Qarabağ qazisi adını saxtalaşdırmaq və sui-istifadə etmək mənəviyyatsızlıqdır! ANALITIK

Qarabağ qazisi adını saxtalaşdırmaq və sui-istifadə etmək mənəviyyatsızlıqdır! ANALITIK

SOCAR əməkdaşlarına hücum edənlərin döyüşlərdə iştirak etmədikləri məlum olub

SOCAR-ın təhlükəsizlik əməkdaşları ilə özlərini Qarabağ qazisi adlandırıb, əlillik dərəcələri olduğunu iddia edənlər arasında yaşanmış olaydan sonra bəzi ilginc detallar üzə çıxmağa başlayıb. Daha dəqiq desək, həmin detallardan məlum olub ki, hadisənin törədənlər, yəni vəziyyəti gərginləşdirənlər bilavasitə bu adlardan saxta yararlananlar, “qazi” və “əlillik dərəcəsi” vəsiqələrini saxta yollarla əldə edənlərdirlər. Lakin təəssüfedici nüanslar da yox deyil. Belə ki, sözügedən məsələdə Qarabağ qaziləri də var ki, onlar mövcud qanunsuzluqları ilə ictimai rəydə qınaq hissi yaradırlar.

Bu insidenti yaradanlar heç də gerçək qazilər deyilmişlər!

Xatırladaq ki, SOCAR tərəfindən hadisə ilə bağlı yayılan rəsmi məlumatdan göründüyü kimi, şirkətin mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar:

“İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirilib, müxtəlif bədən xəsarətləri yetirilib. Aparılmış videoçəkilişdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də polis əməkdaşlarını təqib edərək, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərib, dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər”.

Məsələ ilə bağlı digər faktlar da üzə çıxıb. Belə ki, etibarlı mənbə bildirib ki, əslində bu insidenti yaradanlar heç də gerçək qazilər deyilmişlər. Həmçinin, qalmaqallı ərazi də hansısa Qarabağ qazisinə aid deyil. Mənbə bildirib ki, insidentdə iştirak edənlərin arasında 4 nəfər Qarabağ əlili olsa da, faktiki olaraq torpaq sahəsi hansısa qaziyə aid deyil. “Bu işə rəhbərlik edən şəxs əslən Kəlbəcərdən olan Hacıyev Məmmədəli İsgəndər oğludur”, deyən mənbə qeyd edib ki, o Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib. SİTAT: “Onun əldə etdiyi saxta əlillik kağızını isə ötən illərdə nazirlik ləğv edib. Bu adam indiyə qədər də belə işlərlə məşğul olub. Ancaq onun adı yayılan rəsmi məlumatlarda yer almayıb. Əlilləri Məmmədəli çağırıb, o əraziyə yığıb. Torpaq faktiki olaraq bu adamların dedikləri kimi, hansısa Qarabağ əlilinin adına deyil. Sadəcə olaraq, Məmmədəli “krışalıq” edərək, bu yolla evi tikdirir, sonra da vətəndaşdan pul alır, əlillərə də həmin puldan müəyyən qədər verir. Oradakı qazilərin evləri var. Kimin evi yoxdursa, o da hazırda ev növbəsindədir. Məmmədəlini çox adam Mamed kimi tanıyır. Mamed əvvəllər Mehdi Mehdiyevin sədrlik etdiyi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvü olub. Sonradan elə Mehdi Mehdiyev onu üzvlükdən çıxarıb, nazirliyə də müraciət edib ki, bu adam Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib. Bu müraciətdən sonra onun əlilliyi ləğv edilib".

“Saxta qazilərin adı ilə Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin daha bir kökü xarici dairələrə bağlanır”

Göründüyü kimi, ortada elə məqamlar da var ki, həmin məqamlar digər maraqlı reallıqları üzə çıxarır, hadisəni törədənləri ifşa edir. Misal üçün, sosial şəbəkədə hadisə yerində başına vurub, köynəyini cıran özünü 2-ci qrup Qarabağ qazisi adlandıran bir şəxsin videosu yayılıb. Ancaq bəlli olub ki, həmin şəxsin adı Kənandır. O, əslən Tərtər rayonundandır. Videodan görünür ki, Kənan ona SOCAR-ın əməkdaşlarının hücum etməsi təəssüratını yaratmaq məqsədilə özünü döyüb, köynəyini cıraraq əynindən çıxarır. Kənanın Qarabağ uğrunda gedən döyüşlərdə döyüşüb-döyüşmədiyi ilə bağlı məlumat isə ümumiyyətlə yoxdur!

Ekspertlər də baş verən bütün bu hadisələrin arxasında ölkədə çaxnaşma yaratmaq istəyən qüvvələrin durduğunu bildirirlər. Belə ki, saxta qazilərin adı ilə Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin daha bir kökü xarici dairələrə bağlanır. Qeyd edək ki, SOCAR-la insidentdə adı hallanan Hüseynov Şərif Novruz oğlunun da Qarabağ əlili olmadığı bildirilir. Bəzi mənbələrdən qaynarinfo.az saytına daxil olan məlumata görə, Hüseynov Şərif Novruz oğlu hansısa yolla cəmi 1 il əvvəl “Qarabağ əlili” vəsiqəsi əldə edib.

Siyavuş Novruzovdan Cəmil Həsənliyə sillə kimi cavab: “Siz hakimiyyətdə oturub torpaq satmaqla məşğul olanda, mən o insanlarla vətən uğrunda çiyin-çiyinə döyüşmüşəm”

Bu arada, sözügedən məsələdən öz çirkin məqsədləri üçün yararlananlar da var ki, həmin tərəf dağıdıcı müxalifət kəsimidir. “Milli Şura” və AXCP-nin canfəşanlıq edib, bu məsələni siyasiləşşdirmələri də belə deməyə zəmin yaradır ki, onlar ölkədə istənilən mövzu ətrafında süni gərginlik yaradıb, çaxnaşmalar salmaq niyyətindədirlər. Belə ki, “Milli Şura”nın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdəki siyasi oyunbazlıqlarına qarşı Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov cavab yazıb. Xatırladaq ki, onlar S.Novruzovun guya Qarabağ qazilərinə qarşı sərt ifadə işlətdiyini iddia edib, gərginlik yaratmağa çalışıblar.

“Cəmil Həsənli, niyə baş vermiş hadisənin mahiyyətini, sadə həqiqətləri dəyişdirib şər böhtanla məşğul olursunuz?”, deyə sual edən YAP rəsmisi C.Həsənliyə xitabən qeyd edib ki, onun belə oyunbazlıqları nə yaşına, nə də başına yaraşmır: “Ən azından bu sizin yaşınıza,saçınızın rənginə yaraşmaz. Bilənlər bilir ki, Qarabağ döyüşlərində iştirak etmiş Siyavuş Novruzov Qarabağ qaziləri haqqında belə ifadələr işlətməz. Çünki siz hakimiyyətdə oturub torpaq satmaqla məşğul olanda, mən o insanlarla vətən uğrunda çiyin-çiyinə döyüşmüşəm. İstənilən şəxs Google-də axtarış versə görər ki, Siyavuş Novruzovun heç bir mətbuat orqanında bu mövzu ilə bağlı nə bir müsahibəsi, nə də bir kəliməsi belə yoxdur. Təəssüflər olsun ki, öz çirkin niyyətlərinizi həyata keçirmək üçün insanlar arasında ziddiyyət, qarşıdurma, nifaq salmaq, şər-böhtan atmaq sizin adətinizə çevrilib. Xalq hər şeyi çox yaxşı görür. Elə buna görə də sizə etimad göstərmir!!!”

Beləliklə, yalanın, şərin, böhtanın ayaq tutub yeriməməsi faktı növbəti dəfə özünü sübuta yetirdi. Həmçinin o da məlum oldu ki, vaxtilə Azərbaycanın çörəyini yeyib-suyunu içən şəxslər də var ki, onlar hazırda bu kimi hadisələrə pərdəarxası dəstək göstərib, hətta təlimat verirlər. Məhz belələrinin ifşası xalqın onlara qarşı nifrətlərini daha da artırmış olur. Xüsusilə, Qarabağda döyüşüb, təmənnasız olaraq canlarını qoyan həqiqi vətənpətvərlər sui-istifadəçi və saxta “döyüşçülərə” qarşı öz sözlərini deyəcəklər!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə