ABŞ-ın biznes jurnalı "Forbes" 2011-ci ilin milyarderlər siyahısını açıqlayıb. SİA-nın məlumatına görə, siyahıya keçən il olduğu kimi meksikalı telekommunikasiya nəhəngi Karlos Slim Helu 74 milyard dollarlıq sərvəti ilə başçılıq edir. Keçən ilki siyahıda sərvəti 53,5 milyard olan Helu bu il sərvətini 20,5 milyard dollar artırmaqla "dünyanın ən zəngini" adını qorumağı bacarıb. 2011-ci ilin siyahısında Helunu 56 milyard dollarla "Microsoft" şirkətinin qurucusu ABŞ-lı Bill Qeyts və 50 milyard dollarla onun həmvətəni investor və iş adamı Varren Buffet izləyib.
Jurnalın rəhbəri Steve Forbes Nyu-Yorkda təşkil edilən mətbuat konfransında bu il rekord sayda milyarderin siyahıya daxil olduğunu bildirib. O, qeyd edib ki, dünyada keçən il 1011 olan milyarder sayı bu il 1210-a yüksəlib. Forbes bu il siyahıda yer alan milyarderlərin ümumi sərvətinin rekord qıraraq 4,5 trilyon dollara yüksəldiyini və Almaniyanın Ümumi Daxili Məhsulunu (ÜDM) keçdiyini vurğulayıb. O, bu rəqəmin keçən il 3,6 trilyon dollar olduğunu xatırlayıb. Siyahıya bu il yeni daxil olanların sayı 214-dür. Keçən il isə bu rəqəm 97 olub. Forbes keçən il siyahıda yer alan 47 adamın isə siyahıdan çıxdığını, 10-nun öldüyünü, 42-nin isə siyahıya yenidən qayıtdığını diqqətə çatdırıb.
ABŞ bu il də siyahıda ən çox milyarderlə yer alıb. Keçən ilki siyahıda 403 milyarderi olan ABŞ bu rəqəmi 413-ə yüksəldib. ABŞ-ı isə yüksək inkişaf sürəti alan inkişaf etməkdə olan (Braziliya, Rusiya, Hindistan və Çin) ölkələr izləyib. Keçən il siyahıda 18 milyarderi olan Braziliyanın milyarder sayı bu il 30-a, Rusiyanın keçən il 62 olan milyarder sayı 2011-ci ildə 101-ə, Çinin 2010-cu ildə 69 olan milyarder sayı bu il 115-ə, Hindistanın keçən il 49 olan milyarder sayı 55-ə yüksəlib. Bu ölkələrin ümumi milyarder sayı 301-ə çatıb. Hindistanın 55 milyarderin sərvəti orta hesabla 4,5 milyarddır. Çindəki 115 milyarderin sərvəti isə orta hesabla 2,5 milyard dollardır.
ABŞ-dan sonra Asiya-Sakit okean bölgəsi 332 milyarderlə ilk yerdədir. Avropada milyarderlərin sayı artsa da bu daha çox Rusiyanın hesabına baş verib. Asiya-Sakit okean bölgəsini 300 milyarderlə Avropa, 89 milyarderlə Orta Şərq və Afrika, 76 milyarderlə Amerika qitəsi (ABŞ-ı çıxmaqla) izləyir.
Almaniya da 52 milyarderlə Avropada yaxşı bir mövqedədir. Bununla belə Forbes Almaniya və İngiltərə kimi ölkələrin iqtisadiyyatlarını işadamları üçün kifayət qədər açmadıqlarını, mühafizəkar siyasət apardıqlarını və bu ölkələrdə vergi dərəcələrinin son dərəcə yüksək səviyyədə olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB