Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib

Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsinə baxılıb. İclasda komitə sədri Nizami Cəfərov bildirib ki, "İctimai televiziya və radio yayımı haqqında" qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Milli Elmlər Akademiyası və Mətbuat Şurası tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddəti bu il martın 15-də başa çatır.

 

"Yeni namizədlərin irəli sürülməsi ilə bağlı Həmkarlar İttifaqları Konfederasiyasından sədr müavini Aqil Dadaşov, şöbə müdirinin müavini Əli Cəfərov, Milli Elmlər Akademiyasından Folklor İnstitutunun şöbə müdiri Muxtar İmanov, Mətbuat Şurasından Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, həmin fakültənin dosenti Zaur Babayev Yayım Şurasına yeni namizəd kimi irəli sürülüblər. Bu namizədlərdən hər təşkilatdan bir nəfər olmaqla 6 il müddətinə Yayım Şurasına təsdiqlənməlidir. Milli Televiziya və Radio Şurası da müvafiq tədbirlər görülməsi ilə bağlı parlamentə müraciət edib", -deyə N.Cəfərov vurğulayıb.

 

Komitə üzvləri hər bir namizədin Yayım Şurasında təmsil olunmağa layiqli olduğunu vurğulayaraq məsələni parlamentin plenar iclasına tövsiyə ediblər. İclasda komitə sədrinin müavini Rəfael Hüseynovun hazırladığı "Azərbaycanda muğam sənətinin qorunması və inkişafı haqqında" yeni qanun layihəsi də müzakirə olunub. Qeyd edilib ki, növbəti mərhələdə aşıq sənəti, yazılı abidələr və heykəllər haqqında yeni qanun layihələri də hazırlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə