Əli Kərimlinin trolları bu dəfə İqbal Ağazadəni hədəfə aldılar MÜXALİFƏT

Əli Kərimlinin trolları bu dəfə İqbal Ağazadəni hədəfə aldılar MÜXALİFƏT

AXCP sədri və ətrafı boykot qərarına dəstək göstərməyən müxalifətçi namizədləri təhqir etdirir

AXCP sədri Əli Kərimlinin parlament seçkilərini boykot etməsi ilə yanaşı, seçkilərə gedəcək müxalifət təmsilçilərini də hədəfə alması artıq onun gündəlik peşəsinə çevrilib. Daha dəqiq desək, partiyasının və “Milli Şura”nın namizəd tapa bilməməsi, ümumiyyətlə, heç bir siyasi uğur qazanmamaq reallığını dərk edən cəbhəçi sədr gündəmdə qalmaq üçün müxtəlif üsullardan istifadə edir. Məsələn, onun seçkilərə qatılmaq qərarını vermiş müxalifət partiyaları təmsilçilərini hədəfə alması ilə yanaşı, müstəqil şəkildə seçkilərə gedəcək müxalifyönlü şəxslərdən öz dividenti üçün istifadə etməsi də bəlli olub. Buna misal olaraq, Bəxtiyar Hacıyevi göstərmək olar. Məlum olub ki, Bəxtiyar Hacıyev namizədliyini irəli sürməklə, birbaşa AXCP sədrinin sifarişlərini həyata keçirir.

Gültəkin Hacıbəyli Arif Hacılını quldur adlandırıb, İsa Qəmbər, İlqar Məmmədov da hədəfə düşüb

Yaxud, bir müddət əvvəl AXCP sədrinin birbaşa təlimatı əsasında “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəyli Müsavat başqanı Arif Hacılını quldur adlandırmışdı. O cümlədən, “MSDM”in sədri İsa Qəmbər, “REAL” partiyasının sədri İlqar Məmmədov da Kərimlinin söyüş, ittiham, təhqir maşınının təkərləri altında qaldılar. Bu məsələdə Gültəkin Hacıbəyli ilə yanaşı, “Milli Şura”nın digər üzvləri - Tofiq Yaqublu, Sevinc Osmanqızı, Qənimət Zahid də canfəşanlıq göstəriblər.

Trollar iş başında...

Daha bir ilginc məsələ Əli Kərimlinin növbəti dəfə “Ümid” partiyasının sədri İqbal Ağazadəni hədəfinə almaq cəhdidir. Belə ki, AXCP sədrinin yaxın ətrafından hesab olunan Nicat Abdullazadə “Facebook” səhifəsində status paylaşmaqla “Ümid” partiyasının sədri İqbal Ağazadəni ələ salıb, ona istehzalı münasibət sərgiləyib. O, yazıb: "Adam açıq-açığına deyir ki, ölkə prezidentinin siyasətini cəmiyyətə ən pis təqdim edən siz olmusunuz. Yəni məni seçin, görün, necə oyun çıxarıram. İqbal bəy, qadası, seçilmişdiniz də. Hətta MM-də səsləndirdiyiniz fikirlər belə göstərişlə ictimaiyyətə təqdim edilirdi. Siz camaatı avam yerinə qoymusuz? Bu mandat nə şirin imiş, İlahi!?
P.S. İqbal Agazadəni qınamaq istəməzdim. Çünki son üç prezident seçkilərində namizəd kimi iştirak edib və hər üçündə də İlham Əliyevi ilk təbrik edənlərdən olub. Nəəəm, vallah, qəribə-qəribə hadisələr baş verməkdədir”.

Məhz həmin statusdan sonra rəylər yazan Əli Kərimli trolları İ. Ağazadəni təhqir atəşinə tutaraq, onu müxalifətə xəyanət etməkdə, boykot qərarına dəstək verməməklə iqtidara işləməkdə, agentlikdə və s. olmayan məsələlərdə günahlandırıblar. Yəni məsələ budur ki, AXCP sədrinin boykot qərarına dəstək verməyən müxalifət düşərgəsi onun özünün və trollarının təhqir linçinə məruz qalırlar. Lakin daha bir maraqlı məsələ budur ki, ardıcıl trol hücumlarına məruz qalan qarşı tərəflər hələ ki, susurlar və ümumiyyətlə, Əli Kərimlinin həmin addımlarına qarşı cavab addımları atmırlar. Görünür, onlar AXCP sədrinin və ətrafının ucuz şoularına baş qatmaqdansa, parlament seçkilərinə qatılmağı daha üstün tuturlar ki, bu da əslində doğru seçimdir. Daha dəqiq desək, Əli Kərimlinin səviyyəsinə enmək onlar üçün siyasi ölüm ola bilər ki, bunu da çox yaxşı anlayırlar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə