Azərbaycan Respublikasının qanununda tibbi sığorta haqqında qanun layihəsi var idi. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Deputat qeyd edib ki, bu qanun layihəsinə yenidən əlavə və dəyişikliklər olundu: “Bundan əvvəlki tibbi sığorta haqqında qanunla heç bir oxşarlıq qalmayıb. Sanki qanun yenidən yazılıb. İcbari tibbi sığorta haqqında qanun layihəsi çox böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi vətəndaşlar icbari tibbi sığorta haqqında qanunun qəbulunu çoxdan gözləyirlər. Mənə elə gəlir ki, bu qanun haqqında insanlar arasında maarifləndirmə işləri aparmaq lazımdır".
K.Əliyeva bildirib ki, qanun layihəsi 2020-ci ildən qüvvəyə minir, amma bu, mərhələlər şəklində olacaq: “Yəni bütün əhali yanvar ayının 1-dən bundan bəhrələnə bilməyəcək. Bu qeyri-mümkündür, çünki müəyyən problemlərin həlli məsələsi var. Əgər bu sistemi bütün respublikada tətbiq etsək, əksinə bir sıra başqa problemlərin yaranmasına gətirib çıxara bilər. Ona görə də icbari tibbi sığortaya keçidin mərhələli şəkildə olması uğurlu nəticəyə gətirib çıxara bilər. İlk mərhələdə, yəni birinci 3 ayda Azərbaycanın şimal rayonlarının icbari tibbi sığortaya keçidi nəzərdə tutulur, bura 20 rayon daxildir. İkinci mərhələdə qərb rayonları, bura da 17 rayon daxildir. Sonra cənub zonası və sonuncu 3 ay isə Bakı, Bakıətrafı və Sumqayıt şəhəri nəzərdə tutulub. Yəni qanun layihəsi mərhələli şəkildə həyata keçiriləcək. Bu qanunun qəbul olunması ilə insanları narahat edən bir sıra məsələlər həllini tapacaq”.
Deputat vurğulayıb ki, qanun layihəsində hər adam başına 29 manat nəzərdə tutulurdusa, indi bu rəqəm 90 manata qədər qaldırılıb: "İşləyənlər sığorta haqqı ödəyəcək, lakin məcburi köçkünlər, uşaqlar, maddi vəziyyəti aşağı olanlar, işsizlər, uşağı 18 yaşına çatmamışların sığorta haqqı dövlət tərəfindən ödəniləcək”.
Millət vəkilinin sözlərinə görə, bütün xəstəliklərin müalicəsi üçün hələ ki, tibbi sığorta nəzərdə tutulmayıb: “Xüsusi siyahı var, həmin siyahıda nəzərdə tutulan bəzi əməliyyatlar, xəstəliklər var ki, onların müalicəsi təşkil olunacaq. İinsanlar arasında maariflənmə işi aparılmalıdır. Onlar düşünməsinlər ki, tibbi sığortaya görə istənilən əməliyyat mümkün olacaq. Yalnız siyahıya daxil edilmiş xəstəliklərlə əlaqədar müraciət edə biləcəklər. Dövlətimiz gündən-günə qüvvətlənir, güclənir, maliyyə imkanları artır. Bunu qəbul etdiyimiz büdcə də təsdiq edir. İldən-ilə büdcəmiz artır və sonra bu siyahını genişləndirə biləcəyik. Problemlər çoxdur, məsələn, klinik protokolların tərtib olunması və.s kimi. Lakin bizim vaxtımız da çox azdır. Demək bir aydan bir az çox vaxt qalıb, qanunun işlək hala çatması üçün bəzi problemlər var və onların üstündə də işlər gedir. Bu gün Milli Məclisin Səhiyyə komitəsi ikici oxunuşa yığışdı, müzakirələr aparıldı. Mənə elə gəlir ki, bu qanun qüvvəyə mindikdən sonra insanların çox böyük əksəriyyətinin müalicə tələbatı ödənəcək, insanlar bu qanun layihəsindən razı qalacaq.
Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB