"Anti-Azərbaycan dairələrinin məqsədi yürüdülən mütərrəqqi siyasətə kölgə salmaqdır” AÇIQLAMA-ÖZƏL

"Anti-Azərbaycan dairələrinin məqsədi yürüdülən mütərrəqqi siyasətə kölgə salmaqdır” AÇIQLAMA-ÖZƏL

"19 oktyabrda Əli Kərimlinin rəhbərlik etdiyi, özünü “Milli Şura” adlandıran anti-Azərbaycan qüvvələr ölkəmizdə öz ağalarının tapşırığı, baş verənlərlə əlaqədar bəyanat verən ölkələrin sifarişi ilə ilə qanunsuz aksiya həyata keçirməyə cəhd edərək, insanların rahatçılığını pozdular”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Son bir neçə həftə Azərbaycanın gündəmində bir neçə xoş hadisələrin baş verdiyini xatırladan deputat söyləyib ki, dünyanın beyin mərkəzlərindən sayılan Soçidə “Valday” konfransında Prezident İlham Əliyevin Ermənistanın baş naziri Paşinyanın sərsəm sayıqlamalarına, NİDA işarəsi qoyması, ölkə başçısının Aşqabadda MDB dövlət başçılarının sammitində dünyaya sülh tərəfarı olduğunu, Ermənistanın isə faşizmi dəstəklədiyini faktlarla bəyan etməsi, daha sonra Azərbaycanda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünün keçirilməsi, Azərbaycanın eyni zamanda Qoşulmama Hərəkatına sədrlik, eləcə də təşkilatın tədbirlərinə ev sahibliyi etməsini gözü götürməyən qüvvələr var: "Onlar, eləcə də özünü “Milli Şura” adlandıran anti-demokratik qüvvələr həm daxili, həm də xarici havadarlarının tapşırığı ilə ölkədə bu inkişafa kölgə salmaq məqsədilə iğtişaş yaratmaq istədilər".

İ.Məmmədov hesab edir ki, baş verənlər nəticəsində insanların rahatçılığı pozulsa da, digər tərəfdən Əli Kərimli və onun kimi ünsurlər xalqını, dövlətini və prezidentini sevən insanları bir daha gördülər: “Həyasızcasına yolda qışqıra-qışqıra gedənlərin ətrafına bir insan belə toplaşmadı”.

Qanunsuz aksiyasını dağıtmaq üçün Azərbaycan polisinin yüksək mədəniyyət nümayiş etdirdiyini deyən deputat bunu təqdirəlayiq hal olduğunu dilə gətirib.

İ.Məmmədov vurğulayıb ki, ayrı-ayrı ölkələrin xüsusilə də ABŞ-ın, Avropa Birliyinin toqquşma yaratmaq istəyənlərin lehinə verdiyi bəyanat başqa ölkələrin işinə qarışmaq kimi qiymətləndirilməlidir: “Azərbaycan hüquqi dövlətdir. Bizim Konstitusiya ilə təmin olunan hüquqlarımız var. Niyə ABŞ bəyanat verərkən radikal müxalifətin harada mitinq keçirmək istədiyini soruşmur? Onlar niyə düşünmür ki, metro ətrafında, ticarət mərkəzlərinin bol olduğu ərazidə yüzminlərlə insanlar var və onların təhlükəsizliyi qorunmalıdır”.

Deputat qeyd edib ki, anti-Azərbaycan dairələrinin məqsədi ölkə başçısının apardığı mütərrəqqi, bəşəri siyasətə kölgə salmaqdır: “Lakin onlar unutmamalıdır ki, Prezident İlham Əliyevi, dövləti, müstəqilliyimizi sevən şəxslər, elektrorat var. Təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 mindən artıqdır. Bu insanların səbrini tükəndirmək olmaz. Ona görə də hesab edirəm ki, ölkəmiz əleyhinə yönələn yürüşlər, müxtəlif ikilistandartlı bəyanatlar dəryada bir damlaya bərabərdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə