Seymur Həzi Əli Kərimliyə nəyi eyham vurdu? ANALİTİK

Seymur Həzi Əli Kərimliyə nəyi eyham vurdu? ANALİTİK

AXCP sədrinin havalı sözləri elə havadaca buxarlandı

AXCP funksioneri Seymur Həzinin azadlığa çıxmasının ardınca, Əli Kərimlinin dərhal onun üzərindən özünütəbliğ vasitəsinə əl atması nəzərlərdən qaçmadı. Çünki məhz S.Həzinin evinə gedib, azadlığa çıxmış partiyadaşından daha çox özünün üzərində fikirlər səsləndirməsi müxalifət cameəsində təmsil olunan bir sıra şəxslər tərəfindən də birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə S.Həzini azadlığa çıxması münasibəti ilə təbrik edən müxalif fikirli şəxslər digər tərəfdən AXCP sədrinin fürsəti fövtə verməyib özünü zorla ictimai rəyə sırımasını sərt şəkildə tənqid ediblər.

Əli Kərimlinin təhrükedici çıxışlarına “0” reaksiya

Lakin ən maraqlı məqam S.Həzinin vaxtilə digər azadlığa buraxılmış müxalifət təmsilçilərindən fərqli olaraq, heç bir siyasi bəyanatla çıxış etməməsi, habelə Ə.Kərimlinin təhrikedici çıxışlarına demək olar ki, reaksiya verməməsidir. Yəni “0” reaksiya...

Əksinə, onun jurnalistlərə “Məni bağışlayın, siyasətdən danışmayacam. Özümü çox yaxşı hiss edirəm. Hər şey qaydasındadır, hər şey əladır” fikirləri AXCP sədrinin haray-həşirli başına kül ələdi. Onun S.Həzinin evində bəh-bəhlə havaya buaxdığı havalı sözləri elə havadaca buxarlandı.

Bütün bunlar Ə.Kərimliyə sərf etməyən ifadələrdir ki, o bunların əksini eşitmək istəyirdi

İndi isə, S.Həzinin “Siyasətdən danışmayacağam” fikri üzərində dayanaq. O. bununla demək istəyib ki, daha həbs olunana qədərki adam deyil və bundan sonra Ə.Kərimlinin təhriklərini uymayacaq.

“Özümü çox yaxşı hiss edirəm” ifadəsi isə, onun həbsxanada olarkən heç bir təzyiqlərə məruz qalmadığının, sağlamlığının isə yerində olduğunun göstəricisidir.

Nəhayət, “Hər şey qaydasındadır, hər şey əladır” etirafı da təbii ki, qeyd edilən fikirlərin tamamıdır.

O cümlədən, S.Həzinin bir neçə il öncə ailə həyatı qurduğu həyat yoldaşı Nigar Həzinin “Bundan sonra ailə həyatı yaşayacağıq” sözləri də özlüyündə bir çox məqamlardan bəhs edir

Bütün bunlar ilk növbədə Ə.Kərimliyə sərf etməyən ifadələrdir ki, o bunların əksini eşitmək istəyirdi.

Utanmasan oynamağa nə var ki...

AXCP sədri eşitmək istəyirdi ki, S.Həzi necə deyərlər, həbsinin havası üzərindən getməmiş qiyam, itaətsizlik çağırışları etsin hətta icazəsiz aksiyalar təşkil edərək yenidən həbsə düşsün. Sonra da Ə.Kərimli yenidən onun üzərindən öz reklamını aparıb, çığır-bağır salsın, səfirlik qapılarını döyüb “siyasi məhbus” nağıllarından dəm vursun və s.

Heç bir istəyi baş tutmadı Ə.Kərimlinin. Bəlkə də o, S.Həzinin siyasətdən danışmayacağı, hər şeyin yolunda olması barədə fikirlərinə görə gecə də yatmayıb, gözlərinə yuxu getməyib. Hətta yuxusunda sayıqlayaraq S.Həzini söyüb, təhqir edib ki, niyə ağzını açıb, hakimiyyətə qarşı bir kəlmə söz deməyib?

Əslinə qalanda isə, AXCP sədri S.Həzinin evində düşdüyü gülünc durumdan nəticə çıxarmalı, nə qədər rüsvayçı vəziyyətə düşdüyündə görə heç adam arasına da çıxmamalıydı. Amma çıxdı, atalar demiş, utanmasan oynamağa nə var ki...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə