, buradakı idmançılar bunu öz həyatlarında görürlər. Baxmayaraq ki, iş qrafikim çox gərgindir, mən idmanla müntəzəm, fasiləsiz məşğul oluram. Bəlkə Azərbaycanda məndən çox işləyən adam yoxdur, ancaq buna baxmayaraq, vaxt tapıb idmanla müntəzəm məşğul oluram və bunun xeyrini görürəm. Ona görə mənim tövsiyəm budur. Əminəm ki, yaxın gələcəkdə mənim bu tövsiyələrim əsasında konkret təkliflər olacaqdır, idman kütləviliyi ilə bağlı geniş proqram tutulacaqdır".
Azərbaycan idman ölkəsi statusunu qoruyub-saxlamaq niyyətindədir. Odur ki, 2019-cu il ərizində və sonrakı illərdə Azərbaycan müxtəlif idman növlərini əhatə edən önəmli beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi edəcək. Bütün bunlar, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. Azərbaycanın mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi bu sahənin, eləcə də, həmin idman növlərinin inkişafına və idmanın kütləviliyinin təmin olunmasına xidmət edir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB