Azərbaycanı digər ölkələrdən fərqləndirən dövlətimizin balanslı siyasət yeritməsidir – DEBAT (SƏSTV)
Ölkədə baş verən son ictimai-siyasi hadisələrin müzakirəsində iştirak edən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı, Azərbaycan Xalq Partiyasının qurucusu Pənah Hüseyn və Müsavat partiyasının üzvü, eks-millət vəkili Aynur Camalqızı bu gün SƏS TV-də baş tutan debatda iştirak ediblər.
Azərbaycan prezidentinin keçirdiyi müşavirələrdə ölkə həyatında baş verən iqtisadi inkişafa mane olan neqativ halların aradan qaldırılmasına münasibət bildirən Fəzail Ağamalı:
- Ölkə prezidentinin yanvar ayından başlayaraq keçirdiyi iclaslarda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin aparılması haqda qəti göstərişlər verməsi, bununla bağlı həm dövlət qurumlarını, həm də xalqımızı bu neqativ hala qarşı mübarizəyə səsləməsi cəmiyyətdə kifayət qədər fəallıq yaradıb. Bu gün isə istər ölkə prezidenti və onun siyasi komandası, istərsə ölkə prezidentinin siyasi kursunu müdafiə edən siyasi partiyalar, istərsə də Yeni Azərbaycan Partiyası prezidentin bu müraciətinə və atmış olduğu addımlara birmənalı şəkildə dəstək verməkdədirlər. Bu yaxınlarda seçildiyim Salyan rayonunun kəndlərindən birində seçicilərlə görüş keçirdik. İlk görüşüm fevralın sonunda olub. Bir neçə gün öncə də həmin seçimlərlə görüşlərimi davam etdirdim. Oradakı insanlar ölkə prezidentinin bu addımlarını birmənalı şəkildə dəstəkləyir və müdafiə edir. Onlar da bəzi özbaşına məmurların bu niyyətlərinə son qoymaq üçün belə bir addımın atılmasının artıq vaxtın çatdığını birmənalı şəkildə bildirirlər. Bununla yanaşı ölkə prezidentinin atmış olduğu bu addım iqtidara müxalif olan digər siyasi qüvvələrin də fəallaşmasına və onların başqa müstəvidə bu prosesə cəlb etməsinə gətirib çıxarır. Cəmiyyətdə ciddi xarakter daşıyan qarşıdurmalar yoxdur, əksinə cəmiyyətin özündə irəliləyiş var. Fəallıq birmənalı şəkildə hiss olunmaqdadır. Bu fəallığa başlıca impuls verən ölkə prezidentinin korrupsiya və rüşvətxorluğa qarşı aparmış olduğu mübarizədə öz iradəsinin ortaya qoymasıdır. Prezidentin atmış olduğu bu addım hökmən müsbət nəticəsini verəcək. Çünki prezident düşünülmüş şəkildə bu addımı atır və 2003-cü ildə prezident seçildiyi zamandan əsasını qoyduğu siyasəti indi daha açıq formada ortaya qoyur. Bu onu göstərir ki, prezidentimiz bu məsələdə çox qətiyyətlidir. Azərbaycan vətəndaşlarının borcu isə siyasi mövqeyindən asılı olmayaraq ölkəmizin problemlərinin həlində kifayət qədər baryerlər yaradan və dövlətimizə utanclıq gətirən bu eybəcərliyə qarşı vahid cəbhədə birləşməkdir.
- Prezidentlərin Soçi görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə deyilən fikirləri necə qiymətləndirirsiniz?
Azərbaycan Xalq Partiyasının yaradıcısı Pənah Hüseyn:
- İlk olaraq ölkədə baş verən ictimai siyasi məsələ haqqında öz fikrimi bildirmək istəyirəm. Azərbaycan çox ciddi siyasi və sosial-iqtisadi dəyişiklik şəraitindədir. Bu hal çox ciddi siyasi islahatlar tələb etdiyinə görə, islahatların aparılmasını tələb edir. Dünyada baş verən hadisələr heç bir halda Azərbaycanda baş verən prosesləri izləməyə imkan vermir. Bu hal təkcə Azərbaycanda baş verən hadisə deyil. Dünya növbəti demokratik inqilablar mərhələsini yaşayır. Bu dünyanın siyasi fəlsəfəsini dəyişdi. Bəzi toplumlar, xalqlar üçün demokratiya hələ tam yetişməyib. İdarə olunan demokratiya anlayışı var idi o zaman. Hətta o zaman inandırmağa çalışırdılar ki, Azərbaycanın özünün daxilindəki stabillik, təhlükəsizlik demokratiyanın bir qədər məhdudlaşdırılmasından keçir. Demokratiyanın məhdudlaşdırılması, islahatların aparılmaması çox dəhşətli bir partlayış effekti yaradır. Bir sıra ölkələr hətta Qəddafi ilə yaxınlıq etməyə başladılar. Azərbaycan xalqı demokratiya üçün çox yetişmiş bir xalqdır. Demokratik ənənələri olan bir cəmiyyətdir. Bunun üçün bizim intellektual xarakterdə olan potensialımız var. Güclü inkişaf edən siyasi şüurumuz var. Bu siyasi şüurun daşıyıcıları olan partiyalarımız da mövcuddur. Azərbaycanda minimum əmək haqlarını 2 dəfə artırmaq lazımdır. Bunun üçün 4-5 milyard kifayətdir ki, dediklərimizi həyata keçirək. Bu məbləği əldə etmək üçün dövlət qurumlarına müraciət etmək lazım deyil. Korrupsiyanın aradan qaldırılması bunun çıxış yoludur. Bu halda büdcəyə əlavə gəlirin daxil olmasına şərait yaradar.
Müsavat Partiyasının üzvü, eks-millət vəkili Aynur Camalqızı:
- Təbii ki, ölkədə islahatların aparılmasını yazılarımda dəfələrlə qeyd etmişəm. Ölkədə lazımi islahatlar aparılmalıdır, bəzi məmurlar var ki, onların sadəcə işdən azad olunması yox, həm də onların çox ciddi şəkildə cəzalandırılması vacibdir ki, bu digər məmurlar üçün də bir dərs olsun. İnsanlar işə götürüləndə ən azından dövlət qarşısında bir məsuliyyəti var ki, onlara əməl olunması çox vacibdir. Təbii ki, Azərbaycan da dünyanın ayrılmaz bir hissəsidir və dünyada gedən proseslər də Azərbaycana təsir edir. Digər ölkələrdə baş verən ictimai- siyasi proseslərlə Azərbaycanı müqayisə etmək olmaz.
Pənah Hüseyn: - Onu da qeyd edim ki, Misir dəfələrlə Azərbaycan demokratlarının fikirlərini nümunə kimi gətiriblər.
Aynur Camalqızı: - Misirə yolu düşən hər bir kəs deyir ki, orada vəziyyət çox ağırdır.
Pənah Hüseyn: - Misirdəki ümumdaxili məhsulun nə qədər olduğunu deyim ki, orada adam başına düşən gəlir Azərbaycandan az idi. Əgər nələrisə deyiriksə onları faktlarla əsaslandıraq. Mən Azərbaycanla Misiri müqayisə etmək fikrində deyiləm.
Aynur Camalqızı: - Bir sıra ərəb ölkələrində gedən proseslər sadəcə xalqın qəzəbi və etirazı kimi ortaya çıxıb. Hətta Vikelaks sənədlərinin ortaya çıxmasından sonra ərəb ölkələrində gedən məlum proseslərdə kənar qüvvələrin əli var.
Pənah Hüseyn: - Əgər dediyiniz kimi bu işlərin içində əllər varsa, o zaman vay bizimkilərin halına.
Aynur Camalqızı: - Düşünmürəm ki, o inqilablar bu xalqları ağ günə çıxardacaq.
Pənah Hüseyn: - Səddam Hüseynin ucbatından o qədər böyük İraq mədəniyyətini batırdılar. Onun günahı üzündən neçə milyon insan həyatını itirdi. Onun rejiminin nəticəsi idi ki, xaricilər imkan tapdılar ki, İraq neftinə sahib olsunlar. Bizim də dərdimiz bax budur. Biz çalışaq ki, Səddam Hüseyn olmayaq. Çalışaq ki, normal şəkildə açıq bir cəmiyyət yaradaq. Ona görə ki, xarici qüvvələr bizim sərvətlərimizi talan edə bilməsin.
Aynur Camalqızı: - Azərbaycanın həmin ölkələrdən fərqi odur ki, bizim dövlət balanslı bir siyasət yeridir. Azərbaycanı heç vaxt digər ərəb ölkələri ilə müqayisə etmək olmaz. Konkret olaraq ölkədəki bu ictimai- siyasi durumuna gəlincə isə düşünmürəm ki, müxalifətin tərəfdarları ölkədə ciddi dəyişiklərə gətirəcək addımlar ata bilərlər. Azərbaycan cəmiyyətində radikallıq əhval ruhiyyəsini hiss etmirəm. Misal olaraq radikal qəzetlərdən olan "Azadlıq" qəzetinin tirajı 4 mindən çoxdur.
Pənah Hüseyn: - Yanlış düşünürsünüz. Sizin dediyinizdən 2 dəfə çoxdur. Ölkədə mətbuat üçün normal şərait olsun. Azərbaycanda ən radikal dediyiniz qəzetlərin o qədər sayda olması normaldır?
Fəzail Ağamalı: - Hər bir cəmiyyətdə çalışmaq lazımdır ki, buxar qazanı partlamasın. Pənah Hüseynovun dediklərində yetərincə ədalətsiz yanaşmalar var. Misal olaraq, ötən dəfəki parlament seçkilərində parlamenti izləyən beynəlxalq təşkilatların mütləq əksəriyyəti seçkilərin azad və ədalətli keçdiyini etiraf etdi. Yalnız ATƏT-in Varşavada yerləşən insan haqqları və hüquqları təşkilatı bu seçkilərin nəticəsini tanımadı. Ola bilsin ki, bəzi seçki məntəqələrində saxtakarlığa yol verilib. Ancaq mahiyyət etibarı ilə Azərbaycanda keçirilən seçkilər azad və ədalətli olub. Onu da qeyd edim ki, Azərbaycanı digər ərəb ölkələri ilə müqayisə etmək kökündən yanlış bir məsələdir. Azərbaycan dünyadan təcrid olunan ölkə deyil. Azərbaycan da başqa ölkələrdə baş verən hadisələrin təsirinə məruz qala bilər. Lakin bu təsir cəmiyyətdəki proseslərə təsir etmək imkanına malikdir, ya yox? Deyərdim ki, yox. Çünki Azərbaycanın kifayət qədər sosial-iqtisadi inkişafı var. Prezidentin hazırda apardığı işlər sizin dediyiniz həmin rüşvətxor məmurları işlərindən uzaqlaşdıracaq, hətta onları cinayət məsuliyyətinə cəlb edəcəklər. Proses artıq başlayıb və nəticənin yaxşı olması üçün zamana ehtiyac var. Anlamaq lazımdır ki, nə rüşvət vermək, nə də ki, almaq olmaz.
- Müxalifət partiyaları bu məsələdə Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq edə bilərlərmi?
Aynur Camalqızı: - Münasibətlərin normal məcraya yönəldilməsi, ümumiyyətlə, iqtidar-müxalifət münasibətlərinin yumşaldılması üçün dialoqların aparılması çox vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB