Elçin Mirzəbəyli: "Güney Azərbaycan türklərinin istədikləri haqlara sahib olmasının yolu İranın bütövlükdə demokratikləşməsindən keçir"

Elçin Mirzəbəyli: "Güney Azərbaycan türklərinin istədikləri haqlara sahib olmasının yolu İranın bütövlükdə demokratikləşməsindən keçir"

Bu gün Bakıda İrandakı insan haqlarının vəziyyətiylə bağlı keçirilən mətbuat konfransında Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Ağrı Qaradağlı bildirib ki, Güney Azərbaycan tükləri İran müxalifətinin "yaşıl hərəkat"ına dəstək verməməlidirlər.

 

Ağrı Qaradağlı bu hərəkatın türklərə müsbət təsiri olmayacağını bildirib. Onun qənaətinə görə, soydaşlarımız Müstəqil Güney Azərbaycan dövlətinin qurulmasına nail olmaq üçün daxili proseslərə qoşulmamalıdırlar.

 

SİA-nın xəbərinə görə, GAMOH təmsilçisinin fikirlərinə münasibət bildirən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bu yanaşmanın kökündən yanlış olduğunu bildirib: "İrandakı demokratik proseslərə dəstək verilməməsi ilə bağlı çağırışlar olduqca zərərlidir və indiki halda fars-molla rejiminin maraqlarına xidmət edir".

 

Elçin Mirzəbəyli Güney Azərbaycan türklərinin gələcəkdə öz haqlarına sahib olmaları üçün İranda cərəyan edən demokratik proseslərə dəstək vermələrinin həyati əhəmiyyət daşıdığını bildirib: "Yalnız demokratik cəmiyyətlərdə fərdlər və xalqlar öz hüquq və azadlıqlarını təmin edə bilərlər. İranın indiki rejimi isə təkcə Azərbaycan türklərinin yox, insan hüquq və azadlıqlarının, humanizm prinsiplərinin və bütün yüksək dəyərlərin düşmənidir. Bu baxımdan, ilk növbədə fars-molla rejiminin hakimiyyətinə son qoyulmalı, demokratik dövlət quruluşuna keçid təmin edilməlidir. Bundan sonra isə İrandakı çoxluğun, yəni Azərbaycan türklərinin öz müqəddaratlarını təmin etmələri üçün müxtəlif və daha ağrısız imkanlar yaranacaq".


 

BAXCP təmsilçisi öz fikirlərinin təsdiqi üçün keçmiş Çexoslavakiyanı nümunə gətirib: "Totalitar sosializm sisteminin çöküşündən və Çexoslavakiyada demokratik sistem bərqərar olduqdan sonra çexlər və slovaklar olduqca sivil bir şəkildə ayrılaraq öz dövlətlərini qurdular. Hazırda hər iki dövlət olduqca yaxından əməkdaşlıq edirlər. Eyni təcrübənin İranda da həyata keçməsi tamamilə mümkündür".


 

Elçin Mirzəbəyli Güney Azərbaycan türkləri ilə bağlı məsələyə fərqli və daha real yanaşmanın tərəfdarı olduğunu vurğulayıb: "İran farsları dövləti deyil. Məsələni bu şəkildə qoymaq kökündən yanlışdır. Azərbaycan türkləri tərkcə coğrafi baxımdan Güney Azərbaycan adlanan ərazinin yox, bütün İranın sahibləridir. Əsrlər boyu bu torpaqlar Azərbaycan türklərinin qanı-canı bahasına qorunub saxlanılıb. İran tarixinin bütün şərəfli səhifələri Azərbaycan türklərilə bağlıdır. Buna görə də azərbaycanlılar demokratik proseslərin ön cərgəsində getməli və gələcəkdə bu ölkədə yaşayan digər xalqların, o cümlədən farsların da öz müqəddaratlarını təyin etmə modelini məhz Azərbaycan türkləri müəyyənləşdirməlidir. Bilirsiniz, emosianal və pafoslu bəyanatlar cəlbedici görünə bilər, amma bu o demək deyil ki, yüksək tonla səsləndirilən fikirlər milli maraqlara daha çox xidmət edir. Biz ən azı ötən yüzildə baş verən hadisələrin - Səttərxan, Xiyabani, Pişəvəri hərəkatlarının nəticələrini göz önünə almalıyıq. Əgər alarsaq, o zaman millətimiz üçün önəmli bir nəticə əldə edə bilərik: Güney Azərbaycan türklərinin öz arzuladıqları, istədikləri haqlara sahib olmasının yolu İranın bütövlükdə demokratikləşməsindən keçir".

Bütün xəbərlər Facebook səhifəmizdə