Njdedən qəhrəman düzəltmək xəyanətdir ANALİZ

Njdedən qəhrəman düzəltmək xəyanətdir ANALİZ

Rusiya-Ermənistan münasibətlərindəki son hadisələr ortaq tarixi keçmişin fikir ayrılığında mədəni kimlik böhranını təsdiqləyir. "Njde" təxəllüslü, əslində isə, Qaregin Ter-Harutyunyan kimi tanınan bir erməni son vaxtlar daha çox diqqət mərkəzindədir. Ancaq bu diqqət indi yaranmayıb, son iyirmi il ərzində də olub.

Xəyanətkara Ermənistan paytaxtında abidə qurulması Moskvanı təəccübləndirib

Hadisələrin xronologiyası təsdiq edir ki, "Njde" ermənilərin özlərindən başqa heç kim üçün qəbuledilən olmayıb. 2016-cı ilin iyununda, yəni Ermənistandakı çevrilişdən hələ iki il əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Vehrmaxtla” əməkdaşlıq edən Qaregin Njdeyə abidənin İrəvanın mərkəzində qoyulmasını şərh edərkən bildirib ki, xəyanətkarın birinə Ermənistan paytaxtında abidənin qurulması Moskvanı təəccübləndirib.

Buna cavab olaraq, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, “Qaregin Njdeni anti-Rusiya fiquru kimi tanıtdırmaq çox gülüncdür. Onun sözlərinə görə, Njde, bütün həyatını Ermənistanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə həsr edən bir erməni lideridir.

Rusiyanın Sputnik nəşrinə verdiyi müsahibədə Şarmazanov əlavə edib ki, “Ermənistanın milli qəhrəmanı hesab olunan Qaregin Njdeni nasistlərlə müqayisə etmək tarixə nankorluqdur. Onun sözlərinə görə, Qaregin Njde heç vaxt nasistlərlə birləşməyib və heç kimə qarşı döyüşməyib və bu açıq-aşkar bir yalandır.

Xatırladaq ki, bir vaxtlar Njde Qaregin sorğu-sual zamanı özü bunu etiraf etmişdi və indi ermənilərin kimliyindən asılı olaraq buna don geyindirməyi özü gülünc səslənir.

Bunun ardınca bir vaxtlar hakim Respublika Partiyasının rəhbəri Vaqram Baqdasaryan Njdenin tərcümeyi-halını daha dərindən araşdırmağa çağırırdı.

“Rusiyanın Kolçak və digərlərini niyə bu qədər qəhrəmanlaşdırdığını nümunə göstərmək istəmirəm. Buna görə də, Rusiya tərəfdaşlarımızın bir qisminin Njdenin tərcümeyi-halı ilə daha yaxından tanış olması və bunun erməni xalqı üçün əhəmiyyətini başa düşməsi üçün materiallar hazırladıq", deyə o bildirib.

Qaregin Njde “faşist xaini” hesab olunur

2019-cu ildə Njde mövzusu Rusiya Xarici İşlər Nazirliyi tərəfindən davam etdirildi. Rusiyaya məxsus mətbuat əhifələri qeyd edir ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin bu mövqeyinə istinad edərək, Aşqabadda MDB Başçıları Şurasının iclasında Qaregin Njde ilə bağlı fikirlərini bildirib. Əliyev Ermənistanın əvvəlki hökuməti tərəfindən qəhrəmanlaşdırılmış Qaregin Njdeni “faşist xaini” adlandırıb.

Rusiya mətbuatı Nikol Paşinyanın Njde ilə bağlı fikirlərində səhv etdiyini, yaxud yanlışlığa yol verdiyini yazır. Hətta qeyd olunur ki, bu il noyabrın 12-də Armavirdə (Krasnodar diyarı), yerli şəhər dumasının deputatı Aleksey Vinoqradovun, Njdenin kilsə yaxınlığındakı həyətdə olan xatirə lövhəsini qara rənglə boyaması ictimai münasibətin təzahürüdür.

Doğrudur, Ermənistanın Moskvadakı səfirliyi bunu vandalizm kimi qələmə verməyə çalışıb. Amma, Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı və Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla münasibətlər komitəsinin sədri Leonid Kalaşnikovun Armavirdəki Njde xatirəsinin ləğv edilməsi üçün maksimum səy göstəriləcəyini vəd etməsi məsələnin heç də ermənilərin düşündüyü kimi olmadığını təsdiqləyir.

Armavirdəki hadisədən sonra Ermənistanın baş naziri Paşinyan məsələni bir daha qızışdırmağa çalışıb. Ötən həftə Rusiyalı jurnalistlərlə görüşündə Paşinyan deyib ki, o Rusiya hakimiyyəti ilə heç zaman ermənilərin qəhrəman hesab etdikləri Qaregin Njde barəsində müzakirələr aparmayıb. “Novorossiya”-nın redaktoru, jurnalist Stanislav Smaqinin Qaregin Njde ilə bağlı Rusiya və Ermənistanın birgə araşdırma aparması sualına cavab olaraq Paşinyan bunun heç bir mənası olmadığını deyərək boyun qaçırıb.

“Biz heç zaman Rusiya və Ermənistan münasibətlərində Njde mövzusunun şahidi olmamışıq. Düşünürük ki, bu Azərbaycan üçün maraqlıdır və Rusiyanın da bu məsələni aktuallaşdırmasına təəccüb edirik. Njde ermənilər üçün Türklərə qarşı vuruşan Baqramyan kimi bir milli qəhrəman hesab olunur. İndi söhbət gedir ki, Njde Üçüncü Reyx ilə birgə vuruşub və ruslar nəzərə alsınlar ki, Vyaçeslav Molotovun da Üçüncü Reyxlə münasibətləri olub. Gəlin birgə komissiya təşkil edək və araşdıraq görək, nələr olub”, deyə Paşinyan yenə də Njdeni müdafiə edib.

Halbuki, qeyd edildiyi kimi, rusiyalı jurnalist Stanislav Smaqinin birgə araşdırma təklifini bir az öncə Paşinyan mənasız hesab etmişdi. Bundan əlavə, Paşinyanın cavabı açıqca uğursuz alındı. Üstəlik, diplomatik deyildi və rus auditoriyasının mənfi reaksiyasına səbəb oldu. Axı, problem Njdenin və ya Üçüncü Reyx ilə Molotov Komissarının "ünsiyyəti" deyil, Njdenin Hitler Almaniyasına xidmət etməsi və Sovet İttifaqına qarşı mübarizə aparmasıdır.

Njde Sovet İttifaqına qarşı vuruşan xain olub və Baqramyandan kəskin şəkildə fərqlənir

Digər tərəfdən, əgər, Njde bir müddət sonra Sovet İttifaqı tərəfdə olan Baqramyana qarşı vuruşubsa onun Baqramyanla nə vaxtsa türklərə qarşı birlikdə vuruşduğu vacibdirmi?

Həqiqətən də Sovet İttifaqının gələcək marşalı İvan Baqramyan müstəqil Ermənistanın daşnak ordusunda, əvvəlcə əsgər, sonra leytenant rütbəsi ilə 2 il 11 ay xidmət edib. Eyni zamanda Qırmızı Orduya qarşı döyüşlərdə heç bir yerdə iştirak etməyib. Bağramyan bu illərdə etnik təmizlənmədə iştirak etməyib. 1920-ci ilin may ayında leytenant Baqramyan 1-ci erməni süvari alayında eskadron komandiri olmaqla, Aleksandropolda bolşevik üsyanında daşnak rejiminə qarşı fəal iştirak edib. Altı aydan sonra, 1920-ci ilin noyabrında, alayı ilə birlikdə Qırmızı Orduya xidmətə gedib.

Njdeyə gəldikdə, o, Baqramyandan fərqli olaraq, məhz o dövrdə Zəngəzurda - müasir Ermənistanın Syunik bölgəsindəki Qırmızı Ordunun bölmələrinə qarşı vuruşurub. 1920-ci ilin oktyabrında Njde bu ərazidə anti-sovet üsyanına rəhbərlik edib. Noyabr ayında İrəvanda daşnak rejiminin süqutunu tanımadı və dekabr ayında "Muxtar Syunik Respublikası" elan edib. 1921-ci ilin aprelində baş nazir, müharibə naziri və Xarici İşlər Naziri olaraq Njde, iyul ayına qədər davam edən "Ermənistan Dağ Cümhuriyyətinə" rəhbərlik edib. Zəngəzurdakı fəaliyyəti dövründə Njde bölgədə etnik təmizləməyə fəal şəkildə rəhbərlik edib. Əsir götürülmüş Qırmızı Ordu əsgərləri və yerli erməni kommunistləri ilə birlikdə amansız repressiyalarda ittiham olunurdu.

Eynilə, İkinci Dünya Müharibəsi dövrünə nəzər salmaq lazımdır. 1941-1945-ci illərdə İvan Baqramyan polkovnik rütbəsindən ordu generalı komandirinə qədər yüksələrək döyüş bölgələrində Sovet İttifaqı uğrunda vuruşub.

Qaregin Njde isə, 1940-cı ilin yayından bəri, SS təhlükəsizlik xidməti ilə gizli şəkildə siyasi kəşfiyyat sahəsində əməkdaşlıq edib. Bəzi mənbələrə görə Qırmızı Orduya və Sovet İttifaqına qarşı kəşfiyyat və təxribat işləri üçün 30 ermənini işə götürüb.

24 aprel 1948-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyində keçirilən xüsusi iclasda Qaregin Ter-Harutyunyan (Njde) əks-inqilabi fəaliyyətə və Hitler Almaniyasına kömək etdiyinə görə 25 il həbs cəzasına məhkum edilib. Buradakı ittiham aktının əsas məqamı Njdenin 1921-ci ilin fevral-aprel aylarında Zəngəzurda anti-sovet üsyanında iştirak etməsi, "Dağlı Ermənistan Respublikası" elan etməsi idi. Nasistlərlə əməkdaşlıq məsələsinə gəldikdə, Njde SSRİ-yə qarşı casusluqda, ermənilərin nasistlərin kəşfiyyat, təxribat və hərbi quruluşlarına cəlb edilməsində iştirak edən Rosenberg şöbəsinin təşkil etdiyi “Erməni Milli Komitəsi” ndə iştirak etməkdə günahlandırılıb. Sovet dövlət təhlükəsizlik orqanları Njdenin Hitler Almaniyasının xüsusi xidmət orqanları ilə əməkdaşlığı haqqında 1948-ci ilin aprelində daha çox məlumatlar toplayıb.

Sonda qeyd edək ki, 1920-1921-ci illərdə Njdenin başlatdığı bolşeviklərə qarşı mübarizə eyni zamanda inqilabla yenilənən Rusiya hakimiyyətinə qarşı mübarizə idi. Həmçinin bildirilir ki, Qaregin Njdenin Ermənistanda "milli qəhrəman" kimi qəbul edilməsi avtomatik olaraq bu ideologiyanın bu və ya digər şəkildə Ermənistanda qəbul edilməsi deməkdir. Başqa sözlə, Njdenin qəhrəmanlaşdırılması xəyanətin bu və ya digər şəkildə Ermənistanda qəbul edilməsidir. Əbəs yerə deyil ki, son günlərdə, daha dəqiq desək, bu ilin 22 noyabr tarixində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də bu məsələyə sərt reaksiya verib və bu məsələlərin ümumi tarixi bağlılığını vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə