Bu gün Gənclər üçün Təhsil Mərkəzi ölkəmizdə fəaliyyət göstərən əksər ali məktəblərdə silsilə görüşlər sırasında daha möhtəşəm birini də Xəzər Universitetində təşkil edib.
SİA-nın xəbərinə görə, əsas məqsədi Mərkəzin 10 illik fəaliyyəti barədə tələbələri məlumatlandırmaq və təklif etdiyi xidmətlərlə tanış etmək olan silsilə görüşlərin növbəti ilin iyun ayına qədər davam etməsi planlaşdırılır.
Görüşü Mərkəzin informasiya bölməsinin rəhbəri İnqilab Fərzəliyev açaraq, Mərkəzin tələbələr üçün təşkil etdiyi imkanlar haqqında geniş söhbət açıb. Daha sonra Mərkəzin 10 il keçdiyi şərəfli yola həsr olunmuş kiçik film və beynəlxalq mübadilə proqramlarında iştirak imkanları haqqında təqdimatlar nümayiş olunub. Həmçinin Xəzər Universitetində təhsil alan əcnəbilərə Mərkəzin Azərbaycan dili Məktəbi haqqında da məlumatlar verilib. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılmış, onlara zəruri informasiya materialları paylanıb.
Qeyd etmək lazımdır ki, Gənclər üçün Təhsil Mərkəzi artıq 5 ildir ki, tələbələrlə bağlı birbaşa proqram və layihələr həyata keçirir. Belə ki, Mərkəz Azərbaycanda ilk dəfə olaraq "Tələbə Qrant Proqramı" vasitəsi ilə tələbə qruplarının layihələrini maliyyələşdirmiş, ilk və pulsuz paylanan "Tələbə" qəzetini buraxmış, tələbə radiosunun yaradılmasına kömək etmiş və tələbələrin beynəlxalq təcrübə mübadiləsinə şərait yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB