Arif Hacılı getməlidir, vəssalam! FAKT

Müsavatçıların və digər müxalifətçilərin tələbləri dəyişilməz qalır

Miqrant alveri ilə bağlı Müsavat partiyasında yaranmış vəziyyət gərginləşməkdə davam edir. Hətta vəziyyət o həddə qədər gəlib-çatıb ki, istər müsavatçılar, istərsə də müxalifət düşərgəsinin digər nümayəndələri, eləcə də sabiq partiya üzvləri onun istefasını tələb edirlər. Düzdür, A.Hacılı bəyan edib ki, spzügedən məsələ ilə əlaqədar mətbuat konfransı keçirəcək və s. Amma bu heç nəyi dəyişmir. Tələblər birdir – Arif Hacılı başqanlıqdan getməlidir, vəssəlam!

Onu da qeyd edək ki, istefa tələb edənlər sırasında müsavatçı Ramis Yunus, jurnalist Xədicə İsmayıl, eləcə də digər müxalifət təmsilçiləri var.

Lakin daha ilginc məsələ A.Hacılı ilə sonuncu qurultaydan sonra demək olar ki, düşmən kəsilmiş Yadigar Sadıqlının iddialarıdır.

Yadigar Sadıqlı: “Bu gün Müsavat partiyası ətrafında baş verənlərlə bağlı İsa Qəmbərin məsuliyyəti Arif Hacılıdan az deyil”

O, bildirib ki, Müsavat partiyasına vurulan bu zərbəni, partiyanin nüfuzunun aşağı düşməsini ortadan qaldırmaq mümkün olmayacaq. “Müsavatın cəmiyyətdə qüsursuz imicinin düzəldilməsinin yeganə yolu Arif Hacılının başqanlıqdan getməsidir”, deyən Sadıqlı məsələnin belə bir hal almasında sabiq başqan İsa Qəmbərin də az rolunun olmadığını iddia edib. Daha dəqiq desək, “İsa Qəmbər hər zaman var gücü ilə Arif Hacılını müdafiə edib, Müsavat partiyasının günü-gündən nüfuzdan düşməsini görməzdən gəlib, fakt və gerçəklikləri təhrif edərək danışıb”, bildirən müsavatçı funksioner əlavə edib ki, ümumiyyətlə, Arif Hacılıya rəqib olan insanlara haqsızlıq edərək danışıb: “Bu gün Müsavat partiyası ətrafında baş verənlərlə bağlı İsa Qəmbərin məsuliyyəti Arif Hacılıdan az deyil”.

Onun sözlərinə görə, İsa Qəmbər özü şəxsən divanda olan müzakirələrdə iştirak etməsə də, bundan xəbərdar olub: “Sonda da qurultaydan qabaq Arif Hacılını dəstəkləyib. Avropaya yolu düşəndə də Müsavat AKM-in rəhbərləri ilə şirin fotolar çəkdirərək sosial şəbəklərdə paylaşıb”.

Tural Abbaslı: “İlk növbədə Arif Hacılıdan onun partiyadaşları istefa tələb etməlidir”

Digər maraqlı məqam partiyanın daha öncəki qurultayında başqanlığa namizəd olmuş və İ.Qəmbərin müdaxilələri və saxtakarlığı nəticəsində oradan istefa vermiş, hazırda isə “Ağ Paritya”nın sədri olan Tural Abbaslının ittihamıdır. Onun sözlərinə görə, hansısa dövlətin rəsmi partiyasının adının insan alverində, çirkli pulların yuyulmasında və casus məsələlərində hallanması böyük rüsvayçılıqdır. “Bu zaman artıq ilk növbədə Arif Hacılıdan onun partiyadaşları istefa tələb etməlidir və belə olacağı təqdirdə cəmiyyət nümayəndələri də bu tələbi edə bilərlər. Digər hüquqi məsələləri isə aidiyyəti orqanlar həll etməli olacaq”, deyə partiya sədri məsələnin cinayət işinə doğru getməsini də istisna etməyib.

Növbə AXCP sədri Əli Kərimlinindir?

Beləliklə, Müsavat partiyasının gözlənilən qürubu gəlib-çatıb və onu da xatırlatmaq yerinə düşərdi ki, miqrant alveri ilə yalnız Müsavat partiyası deyil, eyni zamanda AXCP də məşğul olur. Xüsusilə, Əli Kərimlinin əlaltıları bu məsələdə böyük canfəşanlıq sərgiləyirlər. Daha dəqiq desək, hazırkı dövrə qədər onlarla şəxsə saxta sənədlər, vəsiqələr verilərək, onların “axecepeçi” olduqları, guya hakimiyyət tərəfindən “təqiblərə”, “təzyiqlərə” məruz qalmaları ilə bağlı qondarma arayışlar verilib. Yəqin ki, yaxın vaxtlarda bu məsələ də gündəmə gələcək və bu dəfə Ə.Kərimlinin birmənalı istefası tələb olunacaq. Hər halda, belə faktlar kifayət qədərdir və sadəcə geci-tezi var. Zaman isə sürətlə axır...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə