AXP sədri AXCP-Müsavat qarşıdurmasının güclənəcəyi anonsunu verdi

Pənah Hüseyn: “Problemlər istisna deyil”

Parlament seçkiləri ərəfəsində müxalifətin radikal qanadında baş verən hadisələr həm də belə qənaətə gəlməyə əsas verir ki, bu seçkilər düşərgə daxilində gərginliklər yaşadacaq. Daha dəqiq desək, seçkilərə qatılmayacaqlarını bəyan edən AXCP-“Milli Şura” cütlüyü və oradakı cırtdan partiyalar seçkilərə gedəcəklərini bəyan edən digər müxalifət partiyalarını, xüsusilə əzəli düşmənləri hesab edilən Müsavatı “demokratik düşərgəyə” xəyanətdə ittiham edirlər.

AXCP sədri Əli Kərimli və onun “Milli Şura”dakı əlaltıları müsavatçıların bostanına daş atmağa başlayıblar

Belə ki, daha əvvəlki seçkilərdə boykot taktikasının nəticə vermədiyini, əksinə bu taktikanın partiyalar üçün ciddi fəsadlar yaşatdığını anlayan bir sıra müxalifət partiyaları, əsasən də Müsavat partiyasının rəhbərliyi onsuz da zəif durumda olan təşkilatın daha ağır vəziyyətə düşməməsi üçün seçkilərə qatılmaq qərarını verib. Bu qərardan sonra isə AXCP sədri Əli Kərimli və onun “Milli Şura”dakı əlaltıları müsavatçıların bostanına daş atmağa başlayıblar. Hətta müsavatçıların “Milli Şura”nın sıralarını tərk etdikləri vaxtları da xatırladaraq, onların xəmirlərinin xəyanətlə yoğrulduğunu müxtəlif vasitələrlə bildirirlər.
Bu arada, parlament seçkilərinə qatılmaq qərarını vermiş Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn də istisna etmir ki, qarşıdurmalar şiddətlənəcək, hətta seçkilərə qatılıb-qatılmayan siyasi təşkilatlar arasında savaşlar yaranacaq.

“AXCP seçkilərdə iştirak etməməklə bağlı qərar qəbul edib, Müsavat partiyası isə seçkilərdə iştirak etməklə bağlı qərar qəbul edib”

Ümumiyyətlə, müxalif partiyaların seçkilərlə bağlı fərqli müansibət sərgilədiyini deyən AXCP sədri bildirib: “Müxalifətdəki partiyalar seçkilərə bağlı fərqli mövqe ortaya qoyub. AXCP seçkilərdə iştirak etməməklə bağlı qərar qəbul edib, Müsavat partiyası isə seçkilərdə iştirak etməklə bağlı qərar qəbul edib. Seçkilərdə iştirakla bağlı bu cür fərqli mövqe müəyyən ayrılıqlara səbəb olur. Bu baxımdan bu seçkilərin müxalifətdaxili münasibətlərdə müəyyən problemlər yaratması istisna deyil. Çalışmaq lazımdır ki, bu fəsadlar mümkün qədər az olsun”.
Lakin fəsadların qarşısının alınması üçün nə qədər cəhdlər göstərilərsə belə, onların qarşısını almaq qeyri-mümkün görünür. Çünki fakt həm də ondadır ki, uzun illərdir birləşib-ayrılan partiyalar sırasına daxil olan AXCP-Müsavatın barışmaq, bir araya gəlmək, yaxud eyni mövqedən çıxış etmək şansları sıfıra bərabərdir. Bu baxımdan, şiddətli qarşıdurmaların anonsunu verən P.Hüseyn əslində doğru nəticə çıxarıb və düşərgədaxili savaşlar istər seçkilər öncəsi, istərsə də seçkilərdən sonra davam edəcək,

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...