Saxta soyqırımının tanınması yoxsa "Barış pınarı"na mane olmaq cəhdi? ŞƏRH-ÖZƏL
“ABŞ Nümayəndələr Palatasının uydurma “erməni soyqırımı”ilə bağlı qətnamənin qəbul etməsi ilk növbədə Türkiyənin hazırda həyata keçirdiyi uğurlu Yaxın Şərq geostrategiyasına qarşı uğursuz şantaj cəhdi, erməni məsələsindən növbəti dəfə öz ekspansionist xarici siyasətində sui-istifadə məqsədi daşıyır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu da bunu Türkiyənin Suriyadakı "Barış pınarı" əməliyyatı ilə bağlı olduğunu olduğunu xüsusi vurğulayıblar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, əgər sözügedən qətnamə Senat tərəfindən də qəbul edilərsə və ABŞ prezidenti tərəfindən veto qoyulmayaraq, imzalanarsa, onun qanun hökmünü alması mümkündür: “Lakin ABŞ prezidentinin veto haqqı olsa da, Konqresin hər iki qanadının 2/3 səs çoxluğu ilə (super-majority) qəbul etdiyi qətnamələrin vetoya məruz qalmadan prezidentin vetosunu puç edən (veto-proof) qanun hökmü alması imkanları mövcuddur. Bu səbəbdən, 435 üzvü olan Nümayəndələr Palatasında minimum 290 səs, 100 nəfərlik Senatda isə ən əzı 67 səs alan qanun layihələri “super çoxluq”la qəbul edilmiş qərarlar proseduruna uyğun olaraq, prezidentin masasına getsə də, veto-proof kateqoriyasındandır. Prezident 10 gün ərzində onu imzalayaraq, qanuni qüvvəyə mindirməli, ya da veto qoymalıdır”.
Politoloq söyləyib ki, əgər prezident 2/3 səs çoxluğu ilə qəbul edilmiş qanun layihələrinə veto qoyarsa, Konqres yenidən toplanır və layihə yenidən səsə qoyulur: “Əgər bu dəfə də 2/3 səs çoxluğu ilə qəbul edilərsə, bu zaman prezidentin imzasına ehtiyac qalmır və qətnamə qanuni qüvvəyə minmiş sayılır. Hazırda Senatın respublikaçılardan ibarət çoxluğun nəzarətində olduğunu nəzərə alsaq, vəziyyətin fərqli olacağı ehtimal edilə bilər. Təəssüf və təəccüb doğuran hallardan biri odur ki, 4 nəfəri çıxmaqla, hətta Türkiyə ilə dostluq qrupunun üzvləri və həmsədrləri də qardaş dövlətin əleyhinə səs veriblər. Nümayəndələr Palatasının qəbul etdiyi və Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan PACT (Protect Against Conflict by Turkey Act) Suriyanın şimalında aparılmış "Barış pınarı" əməliyyatı ilə əlaqəsi olan türk səlahiyyətlilərinə və müdafiə sənayesi sahəsi ilə əməkdaşlıq edən banklara qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutur”.
N. Məmmədova söyləyib ki, Türkiyənin Rusiyadan aldığı S-400 məsələsi də, təbii ki, xatırlanır: “Layihə qanun hökmünü alarsa, Suriyada hərbi əməliyyatlar aparan Türkiyə hərbçilərinə bundan sonra Amerika mənşəli silahların verilməsi qadağan ediləcək və Türkiyəyə qarşı 30 gün müddətində CAATSA qanunu tətbiq olunmağa başlayacaq. Bu hadisə şübhəsiz, ABŞ-Türkiyə münasibətlərinə ciddi təsir göstərəcək. Lakin bununla Türkiyə nəinki Suriyadakı qətiyyətini azaldacaq, əksinə, Rusiya, Çin, İran kimi ABŞ-ın ənənəvi rəqib saydığı ölkələrlə daha da yaxınlaşacaq”.
Politoloqun fikrincə, ümidverici hal ondan ibarətdir ki, Senatda respublikaçı çoxluğun mövcudluğu və qərar layihəsinin prezidentin veto hüququnu aşacaq səviyyədə olmaması erməni lobbisinin şansını azaldır: “Qeyd etmək lazımdır ki, əksəriyyəti Demokrat partiyasının təmsilçilərindən ibarət olan Nümayəndələr Palatası bununla həm də prezident Trampa qarşı addım atmış oldu. Onun ikinci dönəm seçilməsinə əngəl yaratmaq planlarını sezməmək mümkün deyil. Senat və Nümayəndələr Palatasının daha çox CAATSA layihəsində həmrəylik göstərəcəyi inandırıcıdır”.
Noyabrın 13-də Vaşinqtonda Trampla və Ərdoğan arasında görüşün keçiriləcəyini xatırladan N, Məmmədova əlavə edib ki, bu həlledici görüş öncəsi belə bir təxribatçı sənədin qəbulu bir neçə məqsəd daşıya bilər: “Lakin ən başlıcası Türkiyəni ABŞ qarşısında Suriya məsələsi və Rusiya ilə yaxınlaşma siyasətində güzəştlərə, geri çəkilməyə vadar etməkdir. Lakin Türkiyənin geri çəkiləcəyini inandırıcı deyil. Bu, həm Ərdoğanın şəxsi keyfiyyətlərinə uyğun hal deyil, eyni zamanda Suriya məsələsi Türkiyənin suverenlik, ərazi bütövlüyü kimi həyati əhəmiyyətli ölüm-dirim savaşıdır. ABŞ-ın Suriya cəbhəsində məğlubiyyəti labüddür və onu heç bir saxta soyqırım şantajı ilə kompensasiya etmək mümkün deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB