"Azərbaycan Prezidenti Aşqabadda faşistin heykəlini Ermənistanın başına çevirdi” ŞƏRH-ÖZƏL

"Azərbaycan Prezidenti Aşqabadda faşistin heykəlini Ermənistanın başına çevirdi” ŞƏRH-ÖZƏL

Prezident İlham Əliyev faşist Nijdenin İrəvandakı heykəlini Aşqabadda Paşinyanın "başına saldı". Bu fikirləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin MDB dövlət başçılarının Aşqabad sammitində erməni əsilli faşist canisi Hitlerə satılmış Qaregin Nijdeyə İrəvanda illər öncə qoyulmuş heykəlin hələ sökülməməsi məsələsini qaldırması tam yerinə düşdü: “Əvvala ona görə ki, Hitler faşizmi üzərində Azərbaycan xalqının da payının olduğu qələbənin 75 illiyinin yaxınlaşdığı ərafədə gündəmə gətirildi. İkinci, Hitlerçi faşistlərin qəhrəmanlaşdırılmasının hərbi cinayət olması tək BMT sənədlərində yox, MDB-nin qurucusu və əsas qoruyucusu olan Rusiyanın özünün də normativ sənədlərində rəsmiləşdirilib. Üçüncü, bütün MDB üzvü olan 10 dövlətin ardıcıl antifaşist mövqeyi sərgilədiyi bir vaxtda Ermənistanın həyasız faşistpərəstliyi heç cür başa düşülə və qəbul oluna bilməz”.

A.Quliyev söyləyib ki, Prezident İlham Əliyev 10 dövlətin başçısının eyni fikirdə olduğu məsələni aktuallaşdırmaqla əslində Ermənistanı diplomatik-siyasi üsulla təklədi və mövqe izolyasiyasına saldı: “Valdayda baş verənlərdən sonra bu hadisə Azərbaycanın təcavüzkar Ermənistana diplomatik həmlələrinin dönməz şəkil aldığını əsaslandıran tutarlı fakta çevrilir. Erməni cəmiyyətinin özü də bunu artıq belə qəbul etdiyini biruzə verməyə başlayıb. Görün Prezident İlham Əliyevin aşkar effektli diplomatik həmləsinə qarşı hansı arqumenti çıxarırlar?!Yazırlar ki, guya Prezident İlham Əliyevin arqumentləri tükəndiyi üçün Aşqabadda Paşinyanla görüşün baş tutmamasını istəyirdi və emosiyaları gərginləşdirən bu gedişlə görüşün baş tutmamasına nail oldu. Ermənistanın dinc danışıqları yeganə pozan tərəf olduğuna demək olar ki, bütün dünyanın əmin olmağa başladığı indiki dövrdə Azərbaycan Prezidentinin arqumentsiz qaldığını iddia etmək gülüncdür. Heç şübhə yoxdur ki, diplomatik -siyasi beynəlxalq dairələr bu böyük həqiqəti dəqiqliklə anlayır”.

Siyasi ekspert vurğulayıb ki, Aşqabad zirvəsində Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüş barədə öncədən heç bir anonsun verilmədiyini bütün dünya bilir: “Belə olan halda dövlət başçısının görüşü guya pozmaq üçün hansısa faktın axtarışında olması barədə iddia həqiqətən gülməlidir. Ermənilərin hamısı söz oynadır. Lakin Azərbaycan Prezidenti İlham Əliyev real iş görərək faşistin heykəlini onların öz başlarına çevirdi”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə