İslahata daha çox ehtiyacı olan siyasi düşərgə - müxalifət ANALITIK

İslahata daha çox ehtiyacı olan siyasi düşərgə - müxalifət ANALITIK

Bəs müxalifət hansı addımları atacaq?

Ölkəmiz yeni və daha müasir siyasi, sosial, iqtisadi və striktur islahatlarına qədəm qoyub və bu sıralamada daha bir addım noyabrın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının Prezidentə parlamentin buraxılması, eləcə də erkən seçkilərin keçirilməsi ilə bağlı müraciətləri, dekabrın 2-də isə, bütövlükdə Milli Məclis deputatlarının əksər çoxluğunun dövlət başçısına sözügedən təşəbbüs fonunda etdikləri müraciətləridir. Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.

Artıq o da məlumdur ki, Prezident İlham Əliyev Ona ediən müraciətləri nəzərə alaraq, parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Palatasınnın növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb. Sorğuya Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də saat 12:00-a təyin edilmiş iclasına baxılacaq.

Radikallardan fərqli olaraq, konstruktiv müxalifət nə düşünür?

Lakin ortada digər məqam da var - islahatçı hakimiyyətin yeniləşməyə doğru dinamik fəaliyyəti ilə yanaşı, struktur islahatlarında da köklü dəyişikliklər etməsi faktı. Bu baxımdan, daim hakimiyyətə qarşı radikal, qaragüruh, məntiqsiz və əsassız ittihamlarla çıxış edən sözdə müxalifət “liderlərinin” həmin yeniləşməyə barmaqrarası baxması, yersiz iddialarla gündəmdə qalmaq cəhdləri elə sağlam düşüncəli ictimai rəy tərəfindən də hiddətlə qarşılanır. Belə ki, radikal təfəkkürə, dağıdıcılıq düşüncəsinə malik olan sözdə müxalifət anlamalıdır ki, 27 ilə yaxındır düşərgədə var-gəl edən “liderlər” getməli, onları yeni fikirli, sivil siyasi prinsiplərə malik olan gənclər əvəzləməlidirlər. Ancaq bütün bunların yerinə, radikallar dövlət rəhbərliyi tərəfindən qəbul edilən, xüsusilə xalqın maraqlarına cavab verən qərarlara qarşı mənfur düşüncələrini irəli sürürlər. Çünki yaxşı anlayırlar ki, hətta erkən seçkilərdə belə uduzacaqlar, xalqdan heç bir dəstək ala bilməyəcəklər. Hansı ki, radikalçılıq, dağıdıcılıq təfəkkürünə malik olan müxalifət partiya və s. siyasi təşkilatlardan fərqli olaraq, konstruktivlik mövqeyi sərgiləyən müxalifət partiyaları növbədənkənar seçkilərə qədər növbəti iqtidar-müxalifət dialoqunun keçirilməsinin tərəfdarı oldqularını qeyd edirlər.

AMİP: “Müxalifətdə də islahatlara zərurət var”

Misal üçün, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) katibi Əli Orucov dialoq mühitinin olmasını çox vacib sayır. Onun sözlərinə görə, müxalifətin də özünə görə məsuliyyəti var. “Dialoq mühiti həm də ona görə vacibdir ki, ölkənin problemlərinin həlli, qarşılıqlı etimad və inamın yaranması istiqamətində bir çox maneələri aradan qaldırmaq mümkün olar”, deyə qeyd edən AMİP yetkilisi əlavə edib ki, bəziləri – özlərini “ana müxalifət partiyası” kimi təqdim edən “liderlər” yanlış olaraq iqtidar-müxalifət dialoqunu bazarlaşma kimi ictimaiyyətə təqdim etməyə çalışırlar. “Qardaş Türkiyənin təcrübəsindəki iqtidar-müxalifət münasibətləri, iqtidar-müxalifət dialoqu bizim üçün də bir nümunə ola bilər”, deyə qeyd edən Əli Orucova görə, sivil cəmiyyətlərdə bu müzakirələr və problemlərin həlli yolları küçələrdə, meydanlarda, internet resurslarında söyüş və təhqirlərdə deyil, parlamentlərdə, yaxud masa arxasında aparılır: “Təsadüfi deyil ki, Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyində çıxışı zamanı toxunduğu məsələlərdən biri də bizi istəməyən qüvvələrin Azərbaycana qarşı atdığı və planlaşdırdığı məkrli niyyətləri barədə olub”.

AMİP-in funksioneri müxalifətdə də islahatların aparılması vacibliyinə toxunaraq bildirib ki, belə islahatlara ciddi zərurət var.

AVP: “Bu gün “Milli Şura”nın yaymış olduğu cəfəng bəyanatda göstərilənlərin heç bir əsası yoxdur”

Bu arada, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı mətbuata açıqlamasında bildirib ki, dialoqlar keçirilib və artıq növbəti dialoqa ehtiyac yoxdur. Daha dəqiq desək, radikal və dağıdıcı müxalifətin təmsilçisi olan “Milli Şura”nın digər məsələlər ətrafında bəyanat səsləndirməsi də yersiz və gülüncdür: “Kim düşünürsə ki, Seçki Məcəlləsinə dəyişiklik etmək lazımdır, yanılır. Bu gün “Milli Şura”nın yaymış olduğu cəfəng bəyanatda göstərilənlərin heç bir əsası yoxdur. Düşünürəm ki, bunlar qeyri-real yanaşmalardır. Əslində “Milli Şura”, onun çətiri altında öz fikirlərini ifadə edən Əli Kərimli qarşıdan gələn parlament seçkilərində məğlub olacağını dərk edərək, bu cür münasibət sərgiləyir. İndiki şəraitdə dəyirmi masanın keçirilməsinə heç bir ehtiyac yoxdur”.

Ənənəvi müxalifətin Azərbaycanda heç bir nüfuzlarının olmadığını da deyən F.Ağamalı onların sosial dayaqlarının demək olar ki, tam sıradan çıxdığını da xatırladıb: “Ancaq bəyanatlarla çıxış edirlər. Son olaraq, mühacir alverində çox ciddi zərbələr aldılar. Əgər bunlar sözün həqiqi mənasında özlərini çox ciddi müxalifət hesab edirlərsə, yanılırlar. Müxalifət düşərgəsində yer alan partiyaların tam əksəriyyəti seçkilərdə iştirak etmək niyyətindədir. Bunu mətbuatdan izləməkdəyik. Əgər radikal, ənənəvi müxalifət düşünürsə ki, onunla masa ətrafında əyləşib, Seçki Məcəlləsini qarşımıza qoyub, maddə-maddə müzakirə edib, dəyişikliklər aparacağıq, çox ciddi şəkildə yanılırlar”.

Beləliklə, fikirlər müxtəlif olsa da, fakt budur ki, radikal və dağıcıdılıq təfəkkürünə malik müxalifət reallaşdırıplan çoxşaxəli islahatlardan qorxuya düşüb və hətta xalq üçün, dövlət üçün atılan hər bir addımdan qıcıqlanırlar. Normal müxalif düşüncəyə malik olanlar isə, bu addımları dəstəkləyir və boş-boş bəyanatlar yaymağı doğru hesab etmir. Bütün hallarda isə, bu islahatlar nəticə olaraq, köhnəlmiş, naftalin qoxusu verən düşərgənin də sıradan çıxmasına şərait yaradacaq. Çünki ölkəmiz daha yeniləşməyə, daha tərəqqi etməyə doğru yol alıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə