İlqar Məmmədov-Əli Kərimli qarşıdurması yeni mərhələdə QARŞIDURMA

“REAL” AXCP-ni hədəfə alıb

“REAL” partiyasının sədri İlqar Məmmədov hələ həbsdə olarkən, daha doğru desək, 2018-ci ilin prezident seçkisindən öncə, sosial şəbəkələrdə ona qarşı kampaniya düzənləyən AXCP sədri Əli Kərimli bu dəfə özü qarşı tərəfin siyasi hücumlarına məruz qalıb. Məsələ ondadır ki, “əvəz-əvəz” prinsipi ilə qarşıdurmalara gedən tərəflər bir-birlərində hər an səhv tutmağa və bu səhv üzərində zərbələr endirməyə çaslışırlar. Məsələn, belə olanda cəbhəçilər İ.Məmmədovun dəstəkləndiyini deyir, minnət qoyurlar. Bu baxımdan, indi də görünür, növbə “REAL”ın olub.

Natiq Cəfərli: “Müxalifətdəki abı-hava kimlərəsə sərf etsə də, “REAL”a əsla sərf edə bilməz”

“REAL”çıların AXCP-yə ittihamlardan biri də budur ki, Ə.Kərimli məqsədli şəkildə şoular düzəldib və bununla gündəmə gəlir. Məsələ ilə bağlı mətbuata açıqlama verən REAL-ın icraçı katibi Natiq Cəfərli AXCP-nin minnət və ittihamlarına cavab olaraq qeyd edib ki, İ.Məmmədovun həbsi zamanı Ə.Kərimli onun məhkəməsinə məhz bir il sonra qatılıb. Məhz bu amili önə sürən “REAL” partiyasının funksioneri AXCP üzvləri tərəfindən səsləndirilən ittihamların heç bir əsasının olmadığını deyib və bəyanatın verilməməsində hər hansı bir qəbahətin olmadığını bildirib. “Burada heç bir problem görmürəm”, Cəfərli deyib. Maraqlı məqamlardan biri də budur ki, “REAL” təmsilçisi müxalifətin radikalizmlə bağlı hər hansı bir uğur əldə edə bilməyəcəyini də deyib və qeyd edib ki, onlar bu kimi siyasi fəaliyyəti AXCP-dən fərqli olaraq rədd edirlər. Əbəs deyil ki, N.Cəfərli Ə.Kərimlinin gündəmdə qalması üçün bu planı realizə etmək fikrinə düşdüyünü bildirib: “Siyasəti qorxulu bir sənət, iş, həbslər, təqiblər kimi təqdim etməyi artıq 26 ildir görürük. Bu cür hallar xalqın siyasətdən daha da kənarda qalmalarına səbəb olur... Hazırda müxalifətdəki abı-hava kimlərəsə sərf etsə də, “REAL”a əsla sərf edə bilməz”.

Göründüyü kimi, bu qarşıdurmanın davam edəcəyi hələ bir neçə ay öncədən də proqnozlaşdırılırdı. Sadəcə, tərəflər bir müddət kənara çəkilərək, yeni ittihamlar üzərində “baş sındırıblar”. Ancaq bu kimi “başsındırmalar” düşərgənin özünün çanağında çatlayıb.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə