Rövşən Novruzoğlu: “Nə Rusiya, nə də ABŞ Dağlıq Qarabağa ciddi problem kimi yanaşmır”

Rövşən Novruzoğlu: “Nə Rusiya, nə də ABŞ Dağlıq Qarabağa ciddi problem kimi yanaşmır”

Martın 5-də Soçidə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü keçiriləcək. Bu, 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prezidentlər səviyyəsində ilk görüş olacaq. Tərəflər görüşə nə ilə gedirlər və görüşdən müsbət nəticə gözləmək olarmı?

 

Politoloq Rövşən Novruzoğlu hesab edir ki, görüş protokol xarakteri daşıyır. SİA-ya açıqlamasında siyasi ekspert bildirib ki, görüş eyni zamanda özündə bir fərqlilik daşıyır: "Görüşdə Qarabağ ilə yanaşı ümumilikdə dünyada gedən proseslərin də müzakirə olunması gözlənilir. Güman edirəm ki, üçtərəfli görüşdə ümumilikdə Qafqazda baş verən proseslər də müzakirə olunacaq".

 

Ermənistan prezidentinin görüşdə yenə də referendum məsələsini gündəmə gətirəcəyini istisna etməyən politoloq bildirib ki, Dağlıq Qarabağın 34 faizində könhə tikililər yeniləri ilə əvəz olunub: "Fransa, İtaliya və Kanadanın tikinti şirkətləri işğal olunmuş ərazilərdə layihələr həyata keçirir. Ən yüksək nöqtələrdə erməni kilsələri tikilir, arxeoloji qazıntılar zamanı əldə olunan materiallar erməniləşdirilir, tarix yenidən yazılır. Erməni politoloqları, siyasətçilərinin fikrincə, 5 mart Ermənistanla Azərbaycan arasında gedən 20 illik informasiya müharibəsinin yekunudur və ermənilər dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyədə bunu qələbə günü kimi qeyd edəcəklər. Ermənilərin fikrincə, artıq Dağlıq Qarabağın pul vahidi, parlamenti, gerbi, himni, bayrağı, 18 ölkədə nümayəndəliyi var, ordu formalaşıb. Ermənilərin fikrincə, bütün bu atributlar varsa, Ermənistanın informasiya müharibəsini qazandığını demək olar. İndiyə kimi 61 müxtəlif ölçülü siyasi xəritə hazırlanıb ki, bu xəritələrdə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilməyib".

 

Politoloq hesab edir ki, Rusiya Dağlıq Qarabağ problemini həll etməyə tələsmir: "Problemin həlli indiki halda Rusiyaya sərf etmir. Rusiya Dağlıq Qarabağda Xocalı soyqırımının törədilməsində müstəsna rol oynayan 366-cı alay kimi bir alay yaratmaq istəyir. Bu məsələ Rusiyanın hərbi doktrinasında da yer alıb. Rusiyanın Azərbaycandan başqa tələbləri də var, Rusiya istəyir ki, Azərbaycan sərhədləri bu ölkə ilə birgə qorusun, ərazisində Rusiya hərbi bazalarının yerləşməsinə icazə verilsin. Rusiyanın bu istəkləri yerinə yetirilərsə, onda Dağlıq Qarabağ problemi də həll olunar. Rusiyanın maraqları budur, Dağlıq Qarabağ deyil. Heç ABŞ da Dağlıq Qarabağa ciddi problem kimi yanaşmır".

Bütün xəbərlər Facebook səhifəmizdə