ATƏT-in hazırkı sədri: “Soçidən sonra "yanmış körpülərin" bərpa olunmasına ümid yaranıb”

ATƏT-in hazırkı sədri: “Soçidən sonra "yanmış körpülərin" bərpa olunmasına ümid yaranıb”

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində gələcək danışıqların daha perspektivli olması üçün qapıları açıb. SİA-nın xəbərinə görə, bunu ATƏT-in hazırkı sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransında deyib: "Hazırda əsas məsələ danışıqların irəliləməsinə mane olan əngəllərin aradan qaldırılmasıdır. Eyni zamanda Litvanın ATƏT-dəki sədrliyinin prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır və bu məsələ bu gün Azərbaycan rəsmiləri ilə müzakirə edilib", Audronyus Ajubalis əlavə edib.


Onun sözlərinə görə, hazırda ATƏT-in bütün üzv ölkələri münaqişə ilə bağlı mövqelərini açıq şəkildə bildirməlidir. Eyni zamanda A. Ajubalis münaqişə tərəflərini snayperləri cəbhə xəttindən çıxarmağa çağırıb: "Elmar Məmmədyarovla son günlər cəbhə xəttində baş verən insidentlərlə bağlı danışıqlar apardıq. Soçidən sonra "yanmış körpülərin" bərpa olunmasına ümid yaranıb. Bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər"


A. Ajubalis eyni zamanda Azərbaycan hakimiyyətinin "Diffamasiya haqqında" qanunun qəbul edilməsində göstərdiyi səylərini müsbət qarşıladığını deyib: "Bu proses başlayıb və güman edirik ki, uğurla başa çatacaq. Söz azadlığı Litvanın ATƏT-dəki sədrliyinin prioritetlərindən biridir"

Bütün xəbərlər Facebook səhifəmizdə