BDU-da Hüquq fakültəsinin dekanı vəzifəsindən azad edilib

BDU-da Hüquq fakültəsinin dekanı vəzifəsindən azad edilib

Fevralın 24-də Bakı Dövlət Universitetində (BDU) rektorluğun geniş iclası olub.

SİA-nın xəbərinə görə, iclasda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən islahatlar, Azərbaycanın regionun aparıcı dövləti kimi beynəlxalq nüfuzunun ildən-ilə yüksəlməsi, ölkədə təhsilin inkişafı sahəsində görülən işlər və digər məsələlər müzakirə edilib.

Universitetin rektoru, akademik Abel Məhərrəmov dövlətimizin və dövlətçiliyimizin sosial dayağı olan BDU-da növbəti islahatlara start verildiyini bildirib. Tələbələr tərəfindən rektorluğa daxil olmuş şikayət və təkliflər araşdırılmış, müşahidə edilən neqativ halların qarşısını almaq, əmək intizamını daha da möhkəmləndirmək məqsədi ilə radikal qərarlar qəbul edilib.

Hüquq fakültəsinin dekanı vəzifəsini icra edən professor Firudin Səməndərov vəzifəsindən azad edilmiş, BDU-nun prorektoru, professor Elxan Hüseynova həmin vəzifəni icra etmək, qısa müddətdə islahatlar aparmaq, müvafiq radikal qərarlar qəbul etmək və əməli təkliflər hazırlamaq tapşırılıb. Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin işində dönüş yaratmaq, həmin fakültədə ciddi kadr islahatları aparmaq, dekanlığın işindəki nöqsanları aradan qaldırmaq məqsədi ilə tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyevin rəhbərliyi altında komissiya yaradılıb.

İşdə yol verdikləri ciddi nöqsanlara görə mülki hüquq kafedrasının müdiri Rəisə Dünyamalıyeva, beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Sədiyar Zeynalov vəzifələrindən azad ediliblər. Kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimova isə son xəbərdarlıqla şiddətli töhmət verilib.

Həmçinin BDU kadrlar şöbəsinin rəisi Rüstəm Əhmədov işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib. İclasda fakültə dekanlarına və struktur rəhbərlərinə bütün müraciətlərə, xüsusilə tələbələrin müraciətlərinə diqqət və həssaslıqla yanaşmaq, işlərində ciddi dönüş yaratmaq tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə