"Azərbaycan Qoşulmayan ölkələr üçün faydalı partnyordur" RƏY-ÖZƏL

"Azərbaycan Qoşulmayan ölkələr üçün faydalı partnyordur" RƏY-ÖZƏL

"Qoşulmama Hərəkatının fəal üzvünə çevrilmək Azərbaycan diplomatiyasının mühüm uğuru və beynəlxalq sülh prosesinə real töhfə verməsi üçün əhəmiyyətli platformadır". Bu fikirləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Hərəkata üzv olandan cəmi 8 il sonra ölkəmiz zirvə görüşünə ev sahibliyi etmək və üç il müddətinə sədrlik etmək şansı əldə edib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Azərbaycan bu unikal şansı 120 dövlətin təmsil olunduğu bir təşkilat daxilində əldə edə bilib: "Bu imkan Azərbaycana oynadığı mühüm rola və apardığı siyasətə görə verilib. Azərbaycan hər zaman regional və beynəlxalq inteqrasiyalarda, sülh və təhlükəsizlik məsələsində, enerji təhlükəsizliyinin təminatında, dövlətlər arasında səmərəli iqtisadi-ticarət münasibətlərinin qurulmasında təşəbbüskar və ardıcıl icraçı mövqe tutub, belə proseslərə real töhfələr verməyə çalışıb".

Ekspertin fikrincə, Azərbaycanın Avropa Şurası ilə islam dünyasının əlaqələrinin qurulması və inkişaf etdirilməsində, habelə BMT ilə ATƏT arasında terrorla qlobal mübarizənin təşkili üzrə birgə tədbirin təşkili və keçirilməsi sahəsində dəyərli təcrübəsi var: "Bu və digər amillər Azərbaycanı Qoşulmayan ölkələr hərəkatı üçün çox cəlbedici edir. Azərbaycanın həqiqətən bu istiqamətdə Qoşulmama Hərəkatına mühüm töhfələr vermək gücü var. Azərbaycan sədrlik dövründə Qoşulmayan ölkələrin ümumi maraqlarında olan bir sıra iqtisadi, siyasi,mədəni, humanitar təşəbbüslərlə çıxış etmək və birgə layihələr icra etmək gücündədir. Azərbaycan kimi çoxvektorlu diplomatiya və enerji-nəqliyyat siyasəti aparan ölkə Qoşulmayan ölkələr hərəkatının beynəlxalq münasibətlər sistemində rolunu daha da artıracaq".

A. Quliyev qeyd edib ki, Azərbaycanın bu ölkələrin iqtisadi-ticarət əməkdaşlığına və inteqrasiyasına böyük töhfə verəcəyinə şübhə yoxdu: "Qoşulmayan ölkələr üçün Azərbaycan çox faydalı, rahat və anlaşıqlı partnyordur. Yaxşı haldır ki, bu ölkələrin hər biri Azərbaycanın imkanlarına və yaşadığı problemlərə, ilk növbədə Qarabağ probleminin həllinə lazımi anlayışı və dəstəyi nümayiş etdirir. Azərbaycanın sədrliyi Qoşulmayan ölkələr hərəkatının tarixində mühüm mərhələ kimi qalacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə