YAP Pirallahı rayon təşkilatının ilk partiya təşkilatı sədrlərinin müşavirəsi keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının ilk partiya təşkilatı sədrlərinin müşavirəsi keçirilib. Müşavirədə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, YAP Pirallahı rayon təşkilatının şura, idarə heyətinin üzvləri, ilk partiya təşkilatının sədrləri və partiya fəalları iştirak ediblər. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov açaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin nurlu ideyalarının mükəmməl daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının müasir müstəqil Azərbaycan tarixində bugünkü yeri və rolundan danışıb. “Partiyamız Heydər Əliyev ideyalarına əsaslanır, Heydər Əliyevdə əks olunan mənəvi gücü cəmiyyətimizə transfer edir”, deyə bildirən natiq əlavə edib ki, ümumiyyətlə, YAP uğurlar partiyasıdır və ötən 26 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.
Hikmət Şikarov daha sonra cari ilin dekabr ayında ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək partiyamızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb. YAP Pirallahı rayon təşkilatının inzibati binasında seçki qərargahının yaradıldığını və bu işlərdə ilk partiya təşkilatlarının səfərbər olunmasının vacibliyini bildirən YAP Pirallahı rayon təşkilatının sədri seçki məntəqələrində məşvərətçi və müşahidəçilərin seçilməsi istiqamətində işlərə başlanıldığını, həmçinin namizədlərin müəyyən olunmasında partiya sıralarında xüsusi fəallıq göstərən gənclərə üstünlük veriləcəyini vurğulayıb.
YAP Pirallahı rayon təşkilatı aparatının məsləhətçisi, sosial şəbəkələrlə işin əlaqələndiricisi Vüqar Nəsirov isə çıxışında bildirib ki, bu gün sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edilir. Belə ki, müxalifətin əsas məqsədi cəmiyyətdə qarışıqlıq yaratmaq, Azərbaycandakı sabitliyi pozmaqdır. Qeyd olunub ki, onların arxasında bəzi xarici dairələr dayanır və həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur. Həmçinin bildirilib ki, partiya fəallarının üzərinə düşən vəzifə isə bu cür anti-milli ünsürlərlə sosial şəbəkələrdə mübarizə aparmaqdır.
İclasın sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB