Nikol Paşinyan çıxılmaz durumda
"Hələ deputat olanda, Nikol Paşinyan bir dəfə parlamentdə çıxışında bəyan etmişdi ki, satqınlığın əsasında yalan durur və bu yalanı dilinə gətirən insan heç kimi yox, özünü aldadır". Bu sözləri özünün "facebook" səhifəsində Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov yazıb. Daha sonra isə, baş nazirin verdiyi bəyanatların və vədlərin yalan olduğunu bildirib. "Məsələn, Paşinyan deyirdi ki, vendetta olmayacaq - amma var. Paşinyan ümumi birlik vəd edirdi. Lakin cəmiyyəti "ağlara" və "qaralara" böldü. Məhəbbət və razılıq əvəzinə, nifrət aşılamağa başladı. Bundan əlavə, pensiyalarla bağlı artım olacağını bildirsə də, indi susmağa üstünlük verir. "Qırmızı xətlərə" qarşı çıxırdı - bu gün isə onlar mövcuddur. Baş nazir videokameralara qarşı çıxırdı - bu gün isə onlar hələ də qalır" deyə parlamentin keçmiş vitse-spikeri vurğulayıb. Əlavə edib ki, baş nazir dəfələrlə vəd edirdi ki, ölkəyə investisiya axını baş verəcək. Amma hazırda hər hansı real investisiyadan söhbət gedə bilməz. Bütün sahələrdə inkişaf olacağını bildirirdi. Bu vədin də puç olduğu üzə çıxır. Avropa İttifaq ilə razılaşmanı təbliğ edirdi, indi isə, əksinə, onu tənqid edir. Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatına üzvlüyə qarşı çıxırdı. Bu gün isə, əksinə, bildirir ki, bu təşkilatlarda qalmaq və üzvlük vacibdir.
Sonda isə, bildirib ki, əcnəbi casuslar barədə N.Paşinyanın bəyanatı növbəti məqsədsiz bir şou idi. E.Şarmazanov başqa bir açıqlamasında hesab edir ki, Ermənistanın indiki rəhbərliyi hər sahədə əvvəlkindən geri qalır. Onun sözlərinə görə, indiki rəhbərlik, mütəmadi olaraq, cəmiyyəti müxtəlif düşərgələrə bölür: "Bundan əlavə, Paşinyan bu siyasəti tək Ermənistan daxilində deyil, eləcə də, Dağlıq Qarabağdakı rejimlə münasibətlərdə də nümayiş etdirir".
E.Şarmazanov bu qənaətdədir ki, Paşinyan qisas hissi ilə alışıb yanır: "Əsas məramı separatçıların lideri Bako Saakyandan eks-prezident Robert Koçaryanı dəstəklədiyinə görə qisas almaqdır. Bu cür siyasət isə, Bakı və Ankaranın dəyirmanına su tökmək deməkdir".
E.Şarmazanov Paşinyanı separatçı qurumu danışıqlar stolu arxasına cəlb etməməkdə ittiham edib. Keçmiş vitse-spiker hazırkı baş nazirin verdiyi vədlərin heç birinin reallaşmadığına da işarə edib: "Paşinyan bildirir ki, ölkəmizdə demokratiya inkişaf edir. Siz Allah, deyin görüm, hansı demokratiyadan söhbət gedə bilər ki, baş nazir məhkəmə binalarını ələ keçirməyə və hakimlərin işinə mane olmağa çağırır. Baş nazir hər dəfə deyir ki, bizim hakimiyyətin dövründə ölkədə totalitarizm hökm sürürdü. Axı ancaq bizim hakimiyyət dövründə əvvəlcə deputat oldu, sonra isə baş nazir. Məgər totalitar rejimdə belə şeylər mümkün ola bilərdimi?" Daha sonra o, baş naziri iqtisadi inqilab, yüksəlişin baş verəcəyi barədə verdiyi vədləri də yerinə yetirməməkdə günahlandırıb: "Baxın görün nə baş verir? İnvestisiyaların həcmi azalıb, müəssisələr bağlanıb, işsizlik yüksək həddə çatıb. Paşinyanın yaxın ətrafını nəzərə almasaq, insanların vəziyyəti əvvəlki təkdir".
Paşinyanın ətrafı boşalır
Məlum olduğu kimi, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan və onun ardınca isə, Ermənistan Polisinin rəisi Valeri Osipyan tutduqları vəzifədən istefa vermələri, ardınca isə, iki baş müşavini istefaya göndərməsi ölkədə yaranmış durumu daha da çətinləşdirib. Erməni mətbuatının məlumatına görə Arsen Qasparyan dərhal, Aram Qaribyan isə, sentyabrın 2-dən postunu tərk edib. Həmçinin, baş nazirin köməkçisi Mher Sahakyan da vəzifəsindən uzaqlaşdırılıb. Həmçinin, Ermənistan mətbuatının yazdığına görə, Müdafiə naziri David Tonoyanın da tutduğu postdan gedəcəyi də bildirilir. Politoloqlar güc strukturları rəhbərlərinin istefa səbəblərini şərh edərək bildirirlər ki, müxalif qüvvələrin Ermənistan hökumətinə kifayət qədər təsiri var. Həm müxalif, həm də hökumətdəki bəzi qüvvələr Ermənistanın baş naziri Nikol Paşinyanın daxili və xarici siyasətinin əleyhinədirlər: "Nikol Paşinyan hakimiyyətə gəldiyi zaman verdiyi vədləri reallaşmayıb. Ermənistanın vəzifəli şəxsləri də müəyyən dərəcədə buna öz narazılıqlarını bildirirlər. Ermənistanda vəzifəli şəxslərin ard-arda istefası onu göstərir ki, Paşinyan komandasını formalaşdıra bilməyib və formalaşmamış vəzifəli şəxslər N.Paşinyanı tərk edirlər".
Martirosyan: "Azərbaycanın artan uğurlarını Dağlıq Qarabağda ən qatı separatçılar da inkar edə bilmir"
Ermənistan eksperti Martirosyan bildirib ki, "30 il ərzində, Dağlıq Qarabağ özünü, hətta kənd təsərrüfatı məhsulları ilə təmin edə bilməyib, Ermənistanın dövlət büdcəsindən ayırmalar və diaspordan gələn yardım hesabına yaşayır. Dağlıq Qarabağda əhalinin sayında azalma var. Süni vasitələrlə doğumu artırsalar da, artıq bu ildən hər şey yenidən azalma istiqamətindədir. Dağlıq Qarabağa Ermənistan dövlətinin və dünya erməniliyinin etdiyi yardımın pik dövrü arxada qaldı. Bu dövrdə bir şey əldə edə bilməyiblərsə, gələcəkdə də heç bir irəliləyiş əldə edə bilməzlər. Azərbaycanın artan uğurlarını Dağlıq Qarabağda ən qatı separatçılar da inkar edə bilmir".
Bu gün Ermənistan rəhbəri Nikol Paşinyan etdiyi səhvləri dönə-dönə təkrarlayır.
Özünə qəbir qazan Serj Sarkisyanın dublikatı Paşinyan
Bəli, işğalçı ölkədə baş verən bütün bu kriminal vəziyyətdən sonra yenə də Paşinyan anlamır ki, artıq hakimiyyətdən getməsi yaxınlaşır. Bu, təəccüb də doğurmur. Çünki bu günə kimi, Ermənistanın nə ağıllı bir rəhbəri olub, nə də düzgün xarici siyasəti. Məhz bunun nəticəsidir ki, fəlakətlər burulğanından çıxa bilmir və bilməyəcək də. Yanlış xarici siyasətinin bu ölkəni daha böyük
fəlakətlərə düçar etməsi fonunda, vaxtı ilə sabiq prezident Serj Sarkisyan iqtidarına qarşı sərgilənən narazılıq bu gün işğalçı ölkənin baş naziri Nikol Paşinyana qarşı durmadan artır.
Bəli, Sarkisyan hakimiyyəti dövründə olduğu kimi, bu gün də Ermənistan cəmiyyət olaraq tənəzzüldədir. Bu gün də insanlar ölkəni tərk edir, iqtisadi böhran dərinləşir və istefalar baş verir. Bunların fonunda N.Paşinyanın verdiyi vədlərinin puç olduğu aydın görünür. Çətin durumda olan Paşinyanın hakimiyyət kürsüsü uğrunda hərisliklə mübarizə aparması isə, təbii ki, vətəndaşları qıcıqlandırır.
Lakin bir məqamı da vurğulamaq lazımdır ki, bu gün də beynəlxalq aləmdə Ermənistanın düşdüyü vəziyyət daha acınacaqlıdır. Nikol Paşinyan, sözün həqiqi mənasında, geosiyasi burulğanda çabalayır. Daha dəqiq desək, pərdə arxasından onun ipini kim hansı istiqamətə çəkirsə, ona uyğun mövqe tutur. Yəni ABŞ və Rusiya bu kuklanı daha tez-tez oynadırlar.
Küçə "demokratı" Nikol Paşinyan yenə də cəfəng fikirlər söyləyir, xarici siyasətdən bixəbər olduğunu aydın şəkildə göstərir. Səbəb isə, hakimiyyətdə olduğu müddətdə Nikol Ermənistan daxilində itirdiyi nüfuzunu Dağlıq Qarabağ münaqişəsi ətrafında absurd fikirlər söyləməklə, bərpa etməyə çalışsa da, əsassız və gülünc vəziyyətdə görünür.
Ümumiyyətlə, N.Paşinyanı çətin vəziyyətə salan əsas məqam Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu durmadan artırmasıdır. Bakı regionla bağlı çox perspektivli sosial-iqtisadi və mədəni proqramlar həyata keçirir. Təcrübə göstərir ki, Azərbaycanın yeritdiyi regional siyasət digər bölgə dövlətlərindən daha səmərəlidir. Ermənistan isə, bu kontekstdə, olduqca pis vəziyyətdədir. Heç bir regional layihə təklif edə bilməyən rəsmi Yerevan, qonşulara böhtan atmaqdan başqa, bir iş bilmir. Onun özünü təcrid etməsi, ölkəni tamamilə çıxılmaz geosiyasi vəziyyətə salıb.
Yerevan çabalasa da, böyük buxovdan qurtula bilmir
Bəli, başqa yol da yoxdur. Çünki Paşinyan hələ də anlamır ki, Rusiya da onun bu günə kimi ikiüzlü "siyasətinin" dəfələrlə şahidi olub. Çünki bunun mümkün olmadığını hamı bilir.
Elə bu günlərdə Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib ki, Qarabağ danışıqlarını Rusiyanın öhdəliyinə buraxıb. Jurnalistlər danışıqlardan imtinanın Azərbaycana müharibə hüququ vermək olduğunu xatırlatdıqda, Ermənistan baş naziri deyib: "Rusiya supergüc kimi bizim regionda müharibəyə yol verməmək üçün imkanlara malikdir. Mən inanmaq istəmirəm ki, Ermənistanın strateci müttəfiqi Rusiya öz rıçaqlarından istifadə edib, müharibəni dayandarmayacaq. Mən inanmıram ki, Rusiya müharibənin başlamasına imkan verəcək və Azərbaycanı dayandırmaq üçün rıçaqlarından istifadə etməyəcək".
Bu açıqlama, nəinki Ermənistan, hətta Rusiya mətbuatında belə heyrətlə qarşılanıb. Rusiyanın "Lenta.ru" portalı mətbuat konfrasına həsr etdiyi məqaləsini "Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə məsuliyyəti Rusiyaya ötürdü" başlığı altında verib. Yəni məsuliyyət daşıyan dövlət hüquqa da malik olur. Bu, Zori Balayanın bir neçə il öncə, Vladimir Putinə yazdığı məktuba bənzəyir. Onda Balayan Rusiyaya təklif edirdi ki, "Gülüstan" sülh müqaviləsinə əsaslanıb, Qarabağı özünə götürsün. Bu, erməni millətçilərinin sərt reaksiyasına səbəb olmuşdu. Onlar iddia edirdilər ki, Qarabağ Ermənistanın ayrılmaz parçasıdır. Amma göründüyü kimi, indi eyni sözü Nikol da deyir.
Ancaq tarixi faktlar, onu da deməyə əsas verir ki, oxlokratiyanın ömrü heç də uzun olmur. Hələ ki, küçə və meydanlarda olan kütlə öz tələblərini irəli sürür və öz iradəsini diqtə edir. Paşinyan da bundan məharətlə və sui-istifadə edir. Lakin tarixdən də, göründüyü kimi, bu mərhələ uzun sürə bilməz və heç uzun sürməyəcək və təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam! Bu problemin həllinin bir yolu var: Ermənistanın havadarları güc tətbiq edərək, işğalçı erməni silahlılarını Azərbaycan ərazilərindən çıxarmalıdırlar!
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB