"Azərbaycanın addımları Avrasiya nəqliyyat dəhlizinin xəritəsini dəyişib" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanın addımları Avrasiya nəqliyyat dəhlizinin xəritəsini dəyişib" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin qovşağında yerləşir və dünyaya bu sahələrdə çox ciddi töhfələr verən dövlətə çevrilib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib.

Deputat deyib ki, Azərbaycanın atdığı addımlar bütün Avrasiyanın nəqliyyat dəhlizi xəritəsini də dəyişib. Bu kontekstdə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşmasında mühüm rol oynayır: “Azərbaycanın bu nəqliyyat dəhlizinin reallaşması ilə bağlı tutduğu mövqe və onun reallaşması üçün atdığı addımlar nəticə etibarilə geniş bir arealda iqtisadi və siyasi təhlükəsizlik məsələlərinin həllinə böyük töhfə verir. Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədi ilə yaradılıb. Dəhliz vasitəsi ilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılması planlaşdırılır. Hazırkı marşrut (Süveyş kanalı) üzrə malların çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub dəhlizi vasitəsilə 14-20 gün olması gözlənilir. 2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. İran sərhədinə qədər dəmir yolu infrastrukturunun yenilənməsi təmin edilib və cari ilin martında İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin ölkəmizə rəsmi səfəri çərçivəsində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb. Azərbaycan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlıdır və artıq yolun Rəşt-Astara hissəsinin tikintisinə 500 milyon dollar güzəştli kredit ayrılıb”.

Deputat qeyd edib ki, Azərbaycanın Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı layihənin ciddiliyini nəzərə alaraq investisiya yatırması, ölkəmizə beynəlxalq arenada etibarlı tərəfdaş imicini qazandırıb: “Son illərdə Bakı-Tbilisi-Ceyhan dəmir yolunun, Ələtdə Beynəlxalq Limanın tikilib istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması nəticəsində Azərbaycan Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevirəcək. Hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər, Şimal-Cənub layihəsinin reallaşmasını gecikdirsə də, bu problemin ölkəmizdən qaynaqlanmadığı aydındır. Azərbaycan gerçəkləşdirilməsi lazımi bütün infrastruktur layihələrini uğurla həyata keçirib”.
E. Nəsirov Prezident İlham Əliyevin nəqliyyat dəhlizlərinin təhlükəsizliyinə xüsusi önəm verdiyini də vurğulayıb: “Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən görüşlərdə də bir çox məsələ ilə birgə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması və bu istiqamətdə atılan addımlar diqqət mərkəzində olur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənub Qaz Dəhlizi ilə çıxış edir. Eyni zamanda Azərbaycanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə salınıb, Bakı Beynəlxalq Limanı istifadəyə verilib. Bütün bunlar nəticə etibarilə qlobal nəqliyyat dəhlizlərinin yaradılmasında həlledici rolunun təmin edilməsi istiqamətində atılan mühüm addımlardır. Bir sözlə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılmasında xüsusi çəkiyə malikdir və bu istiqamətdə əməli addımlar atır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə