Əli İnsanov yenə “batdı” MÜXALİFƏT

Eks-nazirin gopu “HƏP”indən çoxdur

Sabiq səhiyyə naziri Əli İnsanovun “HƏP” (“Hqq və Ədalət”) adlı siyasi təşkilatının ölü doğulması faktı artıq özünü sübuta yetirib. Daha dəqiq desək, onun “bəh-bəhlə” bir neçə dəfə bəyanatlar verməsi, hətta Müsavat partiyasının qərargahında tamadalıq edib, Qərbə yalaqlanması elə oradaca qaldı. SİA xəbər verir ki, Ə.İnsanov digər müxalifət partiyalarından quruca sözlərdən başqa heç bir siyasi dəstək ala bilmədi. Əksinə, Ə.İnsanovun gopu “HƏP”indən daha çox oldu.

Bu, həm də onun və “partiyasının” perspektivsizliyini isbatlamış oldu

Lakin daha bir məqam budur ki, cəmiyyətdə tanınmayan insanlarla “təsisçilər” adı altında foto çəkdirməklə, bunu sosial şəbəkələrdə yayan eks-nazir birdaha sübut etdi ki, onun ətrafındakıların hər biri xəyanətkar, korrupsioner və ümumiyyətlə, cəmiyyətə yararsız fərdlərdirlər. Bu, həm də onun və “partiyasının” perspektivsizliyini də isbatlamış oldu.

O da sirr deyil ki, əgər istənilən siyasi təşkilat yaranırsa, həmin təşkilat özünü cəmiyyətə tanıtması, siyasi maraq və ideyalarını ətrafa izah etməsi üçün illər sərf etməlidir. Lakin Ə.İnsanovun buna nə sosial bazası, nə siyasi gücü, nə də yaşı imkan vermir. Bir ayağı burada, o biri ayağı gorda olanın isə ümumiyyətlə, siyasi divident arxasınca getməsi sadəcə, istehza xarakteri bağışlayır. Bütün bunlar isə faktdır və bu fakt danılmazdır ki, gopa, yalana söykənə-söykənə “HƏP” elə birdəfəlik tez-tez dəyişən siyasi gündəmdə əriyib-bitəcək.

AXCP və Müsavatın Əli İnsanova dəstək göstərmələri qeyri-mümkündür

Bu arada onu da xatırlatmaq olar ki, bu gün özlərini müxalifətin “anası” kimi zorla ictimai rəyə sırıyan AXCP, Müsavat kimi partiyalar da heç vaxt istəməzlər ki, “HƏP” düşərgədəki rıçaqları əlinə keçirib, onların üzərindən adlasın. Məsələn, ömrü boyu digər müxalifət partiyalarına quyu qazan AXCP rəhbərliyi, Müsavat başqanlığının birdən-birə Ə. İnsanova dəstək göstərmələri ümumiyyətlə, qeyri-mümkün görünür. Onun Müsavat partiyasının qərargahında tədbir keçirməsinə imkanın verilməsi isə, sadəcə görüntü xarakteri daşıyır .

AMİP: “Siyasi səhnədə olmayan bir partiya bizim diqqət mərkəzimizdə deyil”

Bu arada, düşərgənin digər cinahında olan müxalifət partiyaları da “HƏP”in bu və ya digər şəkildə ölkənin siyasi gündəminə təsir edə biləcək gücünün olmadığını bildirirlər. Belə ki, buna misal olaraq, AMİP-i göstərmək olar.

Sözügedən məsələ ilə bağlı mətbuata açıqlama verən partiyanın katibi Əli Orucova görə, olmayan partiya haqqında danışmaq qeyri-ciddi səslənərdi. “Əgər söhbət sabiq səhiyyə naziri Əli İnsanovdan gedirsə, onun da mövqeyi, seçəcəyi siyasi tərəfdaşları təxminən məlumdur və Müsavat partiyasının qərargahında iki dəfə toplanıb, müzakirələr aparıblar”, xatırladan Ə.Orucov “HƏP”in ümumiyyətlə, ictimai rəydə maraq doğurmadığını, diqqəti mərkəzində olmadığını bildirib: “Ona görə də siyasi səhnədə olmayan bir partiya bizim diqqət mərkəzimizdə deyil”.

Beləliklə, fakt budur ki, bir ayağı bu dünyada, digər ayağı isə o biri dünyada olan Ə.İnsanovun “HƏP”i həqqətən də goplamalardan, yalan və palanlardan, eyforiyadan başqa bir şey deyil...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...