"Türkdilli dövlətlərin əməkdaşlığının yeni platforması yaradılıb" ÖZƏL - ŞƏRH

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bir sıra vacib fikirlər səsləndirdi. Türkdilli dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biri olduğunu bildirən Prezident türk birliyinin möhkəmləndirilməsində birgə qəbul olunmuş qərarların və həyata keçirilmiş fəaliyyətin əhəmiyyətini xüsusi vurğulayıb. Həqiqətən bu gün Azərbaycanın da yaxından iştirakı ilə türkdilli dövlətlərin əməkdaşlığının yeni platforması yaradılıb". Bunu SİA-ya politoloq Elşad Mirbəşiroğlu bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Naxçıvan Sazişinin imzalanması ilkin addım oldu. Prezident diqqəti Zəngəzurun Ermənistana birləşdirilməsini türkdilli xalqların coğrafiyasının parçalanması kimi təqdim etdi ki, bu da olduqca ciddi bir mesaj idi. Belə ki, Azərbaycan Prezidenti Şuraya üzv dövlətlərin diqqətinə bir daha çatdırdı ki, Ermənistan tarixən Azərbaycan torpaqlarına iddialı olub. Bu iddialar isə türkdilli xalqların taleyində ağrılı izlər buraxıb. Azərbaycan Prezidenti İlham Əliyevin tarixi faktları belə prizmadan təqdim etməsi olduqca mühüm önəmlidir. Bununla, ermənilərin bütün türk xalqlarının düşməni olduğu diqqətə çatdırıldı.

Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan Prezidenti Türk Şurasının türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni xüsusi vurğulayıb. Yarandığı vaxtdan bu günə kimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ciddi inkişaf yolu keçdiyi, türkdilli dövlətlər arasında müxtəlif vektorlu əməkdaşlığın inkişafında təsirli rol oynadığı Azərbaycan Prezidenti tərəfindən əsaslandırılıb. Prezidentin səsləndirdiyi fikirlərdən, həmçinin belə nəticə çıxarmaq olar ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası müxtəlif beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq müstəvisində türk xalqlarının dəyərlərinin qorunmasında, təbliğində əhəmiyyətli rol oynayır.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının uğurlarını əsaslandırarkən, zirvə görüşlərinin müxtəlif fəaliyyət sahələrini əhatə etdiyini vurğulayıb. Sonuncu görüş çərçivəsində kiçik və orta sahibkarlıq məsələlərinin müzakirə olunduğunu bildirən Prezident bu sahədə Azərbaycanın ciddi uğurlarını iştirakçıların diqqətinə çatdırıb. Bununla Prezident əməkdaşlıq və sərmayələr üçün ölkəmizin yüksək potensialını əsaslandırmaqla, gələcək üçün nadir imkanların mövcudluğunu bildirib. Bu, Azərbaycanla daha yaxından əməkdaşlığı təşviq edən bir yanaşmadır və bunun yaxşı nəticələri yaxın gələcəkdə müşahidə olunacaq. Belə ki, Prezident həm də Azərbaycanın əlverişli sərmayə mühitinin dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirildiyini ölkəmizə yönəldilmiş sərmayələrin həcmini səsləndirməklə əsaslandırdı. Bütün sahələrdə Azərbaycanın böyük uğurlarını Prezident İlham Əliyev konkret əsasla qonaqların diqqətinə çatdırdı. Azərbaycanın enerji, nəqliyyat sektorunda artıq regional gücə çevrilməsi haqqında qənaət yaradan mənzərəni aydın şəkildə canlandırdı. Dövlət başçısı çıxışında Azərbaycanın bu günə qədər əldə etdiyi uğurların coğrafiyasını dəqiqliklə cızdı və gələcək əməkdaşlıq üçün böyük imkanların mövcudluğu əsaslandırdı.

“Prezident İlham Əliyev çıxışında Ermənistanın işğalçı, təcavüzkar obrazını ətraflı şəkildə təsvir etməklə, onun dağıdıcı siyasətindən təkcə Azərbaycanın deyil, bütün türk-İslam dünyanın əziyyət çəkdiyini bildirdi. Bunu işğalçı Ermənistanı təcridetmə taktikasının bir istiqaməti kimi nəzərdən keçirmək lazımdır. Çünki Prezident İlham Əliyevin məlum çıxışından sonra Ermənistanla əməkdaşlıq etmək istəyən türkdilli dövlətlər daha dərindən düşünəcəklər”, - deyə politoloq qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə