Detalları açılmayan görüşlər erməniləri narahat edir

Detalları açılmayan görüşlər erməniləri narahat edir

Ermənistan hökumətində görüş keçirilib və indiyə qədər, hələ də bu görüşün detalları açıqlanmayıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Past" qəzeti yazır.

Qəzet yazır ki, ötən gün parlamentdə dövlət və hüquqi məsələlər, xarici əlaqələr və insan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyaların qapalı iclası keçirilib. Nəşrin məlumatına görə, görüşdə, həmçinin qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə üzrə ekspert qrupunun üzvləri, Venesiya Komissiyasının sədr müavini, Avropa Şurası İnsan Hüquqları və Gender Məsələləri Bürosunun rəhbəri və s. iştirak edib.

Bu yığıncaqda İstanbul Konvensiyasının komponentləri millət vəkilləri ilə müzakirə edilməli idi. Qəzetin yazdığına görə, bu qapalı iclasdan əvvəl də hökumətdə daha bir iclas keçirilib, lakin bu barədə cəmiyyətə məlumat verilməyib. Sözügedən görüşdə baş nazir Nikol Paşinyan, parlamentin spikeri Ararat Mirzoyan, Baş nazir Aparatının rəhbəri Eduard Aqacanyan, Hökumət Aparatının İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin direktoru Ovannes Movsisyan, Qərb qrantları ilə Ermənistanda fəaliyyət göstərən bir sıra ictimai təşkilatların nümayəndələri, İngiltərə və ABŞ səfirləri iştirak ediblər.

Müzakirənin əsas mövzusu, İstanbul Konvensiyasının tezislərini ictimai çıxışlarda təqdim etmək üçün risklər və əsas məqamlarla bağlı olub. Əlavə edək ki, Ermənistan 2017-ci ildə İstanbul Konvensiyasını imzalayıb, lakin bir çox AB ölkələri, - Böyük Britaniya, Slovakiya, Çexiya, Latviya, Litva kimi ratifikasiya etməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə