AMİP funksioneri: “Bu qurumun bünövrəsi düzgün qoyulmadı, bir-birinə zidd qüvvələr, bir-birinə nifrət edən şəxslər bura qəbul edildi”
Artıq iki yerə parçalanmış “Azərbaycan Xalq Hərəkatı”nda (“AXH”) suların durulmayacağı öz təsdiqini kifayət qədər tapıb. Maraqlı məqam da budur ki, yarandığı dövrdən başlayaraq bu qurumda söz-söhbətlər, intriqalar yaradan əsas tərəf məhz AMDP sədri İsagəndər Həmidovdur. Yalnız öz maraqları kontekstindən çıxış edərək, şəxsi “liderliyini” qorumağa, bu vasitə ilə söz sahibi olmağa çalışan İ.Həmidov normall məsləhət və tövsiyələrdə bulunanların fikir və düşüncələrini qulaqardına vurur, özündən başqa kimsənin düşüncələrini tərəfdarları ilə paylaşmır. Xüsusilə, digər insanların fikirlərini bölüşməyən İ.Həmidovun aldığı cavab birmənalı olaraq, istefalarla nəticəsini tapır.
Əli Orucov: “Birliklər yaradılarkən partiyadaxili müzakirələrdən, buraxılan səhvlərin analizindən keçmədən bəzən tələm-tələsik yaradılır”
Məsələ ilə bağlı AMİP-in katibi Orucovun fikirləri maraq doğurur. Belə ki, mətbuata açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşən müxalifətçi partiya funksioneri deyib ki, heç bir format ideal və əbədi deyil. “Ona görə də bu vaxtadək saysız-hesabsız birliklər, ittifaqlar və bloklar yaradılıb”, qeyd edən AMİP təmsilçisi əlavə edib ki, adətən müxalifət düşərgəsinin birləşməsi seçki dönəmlərinə təsadüf edir: “Lakin bu ittifaqlar məhdud müddət üçün nəzərdə tutulduğundan uzun müddət yaşaya bilməyib. Son dövrlər cəmiyyətdə müşahidə olunan aktivlik müxalifəti də hərəkətə gətirdi və bir neçə görüşlərini, tədbirlərini birgə keçirə bildi. Ardınca “Azərbaycan Xalq Hərəkatı” adlı bir qurum da yaradıldı. Lakin bu qurumun bünövrəsi düzgün qoyulmadı. Bir-birinə zidd qüvvələr, bir-birinə nifrət edən şəxslər bura qəbul edildi. Nəticəsi də bəllidir”.
Ə.Orucov həmçinin belə bir iddia da irəli sürüb ki, müxalifətin birliklərlə bağlı strategiyası da, baxışları da uzun illərdən bəri dəyişməz qalıb. Belə ki, birliklər yaradılarkən partiyadaxili müzakirələrdən, buraxılan səhvlərin analizindən keçmədən bəzən tələm-tələsik yaradılır.
Siyasi məzarlığa gedəcək növbəti qurum “Milli Şura”dır...
“Burada partiyaların ideoloji baxışları, cəmiyyətdəki gücü və nüfuzu, hətta siyasi liderlərin keyfiyyətləri nəzərə alınmır. İllərlə bir-birinə qənim kəsilən, bir-birini məhv etməyə çalışanlar bir günün içində müttəfiqə çevrilirlər. Yaxud da ”bir özü, bir papkası" olan partiya sədri elə iddialara düşür ki, sanki ölkənin taleyi ondan asılıdır və s.”
Ümumiyyətlə, görünən budur ki, artıq tarixin arxivinə çevrilən növbəti müxalifət birliyi - “AXH” də “SİDSUH”un, “DUBB”un, “MKM”in, “Bizim Azərbaycan”ın, “Azadlıq”ın, “İctimai Palata”nın və s. çoxsaylı siyasi ölümə düçar olmuş təşkilatların “uyuduğu” məzarlığa doğru gedir. Növbə isə çox yəqin ki, “Milli Şura”nındır...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB