“Ağ Partiya”nın ardınca VİP də “hərəkatın” sıralarını tərk etdi
“Azərbaycan Xalq Hərəkatı”nda baş vermiş parçalanmadan və bu qurumun iki qütbə ayrılmasından sonra orada cərəyan edən hadisələr bir daha belə qənaətə gəlməyə əsas verir ki, artıq “AXH” nəinki ölkədə cərəyan edən siyasi proseslərə, heç daxilində baş alıb-gedən ziddiyyətlərə münasibət bildirmək imkanına malik deyil. Halbuki, özünü qırğın-dava ilə “hərəkatın” rəhbəri elan edən və hazırda müalicə alan AMDP sədri İsgəndər Həmidov adıçəkilən qurumun qısa zamanda ölkənin siyasi gündəminə təsir edəcəyini iddia edirdi. Hətta onun sağ əli hesab edilən ALDP sədri Fuad Əliyev zaman-zaman İ.Həmidovun iddialarına nə qədər “rəng” və “çalarlar” qatmağa cəhdlər göstərsə belə, onların iddiaları yarı yoldaca puç oldu. Hətta parçalanmadan sonra iki qanada ayrılmış “AXH”nin bir neçə dəfə birləşdirilməsi cəhdləri belə ilk andaca nəticəsiz qalıb. Yaxın günlərdə “hərəkatda” təmsil edilən digər siyasi müxalifət partiyalarının və müstəqil şəkildə təmsil olunan şəxslərin də oranı tərk edəcəkləri ilə bağlı xəbərlər dolaşmaqdadır.
Misal üçün, “Ədalət” partiyasının sədri Mətləb Mütəllimlinin, “Azadlıq” partiyasının sədri Əhməd Orucun, “İslam Demokratik Partiyasının” sədri Tahir Abbaslının, Rəhim Qazıyevin və s. adamların da bu qurumun sıralarından gedəcəkləri an məsələsidir.
Londonda var-gəl edən Qurban Məmmədovun, KXCP sədri Mirmahmud Mirəlioğlunun isə, ümumiyyətlə “AXH”nin fəaliyyətinə heç bir səmərələri yoxdur. Baxmayaraq ki, onlar digər qanadda təmsil olunmaqdadırlar.
Partiyanın “hərəkat” sıralarını tərk etməsi qərarı birmənalı olaraq qəbul edilib
Bu arada, Vətəndaş və İnkişaf Partiyası (VİP) siyasi şurasının iclası keçirilib. SİA xəbər verir ki, VİP mətbuat xidmətindən məlumata görə, iclasda digər məsələlərlə yanaşı, həm də bu partiyanın “AXH”dnəki iştirakına xitam verilməsi məsələsinə də baxılıb. Qərara alınıb ki, “hərəkat” daxilində yaranmış vəziyyət VİP-in bundan sonra orada qalmasına imkan vermir. Nəticədə partiyanın “hərəkat” sıralarını tərk etməsi qərarı birmənalı olaraq qəbul edilib və bundan sonra Əli Əliyevin sədri olduğu siyasi təşkilatın “AXH” ilə heç bir bağlılığı olmayacaq.
Onu da xatırladaq ki, avqustun 10-da Tural Abbaslının sədri olduğu “Ağ Partiya” da adıçəkilən “hərəkatın” sıralarını tərk edib.
Həm İsgəndər Həmidovun, həm də “AXH”nin qatarı çoxdan gedib...
Bütün bunlar isə, həm də belə bir nəticə hasil edir ki, parçalanmış və ayrı-ayrı qurum və “hərəkatlarda” təmsil olunan ənənəvi müxalifət partiyaları bütövlükdə özlərinin ən ağır və çıxılmaz dönəmlərini yaşamaqdadırlar. Şəxsi mənfəət və ambisiyalardan doğan parçalanmalar isə bu cür müxalifətin siyasi arenadakı fəaliyyətini tamamilə iflic vəziyyətinə gətirib-çıxarıb. Hətta qurumlarda deyil, elə siyasi təşkilatların daxillərində də ciddi qarşıdurmalar, ziddiyyətlər yaşanmaqdadır ki, bu amil onların mövcud vəziyyətlərini tam çılpaqlığı ilə ortaya qoymaqdadır.
Bir də ki, görünür, İsgəndər Həmidov nə qədər özünü “AXH”nin “lideri” hesab etdikdə, “hərəkatın” parçalanması, dağılması prosesi daha da sürətlənəcək. Hətta bundan sonra onun “sağ əli” hesab edilən Fuad Əliyev əvvəlki açıqlamaları kimi “İsgəndər bəy “AXH”dəki proseslərə tam nəzarət edir” tipli fikirləri ilə vəziyyəti diqqətdən yayındırmağa cəhd göstərsə belə, artıq necə deyərlər, “ox yaydan çıxıb”. Əslində bütün bunlar həm də İ.Həmidovun müxalif arenada heç bir status daşımamasının, avtoritetinin olmamasının məntiqi göstəricisidir. Daha doğrusu, həm onun, həm də “AXH”nin qatarı artıq çoxdan gedib...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB