Əli Abbasov iranlı həmkarı ilə görüşüb

Əli Abbasov iranlı həmkarı ilə görüşüb

Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İranın informasiya texnologiyaları və kommunikasiya naziri Reza Təqipur Ənvərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan və İran arasında mövcud dostluq münasibətlərinin ölkələr arasında strateji əməkdaşlıq sahəsində əhəmiyyətli rol oynadığını bildirib, eyni zamanda rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə danışıb.

Öz növbəsində R.T.Ənvəri iki ölkə arasında dostluq və qarşılıqlı əməkdaşlıq imkanlarının yüksək olduğunu qeyd edərək İKT sahəsində həyata keçirilən məqsədyönlü işlərdən danışıb.

Görüşdə telekommunikasiya və poçt sektoru, beynəlxalq trafiklərin ötürülməsi, sərhəd bölgələrində efir məkanın qorunması, xüsusən də coğrafi blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında televiziya və radio proqramlarının yayımının tənzimlənməsi, eləcə də kosmik sənaye sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Sonda hər iki tərəfdən nazir müavinləri səviyyəsində işçi qrupunun yaradılması və müzakirələr nəticəsində əldə olunan yekun təkliflərin İran-Azərbaycan arasında qarşılıqlı hökumətlərarası komissiyaya təqdim edilməsi məqsədəuyğun hesab edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə