Üç yolayrıcında qalan Ermənistan TƏHLİL

Üç yolayrıcında qalan Ermənistan TƏHLİL

İrəvanda baş tutan görüşlər indi ictimaiiyətin diqqət mərkəzindədir və artıq heç kəsə sirr deyil ki, bu görüşlər Ermənistanın baş naziri Nikol Paşinyanın şişirdiyi səviyyədə keçməyib. Əksinə, istər dünya ictimaiyyəti, istərsə də elə Ermənistanın daxili auditoriyası çox yaxşı başa düşür ki, bu görüş Ermənistanın vəziyyətini bir az da ağırlaşdırıb, daha dəqiq desək, sıxıntısını bir az da artırıb. Çünki, görüşün sonda nələr vəd etdiyini erməni baş naziri əvvəldən görmək qabiliyyətinə malik bir lider, ən azından səriştəli siyasətçi belə deyildi ki, ölkənin hazırda hansı vəziyyətdə qalacağını anlaya.

Rusiya prezidenti Ermənistana getmədən öncə səfərin çətin ki, baş tutacağı barədə müxtəlif şayələrin olması heç də təsadüfi deyildi. Çünki, Ermənistan tərəfi də yaxşı başa düşürdü ki, Nikol Paşinyanın dəvətinə rədd cavabı almaq ehtimalı tam məntiqidir.

Ermənistan Rusiya münasibətləri kontekstində də Paşinyan daxili auditoriyanı aldatmağa çalışır

Vladimir Putinin Ermənistana səfəri barədə bu ölkə tərəfindən çox geniş məlumatlar verilmir, hətta görüş haqda da ictimaiyyət çox az məlumatlandırılır. Bu heç də təsadüfi deyil və təbii ki, əgər Paşinyanın komandası, yeni hakimiyyət bu görüşdə müsbət istiqamətdə bir addım, onların mənafeyinə uyğun cəmi bircə arqument görsəydilər bar-bar bağırıb özlərini ən azından daxili auditoriyaya sırıyardılar.
Görünən odur ki, Ermənistanın yeni hakimiyyəti, ölkənin baş naziri bu görüşdən hansısa bir mənfəət əldə edə bilməyib və bunun üçün arqument belə yoxdur. Əksinə, görüşlər zamanı hansısa nəticələrə nail olmayan Paşinyanın “Zvartnos” aeroportunda Putini yola salarkən onunla bir daha qeyri-rəsmi şəkildə görüşməsi, saat yarım söhbət etməsi faktı da təsdiq edir ki, Rusiya prezidentinin səfərindən Ermənistan tərəfi, bu ölkənin baş naziri Rusiya tərəfindən istədiyini ala bilməyib və son anda belə bu səfərdən faydalanmağa ehtiyac duyub.
Nikol Paşinyan özünün “Faceboook” səhifəsində də Vladimir Putinlə “Zvartnos” aeroportundakı görüşü barədə yazıb. Amma bu qeyri-rəsmi görüşün nəticələri, əldə etdikləri barədə söz açmayıb. Çünki, heç bir arqumenti, bir sözlə, əldə etdiyi bircə nəticə belə yoxdur. “Ermənistan-Rusiya münasibətləri etibarlı və müsbət məcradadır” deməklə, yenə də daxili auditoriyanı aldatmağa cəhd edib.
Daha bir məqam diqqəti cəlb etməyə bilməz və Ermənistan tərəfinin bu görüş çərçivəsində Rusiyadan aldığı qazın qiyməti barədə də razılaşa bilməməsi erməni baş nazirin Rusiya prezidenti ilə görüşünün uğursuzluğunu təsdiq edir. Hətta Rusiya tərəfinin Ermənistan hökumətinin Rusiya şirkətinə “basqınları” üzündən sazişdən tamamillə imtina edə biləcəyi də real görünür.

Paşinyanın İrandan da gözləntilərinin nəticəsizliyi və bu baxımdan da uğursuzluğu göz qabağındadır

Ermənistan tərəfi, daha dəqiq desək, şəxsən baş nazir Nikol Paşinyan İran prezidentinin İrəvan sammitinə gəlişi ilə bağlı daha bir pərtliklə qarşılaşıb. Nəzərə alsaq ki, Paşinyan Ruhaninin İrəvan sammitinə gəlişinə çox çətinliklə nail olub, bu fakt özü də oradakı tamaşaya əlavə çəki və hətta Ermənistanda deyildiyi kimi, “misilsizlik” verib. Bu mənzərə ermənilərin özlərinin də diqqətindən yayınmayıb və bu ölkədə də hamı bilir ki, Paşinyanın Ruhani ilə təmasda başqa marağı da var ki, yalnız bunun üçün onun qarşısında əldən-ayaqdan gedir. İndi Rusiya qazının qiymətinin qaldırılması niyyətinin fonunda erməni baş nazirinin İran qazının Ermənistana tədarükünü artırmaq cəhdləri açıq-aşkar görünür. Amma bu qədər hiyləgərliyi ilə gündəmdə qalan Paşinyan fərqində deyil ki, İran qazı Rusiyanınkından baha başa gələcək.
Bəlkə də erməni baş nazir özü də dərk edir ki, Ruhaninin bu sammitə qatılmaqda öz marağı var idi. Ruhani Ermənistan naminə sammitə gəlməmişdi və onun məqsədi Putinlə növbəti dəfə görüşmək olub. Sözsüz ki, İranın da öz maraqları var və nüvə sazişi ətrafındakı durumu bilmək şəxsən Ruhaninin özü üçün çox vacib məsələ hesab olunur. Üstəlik, İran prezidenti Hörmüz boğazındakı vəziyyəti Rusiya prezidenti ilə müzakirə etməyə ehtiyac duyub. Əks halda, onun bu sammitə qatılıb-qatılmayacağı da sual altında idi.
Belə məlum olur ki, İran tərəfinin, şəxsən Ruhaninin sammitdə iştirakının nə Ermənistana, nə də Paşinyanın özünə belə bir aidiyyatı olmayıb. Bu halda, Paşinyanın İrandan da gözləntilərinin nəticəsizliyi ortaya çıxır və erməni baş nazirin bu tərəfdən də uğursuzluğu diqqəti cəlb edir. Əslində, İran tərəfinin, şəxsən Ruhaninin sammitdə iştirakının, Ermənistana xeyrindən çox ziyanı tezliklə özünü göstərəcək.

Ermənistan rəsmi Vaşinqtonun qəzəbindən ehtiyat edir və çox qorxur

Hər addımında Qərb siyasətinə, ABŞ-a söykənməyə çalışan Ermənistan üçün İranla yaxınlaşmaq cəhdi və buna ABŞ-ın münasibəti heç arzu ediləcək atmosfer deyil və Paşinyanın Ruhani ilə münasibətlərini rəsmi Vaşinqton heç də istəməz. Əksinə, İranla ABŞ arasındakı mövcud gərginliyin fonunda Ruhaninin erməni sammitinə yalvar-yaxarla dəvət olunmasını ABŞ Paşinyana bağışlamayacaq.
Heç şübhəsiz ki, rəsmi Vaşinqton İran prezidentinin İrəvana səfərini diqqətlə izləyib. Eynilə rəsmi Tehranın Avrasiya yönündə Amerika sanksiyalarını pozan fəallaşmasını izlədiyi qədər. Ən azından ABŞ Ermənistandakı sammitə İran prezidentinin qatılması üçün Nikol Paşinyanın səylərinə laqeyid qala bilməz. Belə ki, Ruhaninin gəlişi və AİB dövlətləri liderləri ilə və xüsusən də Putinlə danışıqları açıq geopolitik yük daşıyır. Özü də Ruhaninin həm Ermənistan, həm də ABŞ üçün bir qədər meydan oxuyacaq tərzi bu yükü bir az da artırır.
Yüksək səviyyəli olmasa da belə Paşinyanın Birləşmiş Ştatlara səfərindən sonra sammitdə İran prezidentini görmək arzusu erməni baş nazirini ABŞ-ın hədəfinə çevirib. Məhz elə bu səbəbdən də Paşinyan pis vəziyyətə düşüb və Ruhani ilə polemikaya girməməsinin də səbəbi bəllidir. Bu Nikol Paşinyanın ABŞ qorxusu səbəbindəndir. Çünki, Erməinstan üçün ABŞ-la münasibətlər ən azından İranla münasibətlər qədər vacibdir. Bir az daha diqqətlə yanaşdıqda görürük ki, Ermənistan İrandan da çox ABŞ-a borcludur və daha çox da rəsmi Vaşinqtonun qəzəbindən ehtiyat edir və çox qorxur. Bu baxımdan, yəni, ABŞ-la münasibətlərinə xələl gələcəyi baxımından da sammit Ermənistan, baş nazir Nikol Paşinyan üçün uğursuz hesab olunur.
Ermənistanda antirusiya əhvalı nə qədər közərsə də, ermənilər onların energetik rifahını təmin edən Moskva ilə münasibətlərinin nə qədər önəmli olduğunu çox gözəl dərk edirlər. Hətta dərk edirlər ki, bu münasibətlər Ermənistan üçün ölüm-qalım məsələsidir. Nikol Paşinyanın Rusiya prezidentinə yaxınlaşmaq üçün onun sağına-soluna keçməsi də bu baxımdan başadüşüləndir. İran da alternativ şəkildə ermənilər üçün maraqlıdır və Paşinyanın Ruhaniyə də yaltaqlanması təəccüb doğurmur. Didər tərəfdən, ABŞ-ın dəstəyinə möhtac olmaları da təkzib edilə bilməz və bu dəstəkdən məhrum olmaları da ermənilər üçün heç arzuolunan deyil. Bütün bu məqamları nəzərə aldıqda görürük ki, İrəvanda keçiriln bu sammitdə Paşinyan, uğur qazanmaq əvəzinə hansı çətin durumla qarşılaşmalı olub. Bir sözlə, Ermənistan Rusiya, İran, ABŞ kimi dövlətlərin arasında, üç yolun ayrıcında çətin durumda qalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə