Diktatorlar beynəlxalq tribunala verilsin

Diktatorlar beynəlxalq tribunala verilsin

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai siyasi proseslər və partiyanın cari həyatına aid bir sıra məsələlər əsas müzakirə obyekti olub.

Tunis və Misir inqilabından sonra Yaxın və Orta Şərqi təlatümə gətirən inqilabi proseslərin genişlənməsi faktına diqqət çəkən İdarə Heyəti üzvləri bu inqilabların həmin ölkələrdə uzun illər davam edən despotik rejimlərin öz mahiyyətindən doğduğunu bildirib və bu proseslərin diktatura və avtoritarizmin kök saldığı digər ölkələrdə də təkrarlanmasının qaçılmaz olduğunu bir daha ictimaiyyatın diqqətinə çatdırıb.

İdarə heyəti üzvləri bu ölkələrdə mövcud olan despotik rejimlərin əleyhinə yönəlmiş üsyan dalğalarının hərbi güc tətbiq etməklə yatırılmasını qətiyyətlə pisləyib və öz xalqlarına qarşı hərbi cinayətlər törədən diktatorların beynəlxalq hərbi tribunal qarşısında sorğulanmasının vaxtı çatdığını bəyan edib.

Başlanan inqilabi proseslərin Azərbaycana təsirsiz qalmayacağını diqqətə çəkən partiya yetkililəri ölkə rəhbərliyini baş verən hadisələrdən nəticə çıxartmağa və Azərbaycanı inqilabi proseslərə sürükləyən hazırkı durumu dəyişmək üçün tələb olunan konstitusion islahatlar aparmağa və bundan da öncə ölkədə demokratik gəlişmələrə yol açan xalq etimadına layiq yeni parlament seçkiləri keçirməyə çağırıb.

İdarə Heyəti üzvləri Gürcüstan prezidenti M,Saakaşvilinin bir neçə gün əvvəl Türkiyə xarici işlər naziri Ə.Davudoğlu ilə keçirdiyi görüş zamanı Rusiyasız və İransız "Qafqaz evi" yaradılması ideyasını təqdir etməklə bu ideyanın hələ ADP-nin 1994-cü ildə birinci qurultayında irəli sürüldüyünü bildirib və yalnız bu yolla təcavüzkar Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmağın və bugünkü Avropa evinə layiq iqtisadi və siyasi cəhətdən sabit bir region əldə etməyin mümkünlüyünə ümidvar olduğunu ifadə edib.

İdarə Heyəti üzvləri çox saylı qaçqın ailələrinin "Qaçqınkomun" qarşısına yığışaraq onların adına dövlət tərəfindən tikilən mənzillərə görə rüşvət tələb edilməsinə etiraz olaraq aksiya keçirməsinə münasibət bildirib, qaçqın və məcburi köçkünlərə dövlət hesabına tikilən evlərin pulla satılmasını biabırçılıq adlandırıb və hakimiyyətdən, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə elan etməsindən sonra belə rüşvətxorluqdan əl çəkmək istəməyən məmurlara qarşı ciddi tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.

Son vaxtlar Nəqliyyat nazirliyinin sifarişi ilə tikilən və inşasına milyonlarla vəsait sərf edilən yol və körpülərin istismara verildikdən bir neçə gün sonra qəza vəziyyətinə düşməsinin adi hal almasına münasibət bildirən İdarə Heyəti üzvləri tikinti adı ilə ölkənin milli sərvətini dağıtmaq istəyən bu cür təşkilat və vəzifəli şəxslərə qarşı dərhal cinayət işinin başlanmasının vacib olduğunu diqqətə çatdırıb.

İdarə Heyəti üzvləri Naxçıvan bölgəsində Qarabağ blokunun müşahidəçisi olan N. Məmmədovun muxtar respublikanın daxili işlər nazirinin otağındaca işgəncələrə məruz qalması faktından narahat olduğunu bildirib və bu faktın heç bir hüquq və insani davranışlara uyğun gəlmədiyini bildirməklə dövlət başçısından həmin faktların aradan qaldırılması və günahkarların cəzalandırılması üçün effektli tədbirlər görülməsini tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə