8 Mart Beynəlxalq Qadınlar Günüdür

8 Mart Beynəlxalq Qadınlar Günüdür

8 Mart - ənənəyə görə bu gün qadınlar əks cinsin nümayəndələrindən diqqət, gül və hədiyyə gözləyirlər. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.

SİA-nın məlumatına görə, qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 Mart 1857 -ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə e`tiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıdıb.

1908-ci il Nyu-Yorkda 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş keçirib. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini infadə edirdi.
1909-cu ildə isə Avropadaki qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ini ilk qadın günü olaraq keçirib.

1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edilib.

Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.

1911-ci ildə Kophenagen qərarından sonra ilk dəfə olaraq 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də bu bayram qeyd edilib.
1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı "çörək və sülh" adlı nümayiş keçiriblər. 8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlanıb.

1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşüb. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirilib. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilib.

Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür.

Beynəlxalq Qadınlar Günü Azərbaycanda 8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Ədalət naminə demək lazımdır ki, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda qadınlar 2011-ci ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,4 faizini və ya 4 milyon 602 min nəfərini təşkil edir. Qadınların 59,4 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla dünyaya 2,3 uşaq gətirib. Ötən il doğulmuş 165,6 min körpənin 46 faizi qızlardır.

 

Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri qadınların sağlamlığıdır. Hazırda ölkədə 31 doğum evi, 316 qadın məsləhətxanası, 592 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 il yüksək olaraq 76,2 yaşa bərabərdir.

 

Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayında xüsusi çəkisi 48,6 faizdir. Ümumtəhsil və orta ixtisas təhsil müəssisələrində müəllimlərin 74 faizi, ali təhsil müəssisələrində 46 faizi, həkimlərin 63 faizi qadınlardır. Ümumtəhsil məktəblərində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 46 faizi qızlardır. Elmin inkişafında da qadınların müstəsna rolu var. Hazırda doktorantların 46 faizini, bütün elmi işçilərin isə 51 faizini qadınlar təşkil edir. Son 5 ildə doktorluq dərəcəsi olan qadınların sayı 22 faiz artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən 3-ü qadındır.

 

Milli Məclisdə qadın millət vəkillərinin də sayı artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16,0 faizə qədər artıb. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 4,9 dəfə artaraq 4081 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,2 faiz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə