"Sahibkarların fəaliyyəti üçün çox əlverişli şərait var" ÖZƏL-MÜNASİBƏT
“Oktyabrın 28-də Azərbaycan Prezidenti yenidən bölgələrə səfəri çərçivəsində ölkəmizin Qəbələ və Ağdaş rayonlarında bir sıra infrastruktur və istehsal obyektlərinin açılışında iştirak edib. Belə ki, Ağdaşda yenidən qurulan Qolqəti-Dəhnəxəlil- Qoşaqovaq-Ərəbocağı avtomobil yolu oktyabrın 28-də dövlət başçısının iştirakı ilə yenidən istifadəyə verildi”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov Prezident İlham Əliyevin Ağdaşa səfərini şərh edərkən deyib.
Deputatın sözlərinə görə, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu bir neçə kəndi əhatə etməklə yanaşı, 10 mindən çox kütləni əhatə edir: “Bununla yanaşı oktyabrın 28-də uzun müddətdir davam edən və vacib layihə olan Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri də istismara verildi. Artıq bununla 35 min insan təmiz sudan istifadə etməyə başlayıb. Eyni zamanda Biyan sənaye parkının açılışı oldu ki, bu, analoqu olmayan bir haldır. Ümumi sahəsi 1000 hektar olan Parkda biyan kökü həm tədarük, həm də emal olunur.”
Prezident İlham Əliyevin Ağdaşa son səfəri zamanı Telekommunikasiya Qovşağının da yenidən istifadəyə verildiyini vurğulayan Milli Məclisin deputatı söyləyib ki, bununla yanaşı ölkə başçısına rayonda daha bir yolun artıq hazır olaraq istifadə verilməsi ilə bağlı məlumat verilib: “Bütün görülən işlər əlbəttə ki, Prezident İlham Əliyevin Ağdaşa, eləcə də digər regionlara olan diqqət və qayğısının nəticəsidir. Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismarı insanların sağlamlığı üçün çox mühümdür.”
C.Osmanov qeyd edib ki, Ağdaşda Biyan sənaye parkının açılışı ilə rayonda 500-600 yeni iş yerlərinin açılması təmin olunub: “ Bunu, həm əhalinin sosial rifah halının yaxşılaşdırılması, həm də Azərbaycan brendi adı altında dünya bazarına çıxacaq məhsulunun təqdimatı kimi növbəti uğur adlandırmaq olar".
Ağdaşda elektrik enerjisinin yenidən qurulmasından sonra rayonda insanların fasiləsiz, yüksək keyfiyyətli səviyyəli elektrik enerjisi ilə təmin olunacağını deyən Milli Məclisin deputatı qeyd edib ki, bu həm də istehsal müəssisələrinin fəaliyyətinin də gücləndirilməsinə xidmət edəcək: “Bildiyiniz kimi, yol həm mədəniyyət, həm də iqtisadiyyatdır. Yol açılışı həm rayonda yaşayan insanlar şəhərin mərkəzinə rahat şəkildə gəlməsi, həm kənd təsərrüfatı məhsullarının rahat formada bazara çıxarılması, həm də sahibkarların fəaliyyəti üçün çox əlverişli şərait yaradır".
C. Osmanov əlavə edib ki, ümumilikdə ölkə başçısının oktyabrın 28-də Ağdaşa səfəri çox əlverişli və əhəmiyyətli idi: “Bu səfər rayon sakinlərinə həm iqtisadi, həm sosial, həm də sağlamlıq baxımından göstərilən diqqət və qayğının göstəricisi kimi qiymətləndirilməlidir. Ağdaş sakinləri bu diqqətə görə ölkə başçısına minnətdarlıq hissi duyur, gələcək layihələrin həyata keçirilməsi ilə bağlı verilən tapşırıqlara görə cənab Prezidentə təşəkkürlərini bildirirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB