Ombudsmanın İşgəncələr əleyhinə MPM qrupunun üzvləri 7 saylı internat evinə baş çəkiblər

Ombudsmanın İşgəncələr əleyhinə MPM qrupunun üzvləri 7 saylı internat evinə baş çəkiblər

Ombudsmanın MPM qrupunun üzvləri Y.Cəfərova və A.Hacıyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saray qəsəbəsindəki Əqli qüsurlu uşaqlar üçün 7 saylı internat evinə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, başçəkmənin məqsədi MPM-in mandatını nəzərə alaraq, uşaqlara qarşı kobud rəftar hallarını müəyyən etmək, eyni zamanda internat evi sakinlərinin yaşayış şəraitini, qidalanmasını və müalicə vəziyyətini öyrənməkdən ibarət olub.

Qeyd edilməlidir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş internat evinin istilik və təhlükəsizlik sistemi qaydaya salınıb. Yataq korpusları, oyun, idman, musiqi, əmək otaqları, fizioterapiya kabinetləri, yeməkxana və mətbəx Avropa standartlarına uyğun olaraq təmir edilmiş və müasir avadanlıqla təchiz edilmiş, müəssisənin həyətyanı sahəsində abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış, uşaqların istifadəsinə hovuz verilib. Müəssisə sakinlərinin yaşadıqları otaqlarda sıxlığın normal olduğu, gigiyenik normalara riayət edildiyi müşahidə olunub. Otaqların işıqlandırılması və havalandırılması lazımi səviyyədədir.

İnternat evində uşaqlar üçün yaradılmış həyat şəraiti qənaətbəxşdir, otaqlarda televizorlar quraşdırılıb.

Baxış keçirilərkən tədris otaqlarında uşaqlar üçün beynəlxalq qeyri-hökumət təşkilatı ilə birgə layihə çərçivəsində, tərbiyəçilərin də iştirak etdiyi məşğələlər keçirilirdi.

İnternat evinin direktoru, müəllimlər və tərbiyəçilər tərəfindən uşaqlara qarşı hər hansı bir kobud rəftara yol verilmədiyi müəyyənləşdirilib. Müəssisənin işinin, uşaqların saxlanması və onlara göstərilən xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub. Belə ki, hazırda bu internat evi 1978-ci ildə Azərbaycan SSR Sosial Təminat Nazirliyinin təsdiq etdiyi və rus dilində nəşr olunmuş "Uşaq əlillər internat evi haqqında" Əsasnamə ilə fəaliyyət göstərir. Həmin Əsasnamənin müstəqil respublikamızın müasir standartlarına müvafiq şəkildə yenisi ilə əvəz olunması, uşaq internat evlərinə təyinatın bu nazirlik tərəfindən həmin müəssisələrin əsasnaməsinə və profilinə uyğun şəkildə aparılması və saxlanma normalarına uyğunlaşdırılması tövsiyə edilib.

Eyni zamanda müəssisənin strukturuna tam ştat vahidi ilə terapevt, nevropatoloq, psixiatrların əlavə edilməsi, habelə tibb bacılarının, sanitar tibb işçilərinin, dayələrin iş həcminin ağır olduğu nəzərə alınaraq, onların əmək haqları ilə təmin olunması ilə bağlı səlahiyyətli qurumlar qarşısında vəsatət qaldırılması tövsiyə olunub.

Yaşayış şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə də müvafiq məsləhətlər verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə