Saatlıda təbii fəlakət zamanı ziyan görən 2 məktəb əsaslı təmir olunur
Saatlıda ötən ilin may ayında baş vermiş təbii fəlakət nəticəsində su altında qalan 2 məktəbdə əsaslı təmir işləri aparılır. İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Kamil İmanovun SİA-nın Aran bürosuna verdiyi məlumata görə, Nərimankənddə Murad Mehbalıyev adına orta məktəb 1978-ci ildə tikilərək istifadəyə verilib. 480 yerlik olan məktəb 1 korpusdan, 2 mərtəbəli olaraq 26 sinif otağından ibarətdir. Fəlakət zamanı Sarı Su gölünün daşması və Araz çayının qurunt suları məktəbi qəza vəziyyətinə salıb. Ötən il avqustun 26-dan FHN tərəfindən əsaslı təmirinə başlanan məktəbin sinif otaqlarında və digər kabinetlərində işlər tamamlanıb.
Hazırda məktəbin həyətində Ana abidəsinin, Şəhidlər kompleksinin, N.Nərimanovun abidəsinin və binanın fəsad hissəsində tamamlanma işləri görülür. Dəllər kənd Vüqar Zeynalov adına ümumi orta 9 illik məktəbdə isə əsaslı təmir işləri görülür. Bu məktəb isə 1969-cu ildə istifadəyə verilərək 1 mərtəbəli olmaqla 8 sinifdən, 1 kitabxana və 1 müəllimlər otağından ibarətdir. Məktəbdə qəzalı vəziyyətin aradan qaldırılmasına FHN tərəfindən ötən ilin sentyabrından başlanılıb. Hər iki məktəbi Təhsil Nazirliyi lazım olan zəruri avadanlıqla təmin edib.
Məlumat üçün bildiririk ki, rayonda fəlakətdən ziyan çəkmiş vətəndaşlar üçün qəsəbə salınaraq 178 fərdi yaşayış evi tikilərək sahiblərinə təqdim edilib. Hal-hazırda 157 evin tikintisi davam edir. Saatlıda bundan başqa prezident İlham Əliyevin Sərəncamına əsasən ayrılan vəsait hesabına Saatlı və İmişli rayonlarını birləşdirən kəsə yol çəkilir. Yolun giriş hissəsində 6 min ağac əkilib. Tikintini "İstehsalat tikinti mexaniki" şirkəti həyata keçirir. Bu yol Saatlının Musalı və Məzrəli kəndlərinin ərazisindən keçəcək. Rayon ərazisində yolun uzunluğu 17 km-dir. Hal-hazırda yolda 2 qatın hazırlığı işləri gedir. 1 qat üzlük çəkildikdən sonra asfalt örtük döşənəcək. Asfalt öncə 7 sm sonra üstündən 5 sm də döşənəcəkdir. Ümumilikdə asfaltın qalınlığı 12 sm olacaqdır. Havanın qeyri sabit keçməsinə baxmayaraq işlər sürətlə davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB