Bu gün Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çjan Yannian AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. SİA-nın xəbərinə görə, səfiri salamlayan Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva institutun elmi istiqamətləri barədə qonağa məlumat verib.
Şərqşünaslıq İnstitutunda 2009-cu ildəki görüşünü xatırladan səfir, bundan sonra qarşılıqlı əməkdaşlıq sahəsində görülən işlər və onların perspektivlərindən söz açıb.
Sonra o, institutda yeni yaradılan "Mərkəzi Asiya və Uzaq Şərq ölkələri" şöbəsi ilə maraqlanıb.
Bu şöbənin AMEA Rəyasət Heyətində yaxın günlərdə təsdiq olunacağını söyləyən G.Baxşəliyeva səfirə şöbənin fəaliyyət istiqamətləri haqda ətraflı məlumat verib. O, "Mərkəzi Asiya və Uzaq Şərq ölkələri" şöbəsində ilk növbədə dünyanın ən çox əhaliyə malik ölkəsi Çinlə bağlı tədqiqatların, eləcə də bölgənin digər ölkələri ilə bağlı elmi araşdırmaların aparılağacını bildirib.
Görüşdə iştirak edən tarix elmləri namizədi Rafiq Abbasov "Mərkəzi Asiya və Uzaq Şərq ölkələri" şöbəsinin ölkəmizdə Çini öyrənən əsas elmi mərkəz olacağını və bu tədqiqatların iki ölkə arasında elmi əlaqələrin genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Səfir Çjan Yannian Şərqşünaslıq İnstitutunda yaradılan "Mərkəzi Asiya və Uzaq Şərq ölkələri" şöbəsinin işinə uğurlar arzulayıb. O, şöbənin fəaliyyətinə köməklik edəcəyini, o cümlədən institut əməkdaşlarının Çinə kurslara göndərilməsini təşkil etməyə hazır olduqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə