Daşkəsən rayonu 2019-cu ilin birinci yarimilini uğurla başa vurub

Daşkəsən rayonu 2019-cu ilin birinci yarimilini uğurla başa vurub

Bu gün Daşkəsən rayonunda “2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı” keçirilib. Daşkəsən rayonu 2019-cu ilin birinci yarimilini uğurla başa vurub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilmiş yığıncaqda ümumilikdə 225 nəfər olmaqla, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yığıncağı giriş nitqi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev açaraq hesabat məruzəsi ilə çıxış edib. O, məruzəsində deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son on altı il ərzində uğurlu siyasətinin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizdəki sabitlik, sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionda lider dövlətə çevrilib.

2019-cu ilin 6 ayı da əvvəlki illərdə olduğu kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu olub. İyul ayının 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib. Müşavirədə 6 ayın sosial-iqtisadi inkişafı geniş təhlil edilərək, qarşıda duran vəzifələr göstərilib.

Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin 6 ayında da Azərbaycan Respublikasında dinamik inkişaf davam edib, beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artmış, mövqeləri daha da möhkəmlənib".

İcra başçısı qeyd edib ki, Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2019-cu ilin 6 ayı ərzində bir çox uğurlu işlər və nailiyyətlər əldə olunub: "Belə ki, iqtisadiyyatın əsas sahələrində kənd təsərrüfatı sahəsi istisna olmaqla istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müxtəlif sahələr üzrə xeyli (25%) artıb.

Daşkəsən rayonunda 2019-cu ilin yanvar-iyun ayları ərzində faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi 92 milyon 420 min manat olub. 2018-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 125,3% təşkil edib. Rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da müxtəlif sahələrdə bu işlər davam etdirilməkdədir.

Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin həyata keçirilməsində son tamamlama işləri yerinə yetirilir.

Artıq Daşkəsən şəhəri ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur. Təmizləyici qurğu və yeni inzibati binanın tikintiləri sürətlə davam etdirilərək tamamlama işləri görülür.

Lakin şəhərin kənar küçələrinin təmizlənməsi, şəhərdən tullantıların yığılaraq daşınması və zərərsizləşdirilməsi sahəsində aidiyyəti üzrə əlavə tədbirlər görülməsinə ehtiyac vardır. Daşkəsən rayonu üzrə yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari qaydada sığorta olunması sahəsində 2018-ci il ərzində 109 sığorta müqaviləsi bağlanmışdır. 2019-cu ilin keçən dövrü ərzində isə 287 sığorta müqaviləsi bağlanmış və həmin sahə üzrə işlər davam etdirilir.

Rayon ərazisində daşınar və daşınmaz əmlakın sığorta olunması sahəsində həyata keçirilən tədbirlər sürətləndirilməlidir. Bu sahədə yerlərdə maarifləndirmə işləri daha da genişləndirilməlidir.

2019-cu ilin yanvar ayında Daşkəsən rayon İcra Hakimiyyəti üzrə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi ilə razılaşdırılıb və “DOST İŞ Mərkəzi” MMC tərəfindən təqdim olunan 130 nəfər, aprel ayında isə əlavə 90 nəfər işsiz şəxslə müvafiq qanunvericiliyə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılaraq rayonda ödənişli ictimai işlərə cəlb olunublar".

Bildirilib ki, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən cari ilin keçən dövrü ərzində rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülüb. Rayonda 3 kartofçuluq və 1 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir.

Daşkəsən rayonu ərazisində 2019-cu il ümumilikdə yaylaq mövsümünün başlanması ilə əlaqədar, o cümlədən, baytar-nəzarət məntəqəsinin təşkil edilməsi barədə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 18 mart 2019-cu il tarixli 11 nömrəli sərəncam verilib. Əvvəlki illə müqayisədə bu il Daşkəsən rayonuna məxsus olan lakin qış mövsümü ərzində kənar rayonlarda qışlama keçirən, yaylaq mövsümündə rayona qayıdan yerli sakinlərə məxsus təsərrüfatların rayon ərazisinə buraxılması həmin vətəndaşların yaşadığı inzibati əraziyə uyğun olaraq aidiyyəti üzrə Rayon İcra Hakimiyyəti Başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndələrinə həvalə olunub. Yaz-yay mövsümlərinin başlanmasına uyğun olaraq yaylaqlardan və örüş otlaq sahələrindən səmərəli istifadə edilməlidir.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 5 iyul 2019-cu il tarixli 46 nömrəli sərəncamına uyğun olaraq bütün inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və bələdiyyələr qeyri-qanuni tikililər barədə tövsiyə olunmuş formada lazımı məlumatları aidiyyəti üzrə qurumlara, Yerli Ekspert Komissiyasına təqdim olunmasını təmin etməlidirlər. Rayonun aidiyyəti üzrə qurumları bu sahədə bütün lazımi tədbirləri yerinə yetirməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə fevral ayının 11-dən mayın 15-dək ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil edilib. Həmin tapşırığa əsasən Daşkəsən rayon mərkəzi xəstəxanasında müntəzəm olaraq əhali qrafik əsasında tibbi müayinədən keçiblər. 49 yaşayış məntəqəsinin əhalisi və rayonun idarə, müəssisə və təşkilatların işçiləri tibbi müayinədən keçirilib. Bu müddət ərzində 23834 nəfər tibbi müayinədən keçib, 330 nəfər müxtəlif xəstəliklərdən ixtisaslaşmış tibb müəssisələrinə göndərilib, 489 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının stasionar müalicəsinə cəlb olunmuş, 564 nəfərə isə ambulator müalicə yazılıb.

Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 10 yaşayış məntəqəsi təbii qazla təmin olunur. 2019-cu ilin 6 ayı ərzində rayonun Quşçu kəndində 404, Bayan kəndində isə 459 abonent təbii qazla təmin olunmuşdur. Quşçu, Quşçu körpü və Daşkəsən qəsəbələrinə yeni təbii qaz xəttinin çəkilişinə başlanılmış və hazırda həmin işlər sürətlə davam etdirilir. Hazırda rayon ərazisində qazlaşma yaşayış məntəqələri üzrə 20,4%, ev təsərrüfatları üzrə isə 62,4 % təşkil edir. 3 məntəqədə qazlaşma işləri tamamlandıqdan sonra göstəricilər müvafiq olaraq 26,5 %-ə və 65,9 %-ə çatacaqdır. Rayonda istehlakçıların təbii qazla təmin olunmasında mövcud problemlərin həll edilməsi üçün aidiyyəti üzrə lazımi tədbirlər ardıcıllıqla davam etdirilməlidir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının nitqindən sonra məruzə ətrafında RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev, RİHB-nin Daşkəsən qəsəbə İƏDÜN-si Xudayar Ələkbərov, 31 nömrəli Yol İstismarı MMC-nin rəisi Roman Əsgərov və digərləri çıxışlar edib, qarşıda duran vəzifələrin icrasından danışıb, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə