YAP rayon təşkilatında Şura üzvlərinin iştirakı ilə iclas keçirilib MASALLIDA

YAP rayon təşkilatında Şura üzvlərinin iştirakı ilə iclas keçirilib MASALLIDA

YAP Masallı rayon təşkilatı aparatında təşkilatın Şura üzvlərinin iştirakı ilə iclas keçirilib. SİA-nın məlumatına görə, iclası YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq cari ilin dekabr ayında ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək rayon təşkilatımızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb.

O, YAP Masallı rayon təşkilatında seçki qərargahının yaradıldığını və bu işlərdə Şura üzvləri ilə yanaşı ilk partiya təşkilatlarının da səfərbər olunmasının vacibliyini bildirib. Seyfəddin Əliyev seçki məntəqələrində məşvərətçi və müşahidəçilərin seçilməsi istiqamətində işlərə başlanıldığını qeyd edib.

Namizədlərin müəyyən olunmasında partiya sıralarında xüsusi fəallıq göstərən gənclərə və qadınlara üstünlük veriləcəyini vurğulayan S.Əliyev çıxışında bu ilin əvvəlindən Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə ölkəmizdə əmakhaqlarının, təqaüdlərin, sosial müavinətlərin və digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırılması, ölkəmizdə qayğıya ehtiyacı olan insanlara dövlətimiz tərəfindən lazımi diqqət və qayğı göstərilməsi barədə də danışıb. O deyib ki, Azərbaycanın bu uğurları qazanmasının əsasında dayanan amillərdən biri də sabitlikdir. Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyən YAP Masallı rayon təşkilatının sədri həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını qeyd edib. Ona görə də Şura üzvlərimiz eləcə də təşkilatımızın fəal üzvləri Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər.

İclasda Qardaş Fətullayev, Ələşrəf Niftiyev və başqaları mövzu ətrafında çıxışlar etmiş, həmçinin, bir sıra cari məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə