Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2019” sərgisi

22 oktyabr tarixində 25-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2019” sərgisi “Xəzər İnşaat Həftəsi”nə start verməklə, öz qapılarını ziyarətçilərin üzünə açacaq. SİA xəbər verir ki, sərginin 4 iş günü ərzində ziyarətçilər dünyanın 23 ölkəsindən 280 şirkətin yeni məhsulları ilə tanış ola biləcəklər.

25 İLLİK UĞUR

Bu il “BakuBuild” sərgisi üçün əlamətdar ildir. Belə ki, regionun əsas inşaat sərgisi öz mötəbər yubileyini – uğurlu fəaliyyətinin 25 illiyini qeyd edir. 1995-ci ildə təsis edilmiş sərgi bu illər ərzində dünyanın 35 müxtəlif ölkəsini təmsil edən 5000-ə yaxın şirkəti bir araya gətirib. Azərbaycanın hüdudlarından çox uzaqlarda da tanınan “BakuBuild” sərgisi özünü işgüzar əlaqələrin qurulduğu, inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayiş olunduğu etibarlı işgüzar platforma kimi doğrulda bilib. “BakuBuild” sərgisinin vacibliyini layiqincə qiymətləndirməmək olmaz. Belə ki, məhz sərgi vasitəsi ilə ölkə bazarında yeni texnologiyalar tətbiq edilir və investisiyalar cəlb olunur. İştirakçıların bir çoxu artıq uzun illərdir ki, sərgiyə qatılaraq öz tarixini sərginin tarixi ilə bölüşür. Bu il sərgi öz yubileyini yeni loqotip ilə qarşılayır.

İNŞAAT SƏNAYESİNDƏ NETVORKİNQ

Ötən il ilə müqayisədə, bu il “BakuBuild” sərgisi 10% artıb. İştirakçıların coğrafiyası Avropa, Asiya, Amerika və MDB ölkələrini əhatə edir. Sərgidə Almaniya, BƏƏ, İran və ilk dəfə olaraq Türkiyənin milli qrupları iştirak edir. Tədbirdə Rusiya Federasiyasını 11 regional qrup təmsil edir: Vladimir, Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk və Tümen vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya və Şimali Osetiya - Alaniya respublikaları. Yerli şirkətlər sərgi iştirakçılarının 40%-ni təşkil edir, yeni şirkətlərin sayı isə 50%-i keçib. Sərginin qeydiyyat sponsoru qismində tədbirin daimi iştirakçısı - “NB Group” şirkəti çıxış edir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dəstək proqramı çərçivəsində mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə BakuBuild sərgisində öz stendi ilə iştirak edir. KOBİA-nın stendində İnşaat sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini və məhsullarını təqdim edir.

SƏRGİDƏ TƏQDİM EDİLƏCƏK MƏHSULLAR

Sərgidə inşaat materialları, dam örtükləri və izolyasiya, interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə, inşaat avadanlıqları və texnologiyaları, yayma metal, işıq və elektrotexniki məhsullar və s. təqdim olunur.
“BakuBuild” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo” sərgisi keçirilir. Bu il sərgidə yumşaq mebel, mətbəx qarniturları, otaqlararası qapılar və mebel ləvazimatlarını təqdim edən yerli və xarici istehsalçılar iştirak edirlər.
12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securex Caspian” sərgisində iştirakçılar təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulmuş texniki vasitələri, eləcə də avtomatik yanğınsöndürmə 12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securex Caspian” sərgisində iştirakçılar təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulmuş texniki vasitələri, eləcə də avtomatik yanğınsöndürmə vasitələrini, mühafizə siqnalizasiya sistemlərini, mühafizə televiziyası və müşahidəsi sistemlərini, qəza-xilasetmə texnikasını və s. məhsulları nümayış etdirirlər.
22 - 25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku 2019” sərgisi keçiriləcək.
Hər il keçirilən ixtisaslaşdırılmış sənaye sərgisi bu il Çex Respublikası, Çin, İtaliya, Livan, Rusiya, Türkiyə və digər ölkələrin də yer aldığı 19 dünya ölkəsindən 65 şirkəti bir araya gətirməklə, 7% artım nümayiş etdirir. İştirakçıların 36%-ni yerli şirkətlər təşkil edir. Sərginin daimi iştirakçıları arasında “Azertexnolayn”, “Anadolu Kafkas Insaat San. ve Tic. A.S.”, “Polymart”, “Euroclima”, “Newcond”, “Yusi Ko”, “Turan Makina” və s. şirkətlər yer alır. “Aquatherm Baku 2019” sərgisində debüt edən şirkətlərin sayı 60% təşkil edir və bu şirkətlərin əksəriyyəti xarici iştirakçılardır.
Ümumilikdə, sərgidə havatəmizləyicilər, kondisionerlər, radiatorlar, ventilyatorlar, istilik sistemləri, istilik izolyasiya materialları, vanna və cakuzilər, saunalar, üzgüçülük hovuzları, isidicilər, kompressorlar, kullerlər, enerjini idarəetmə sistemləri, ətraf mühiti mühafizə texnologiyaları, filtrlər, fittinqlər, borular, içməli su istehsalı, nasoslar, soyuducular, günəş enerjisi və s. kimi məhsul və xidmətlər təqdim ediləcək.

İŞGÜZAR TƏDBİRLƏR PROQRAMI

Bu il təşkilatçılar xüsusi olaraq sərgi üçün işgüzar proqram hazırlayıblar. Sərgi çərçivəsində bir sıra seminarlar baş tutacaq: “Kottec və aşağı mərtəbəli tikinti üçün müasir izolyasiya sistemləri TechnoNICOL”; “Etibarlı yeraltı su izolyasiyası üçün müasir həllər: nəzəriyyə və təcrübə” və s.
Sərginin ən dolğun günlərindən biri 23 oktyabr tarixinə təsadüf edəcək. Belə ki, həmin gün xarici və yerli istehsalçı və distribyutorların iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək. Bu il təşkilatçılar planlaşdırılmış görüşlərin sayına görə əsil rekorda imza atıblar. Ümumilikdə, “B2B” formatlı görüşlərdə əməkdaşlıq perspektivlərini üzbəüz müzakirə etmək üçün 150 şirkət iştirak edəcək.

RƏSMİ DƏSTƏK

“BakuBuild” sərgisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən dəstəklənir. Həmçinin “BakuBuild”, “Aquatherm Baku”, “Caspian MebelExpo”, “Securex Caspian” sərgiləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. 2019-cu ildə sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, eləcə də “Greenwich Travel Club” turoperatoru yer alır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə