"Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik edib"
"Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin qərarı ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi". SİA-nın məlumatına görə, bunu bu gün "Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş yubiley tədbirində Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Ölkə başçısı bildirib ki, o vaxt Sovet İttifaqının saxlanılmasına dair referendum keçirilmişdi və Azərbaycan üzrə referendum saxtalaşdırılmışdı: "Elə bil ki, Sovet İttifaqının saxlanılmasına səs vermişdi. Halbuki bu, belə deyildi. Naxçıvanda referendum keçirilmədi. Naxçıvan Sovet Sosialist Muxtar Respublikasının adından Sovet Sosialist sözləri çıxarıldı. Bu da müstəqilliyə aparan yol idi. Həmin dövrdə Yeni Azərbaycan Partiyası təsis edildi, bununla da Azərbaycanda siyasi sistemi formalaşdırdı. Çünki Yeni Azərbaycan Partiyası yaranana qədər Azərbaycanda siyasi sistem yox idi. Ayrı-ayrı silahlı dəstələr öz adlarını partiya qoymuşdular və bir-biri ilə mübarizə aparırdılar, torpaqlar isə işğal altına düşürdü".
Prezident İlham Əliyev söyləyib ki, əgər Heydər Əliyev müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətdə olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi: "Azərbaycanın Heydər Əliyevə qədər bütün rəhbərləri fərarilik edib, xalqı və ölkəni ağır vəziyyətdə tərk edib, qaçmışdılar. İkisi Moskvaya, biri Kələkiyə qaçmışdı. Bu, fərarilik, satqınlıqdır, xəyanətdir. Liderin vəzifəsi dövləti qorumaq, xalqla bir yerdə olmaqdır. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır. Heydər Əliyev hər birimiz üçün nümunədir. Burada əyləşən gənclər bunları bilməlidir. Mən dəfələrlə bunu demişəm, biz bu tarixi yaşayan insanlar heç vaxt bunu unutmayacağıq, bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik. Gənclərə elə gəlir ki, həmişə belə olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə çiçəklənən, firavan dövlət olub. Elə deyil. O günləri biz yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə çörək növbəsində saatlarla on minlərlə insan dayanırdı. Əli silahlı quldurlar şəhərlərimizdə meydan oxuyurdular. İnsanları incidir, oğurlayır, işgəncə verir, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti, özünü demokrat adlandıran ünsürlər Azərbaycanda senzura tətbiq etmişdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Bu tarixi gənclər bilməli və müəllimlər tarixi tələbələrə çatdırmalıdırlar. AXC-Müsavat cütlüyü dövründə Prezidentin qapısını xarici səfirlər ayaqla açırdılar, göstəriş verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB