Paşinyanın məmuru onun sözünü necə yalanladı? ANALİTİK

Paşinyanın məmuru onun sözünü necə yalanladı? ANALİTİK

Və ya baş nazir birini deyir, iqtisadiyyat naziri başqasını

Ermənistanda siyasi hakimiyyət dəyişikliyindən sonra cərəyan edən və bir-birini tez-tez dəyişən ictimai-siyasi hadisələr artıq belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, “məxməri inqilab” faktoru heç də inkişaf reallığını əks etdirmir, əskinə bu “inqilab” ölkəni daha acınacaqlı vəziyyətə doğru sürükləməkdə davam edir. Baş nazir Nikol Paşinyanın istər daxili, istər xarici siyasətində buraxdığı ardıcıl səhvlər onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sıra erməni politoloqları, siyasət və iqtisadiyyat üzrə ekspertlər baş nazirə “Hayla gələn, vayla gedər” misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artdığı siqnalını verməkdədirlər.

Ancaq bütün bunlara baxmayaraq, Nikol Ermənistanda gah bu, gah da digər sahələr üzrə “artımların” olduğunu, “məvaciblərin artırılacağını”, sosial sferada “müdhiş planların” həyata keçiriləcəyini, bir sözlə “cənnət” quracağını vəd edir, necə deyərlər, insanların başına “ip salıb dolayır”.

Paşinyan iyul ayı üzrə iqtisadi göstəricilərin cəlbedici olduğunu iddia etsə də...

Məsələn, o bugünlərdə Ermənistanın iqtisadi aktivliyi barədə status yazıb. SİA “news.am”a istinadən xəbər verir ki, Paşinyan sözügedən statusunda yazıb ki, guya Ermənistanda iqtisadi fəallıq 8,1% artıb və ümumilikdə iyul ayı üzrə iqtisadi göstəricilər kifayət qədər cəlbedicidir və s.

Lakin Nikolun belə bir “sevincək” statusunun ömrü az çəkib və onun iqtisadi aktivlik, ya da fəallıq üzərindəki fikirlərini elə öz kabinetinin adamı, ölkənin iqtisadiyyat naziri Tiqran Xaçatryan alt-üst edib. Əsas məsələyə keçməmişdən öncə isə, daha bir xatırlatmanı etmək yerinə düşərdi ki, bu gün Ermənistan hakimiyyətinin içində ciddi parçalanmalar müşahidə edilir və həmin parçalanmalardan biri də sorosçularla qeyri-sorosçular arasında gedir. Daha dəqiq desək, əgər Nikol Paşinyan birbaşa Corc Sorosun əli ilə hakimiyyətə yiyələnibsə və hazırda da Sorosun maliyyəsi qarşılığında asılılıq siyasəti aparırsa, onun hökumətinin digər hissəsi həmin məsələdə ona qarşı çıxır. Elə iqtisadiyyat naziri Tiqran Xaçatryan da qeyri-sorosçular sırasında yer alır, zaman-zaman Paşinyanın fikirlərinə qarşı əks fikirlər səsləndirir.

Xaçatryan iqtisadi uğursuzluğun bütün sferalarında mövcud olduğunu deyib

Beləliklə, görək iqtisadiyyat naziri nə deyib? Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, Xaçatryan erməni diplomatları ilə görüşündə belə bir etirafda bulunub: “Bizim istehsalatımız Avropanın istənilən ortabab ölkəsindən 8 dəfə aşağıdadır”.

Adıçəkilən nəşr onu da yazır ki, iqtisadiyyatda baş verən fəsadların aradan qaldırılması üçün diplomatlar xaricdə investisiyalar axtarmalıdırlar. SİTAT: “Bu gün adambaşı gəlirlərə görə biz, liderlik edən ölkələrə təxminən 15 dəfə uduzur, bizim istehsalatımız Avropanın istənilən ortabab ölkəsindən 8 dəfə, eləcə də, Avrasiya İqtisadi İttifaqının aparıcı ölkələrindən 2 dəfə aşağıdadır”.

Və bu da son deyil. Erməni nazir son olaraq bildirib ki, analoji vəziyyət praktiki olaraq, iqtisadiyyatın bütün sferalarında mövcuddur.

Göründüyü kimi, Paşinyanın əsas məmurlarından biri onun sözünü kəskin şəkildə yalanlayır. Yəni baş nazir birini deyir, iqtisadiyyat naziri isə başqasını. Bütün bunlar isə, həm də belə deməyə zəmin yaradır ki, Ermənistanın mövcud durumu Paşinyan tərəfindən nə qədər gizlədilməyə cəhd edilsə belə, onun yalan-palanlarını hətta komandasının təmsilçiləri açıq şəkildə ortaya qoyurlar. Bütün bu kimi faktlar artıq gündəlik hadisələrə çevrilib və hadisələr ölkədaxili çaxnaşmaların, xalqın narazılıqlarının sübutlarıdır. Hətta, sabah Paşinyan iqtidarının daxilində onun özünə ən yaxın saydığı adam qiyam qaldırarsa, bundan təccüblənmək olmaz.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə