Politoloq: "ATƏT-in Minsk qrupunun əsas fəaliyyəti problemin həllinə nail olmaq yox, atəşkəs rejimini qoruyub saxlamaqdır"

Politoloq: "ATƏT-in Minsk qrupunun əsas fəaliyyəti problemin həllinə nail olmaq yox, atəşkəs rejimini qoruyub saxlamaqdır"

ATƏT-in Minsk qrupunun əsas fəaliyyəti problemin həllinə nail olmaq yox, 1994-cü ildən sonra yaranan atəşkəs rejimini qoruyub saxlamaqdır. Qurumun bütün cəhdləri, səfərləri, regionda danışıqlar aparması, cəbhə xəttinə səfərləri də belə qənaətə gəlməyə əsas verir. Onlar yalnız atəşkəsin saxlanılması və müharibənin baş verməməsində maraqlı olduqlarını nümayiş etdirirlər. Bundan uzağa gedən addımlar da atmırlar və yaxud da bunu bacarmırlar. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib. O, qeyd edib ki, qurumun faktaraşdırıcı missiyasının 2005-ci ildən üzə çıxardığı faktlar Ermənistanın mövqeyinin dəyişməsinə gətirib çıxarmadı: "Minsk qrupu sadəsə olaraq görüntü üçün iş görür və ayın axırı maaşlarını alırlar. Məvacibini alan zaman isə görüntü üçün səfərlərini və tərəflərlə apardıqları danışıqları nümayiş etdirirlər".

Politoloq hesab edir ki, indiki halda faktaraşdırıcı missiyanın hesabatının yubanaması da təsadüfi deyil: "Əslində tapılan faktlar Minsk qrupu həmsədrlərini belə bir qənaətə gətirib çıxarır ki, həmin faktlar əgər üzə çıxarılıb Ermənistan tərəfinə təqdim edilsə, ATƏT rəsmi İrəvana artıq ciddi təsir etmək məcburiyyətində olacaq. Belə görünür ki, bu təsiri yerinə yetirmək üçün qurumun imkanları olmadığından ikili standartdan çıxış edən siyasət aparır. Buna görə, maksimum şəkildə çalışırdılar ki, hesabat gec təqdim olunsun. Gec verilməsinin konkret izahı yox idi ki, niyə gecikir? Ən yaxşı halda texniki səbəbləri göstərirdilər. Lakin texniki səbəb də çox yaxşı halda bilinir ki, ictimaiyyət üçün deyilən sözdür. Bunun altında çox böyük siyasi səbəblər gizlənir. Yubanma təsadüfi deyil. Məqsədyönlü və planlı şəkildə reallaşıb. Tədricən onlar Ermənistanın mövqeyini dəyişməyə çalışırlar. Lakin onu da bacarmırlar. Və yaxud rəsmi İrəvanın mövqeyini dəyişmək iqtidarında deyillər. Onlar 9 yaşlı uşağın təmas xəttində ermənilər tərəfindən snayperlə qətli ilə bağlı erməni tərəfinin verdiyi yalan informasiyanı qəbul edirlər. Bu cavabla isə onlar öz işlərinin yekunlaşdığını hesab edirlər".

Bu cür hadisələrin Azərbaycan cəmiyyətində ATƏT-in Minsk qrupuna qarşı inamsızlığın yaranmasına gətirib çıxaracağını deyən politoloq hesab edir ki, Soçi görüşündən sonra münaqişənin həllində irəliləyişin əldə olunamasına ümid yaransa da: "Ağdamda 9 yaşlı uşağın qətli heç bir halda erməni siyasi rəhbərliyinin verdiyi bəyanatlarında həqiqətin olmadığını göstərdi. Əksinə beynəlxalq ictimai fikrə və daxili auditoriyaya hesablanan bəyanatlardır"- deyə, o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə