"Mövcud status-kvo hər an sabitsizliyə gətirib çıxara bilər" ÖZƏL-MÜNASİBƏT

"Mövcud status-kvo hər an sabitsizliyə gətirib çıxara bilər" ÖZƏL-MÜNASİBƏT

"Son zamanlar region ətrafında mühüm hadisələr baş verir. Belə ki, istər Ermənistan-Azərbaycan cəbhə xəttində, istər Azərbaycanın özündə, eyni zamanda geosiyasi aspektdən müzakirə olunacaq çox məsələlər var. Təbii ki, mövzuların əsas predmeti Rusiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər olacaq". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov Prezident İlham Əliyevlə Vladimir Putin arasında Soçidə baş tutacaq görüşə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, eyni zamanda, son zamanlar ABŞ-ın da Cənubi Qafqazda fəallaşdığının şahidiyik: "Odur ki, Ermənistan və Gürcüstanda baş verən hadisələr mütləq şəkildə Rusiyanı narahat etməyə bilməz. Və bu ab-havada görüş daha da aktual mahiyyət daşıyır. Təbii ki, tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəklər. Bilirik ki, hələ 2016-cı ilin aprel hadisələrindən sonra Moskva bəzi məsələləri həll etmək barədə düşünməkdədir. Belə ki, Putinlə Serj Sarkisyan arasında bir neçə görüş olmuşdu. Lakin sonda Ermənistanda baş verənlər münaqişə ilə bağlı irəliləyişin əldə olunmasına imkan vermədi. İndi isə Paşinyanla Putin arasında münasibətlər demək olar ki, bərbad vəziyyətdədir. Sadəcə olaraq, Ermənistan Rusiyanın forpostu olmaqda davam edir. Və Rusiyanın geosiyasi maraqları Ermənistanı yanında saxlamağa vadar edir. Onu da yaddan çıxarmaq olmaz ki, Moskvada kifayət qədər güclü erməni lobbisi mövcuddur. Məhz həmin lobbi qrupları Putinin siyasi qərar qəbul etməsinə ciddi təsir göstərirlər. Lakin indiki məqamda mütləq mənada cəbhədə vəziyyətin və status-kvonun dəyişilməsinə ehtiyac var. Rusiya artıq bunu başa düşməlidir. Çünki Azərbaycan uzun illərdir ki, münaqişədən əziyyət çəkir. Bundan başqa, beynəlxalq hüquq imkan verir ki, Azərbaycan münaqişəni digər yollarla həll etsin. Və biz bu illər boyu Minsk Qrupunun həmsədr ölkələrindən konstruktivlik gözləyirdik. Odur ki, əgər həmsədr ölkələr Azərbaycanı yanlarında görmək, hansısa məsələlərdə Azərbaycandan loyallıq gözləyirlərsə, o zaman mövcud status-kvonun dəyişdirilməsi ilə bağlı ciddi şəkildə iş görməlidirlər".

Z.Məmmədov bu qənaətdədir ki, əgər Rusiya Ermənistana təzyiq göstərərsə, onda rəsmi İrəvan özünü fərqli şəkildə aparacaq: "Çünki münaqişə tərəflərindən birinə - işğalçıya edilən təzyiq və verilən "məsləhət" ermənilərin hücum taktikasını zəiflədə bilər. Bildiyiniz kimi, son zamanlar cəbhədə vəziyyət gərgindir, Ermənistan başda Paşinyan, Tonoyan və Mnatsakanyan olmaqla, provakasiya ilə məşğuldur. Bütün bunlar isə sonda acı nəticələrə gətirib çıxara bilər. Və bu acı nəticələr təkcə münaqişə tərəfləriylə hüdudlaşmayacaq. Belə ki, Rusiyanın cənubu da Cənubi Qafqazdakı istənilən münaqişəni çox həssaslıqla hiss edəcək. Bununla da Cənubi Qafqazdakı silahlı münaqişə az keçmədən Şimali Qafqaza da keçə bilər. Ona görə də Kreml sabitlikdə maraqlı olmalıdır. Mövcud status-kvo isə hər an sabitsizliyə gətirib çıxara bilər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə