Koçaryan Paşinyana qarşı mübarizə yolu seçib

Koçaryan Paşinyana qarşı mübarizə yolu seçib

“Biz mübarizəyə hazırıq və ədalət bərpa olunana qədər mübarizəmizi davam etdirəcəyik.” SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon atasının səhhətinə toxunarkən deyib.

Həbsdə olan sabiq prezidentin oğlu atanın səhhətində ciddi problem olmadığını deyib. "Əməliyyatdan sonra bəzi müayinələr aparmalıyıq. Ciddi bir şey yoxdur", deyə L.Koçaryan bildirib.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bu günlərdə İzmirlyan Tibb Mərkəzində əməliyyatdan sonrakı planlaşdırılmış tibbi müayinədən keçir. İkinci prezidentin ofisindən verilən məlumata görə, yaxın günlərdə ata Koçaryanın həmçinin bir xəstəxanada reabilitasiyasını davam etdirməsi barədə qərar da verilib.

Koçaryanın oğlu qeyd edib ki, vəkil Ayk Alumyanın bu günki məhkəmə iclasının bir hissəsinin bağlı qapılar arxasında keçirilməsini xahiş etdiyini bilmir.

"Bu mənim üçün anlaşılmazdır", deyə Levon Koçaryan narazılığını gizlətməyib. Onun sözlərinə görə, bu vəziyyətdə hakimiyyət öz istəyini açıq şəkildə diktə edir. İkinci prezidentin oğlu qeyd edib ki, Robert Koçaryan təcridxanada yeni ili qeyd etməyə də hazırdır.

“Bu bir mübarizədir, biz də bir mübarizədəyik. Başa düşürük ki, hökumət öz iradəsini diktə edir və məhkəmə sisteminin bir hissəsi hələ də bütün bunlara tabedir. Döyüşməyə hazırıq, ədalət bərpa olunana qədər, sona qədər mübarizəmizi davam etdirəcəyik", deyə L.Koçaryan öz fikirlərini açıq şəkildə ifadə edib.

Xatırladaq ki, Koçaryan oktyabrın 21-də əməliyyat edilib və sonra yenə də cəza çəkmə müəssisəsinə qaytarılıb.

Göründüyü kimi, Paşinyan hakimiyyətinə qarşı mübarizə yolu seçilib və mübarizənin sona qədər davam etdiriləcəyi qənaəti belə gizlədilmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə