Liviya xalqının müdafiəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edildi
Liviya lideri Muammer Qəddafi ən böyük dəstəkçilərindən daha birini itirdi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Liviyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi və Qəddafinin uşaqlıq dostu Məhəmməd Şalgam qurumun Təhlükəsizlik Şurasını Liviyadakı vəhşiliyi dayandırmağa çağırıb. Liviyada 42 ildir ki, iqtidarda olan Qəddafiyə indiyə kimi qarşı çıxmaqdan çəkinən Şalgam bu rejimə qarşı sanksiyaların qəbulunun lazım olduğuna inandığını ifadə edib. Liviyanın keçmiş xarici işlər nazirlərindən olan Şalgam, BMT Təhlükəsizlik Şurasının üzvlərinə üzünü tutaraq "xahiş edirəm ölkəmi qurtarın, tökülən qanları dayandırın, günahsız insanların öldürülməsinə icazə verməyin" deyib.
BMT Təhlükəsizlik Şurasının isə bu gün toplanacağı və Qəddafi rejiminə qarşı sanksiyaları müzakirə edəcəyi bildirilir. Şuranın müvəqqəti sədri Braziliyanın BMT-dəki daimi nümayəndəsi Mariya Luiza Ribeyro jurnalistlərə açıqlamasında sanksiyaları nəzərdə tutan qərarın gün ərzində qəbul edilə biləcəyini söyləyib. Şuranın daimi üzvləri İngiltərə, Fransa, ABŞ və müvəqqəti üzvü Almaniya tərəfindən hazırlanan qərar layihəsi Şura üzvlərinə paylanılıb. Qərar layihəsində Liviya hökumətinə qarşı silah embarqosu, Qəddafinin bank hesablarının dondurulması, Qəddafi, ailəsi və ölkənin rəhbər şəxslərinə qarşı səyahət qadağasının tətbiq olunması yer alıb. Liviya vətəndaşlarına qarşı zorakılığın dərhal dayandırılması istənilən layihədə günahkarların cəzalandırılması üçün Beynəlxalq Cəza Məhkəməsində istintaqın başlaması tələb olunur.
Fransanın BMT-dəki daimi nümayəndəsi Gerard Araud jurnalistlərə açıqlamasında sanksiyalarla bağlı Şura üzvləri arasında ümumi razılığın olduğunu, qərar layihəsinin gecə saatlarında olsa belə səsverməyə təqdim edilə biləcəyini söyləyib. Yayılan digər məlumatlarda isə Rusiya və Çinin sanksiyalarla bağlı mövqeyinin dəqiq olmadığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB