"18 oktaybr Azərbaycanın ən əlamətdar günlərindən biridir" ÖZƏL-MÜNASİBƏT

"Bu gün doğurdan da Azərbaycanımızın ən fərəhli, ən önəmli əlamətdar günlərindən biridir. Bu gün Azərbaycanımızın hər bir vətəndaşının öz ölkəsinin hürriyətini, azadlığını, müstəqilliyini dəstəklədiyi günlərdən təxminən 28 il ötür. Bu 28 ildə bizim vətənimiz bəlkə bir əsr qədər də dəyişib. Bu 28 ildə kiprikləri ilə od götürən xalqımız hardan-haraya gəlib çıxdığımızın qədrini çox yaxşı bilir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deyib.

"Bu müstəqillik doğurdan da həm hüquqi, siyasi, həm də mənəvi, ruhi cəhətdən insanlarımıza əsl bir azadlıq gətirib. Bəşəriyyətin ən böyük arzusu azadlıqdır. Biz o azadlığa qovuşmuşuqsa onun qədr-nemətini elə bilməliyik ki, onu əlimizdən verməyək. Tarix göstərir ki, müstəqilliyə yetişəndən sonra onu qorumaq daha çətindir. Ulu Öndər Heydər Əliyevin kəlamı da bunu təsdiq edir: “Müstəqilliyi qazanmaq asan, onu qorumaq qazanmaqdan daha çətindir”. İndiyədək Azərbaycanın belə xoşbəxt günləri olmayıb. Hərtərəfli səadətə, xoşbəxtliyə qovuşan xalqımız bu müstəqilli qorumaq üçün dövlətimizin siyasəti ətrafında birləşməli, dövlətimizin siyasətini dəstəkləməli, bu siyasətin hər bir vətəndaşın səadəti, xoşbəxtliyi üçün geniş yollar açdığının qədrini bilməlidir. Bu gün Milli Müstəqillik Günümüzdə mən elə düşünürəm ki, ailələrin, evlərin hər birində bir bayram əhval-ruhiyyəsi var. Ulu Öndər demişdir: “Müstəqilliyimiz əbədidir, daimidir”. Mən inanıram ki, nə qədər ki müstəqil Azərbaycan var burada hər bir vətəndaşın səadəti uğrunda siyasət də var. Biz bu siyasəti dəstəkləyirik", - deyə, N.Əliyeva deyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə