Paytaxtımız elmi yarışın keçirildiyi məkan olaraq da sözünü deyir

Paytaxtımız elmi yarışın keçirildiyi məkan olaraq da sözünü deyir

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ölkəmizdə keçirilməsi olimpiada hərəkatını stimullaşdıracaq

Bu gün paytaxt Bakı ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olan 31-ci Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir. Belə bir yarışın paytaxtımızda təşkili ölkəmizin nüfuzundan bir daha xəbər vermiş olur.
Olimpiadanın paytaxtımızda keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikanın elm, texnologiya və mədəniyyət sahələrində əldə etdiyi inkişaf və nailiyyətlərinin mühüm göstəricisidir. Beynəlxalq Olimpiadanın Azərbaycanda keçirilməsi informatika sahəsinin inkişafına da öz töhfələrini verəcəkdir. Olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır.
Ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında, Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər.
Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən və ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib, yerlərdə sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub, yeni istehsal, habelə, xidmət müəssisələri istifadəyə verilib. Azərbaycan beynəlxalq miqyaslı mötəbər yarışlara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Uğurla inkişaf edən Azərbaycanda bir neçə gün əvvəl 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalına yekun vuruldu. 2012-ci ildə "Eurovision" Mahnı Müsabiqəsi, 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2016-cı ildən bəri "Formula-1" yarışlarının Azərbaycan Qran-Prisi mərhələsi və bir çox digər tədbirlər uğurla keçirilib. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanımızın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir. Ölkəmizdəki uğurlu inkişaf, sabitlik və əmin-amanlıq beynəlxalq tədbirlərin keçirilməsində əlverişli məkandır.
"MƏKTƏBLİLƏRİMİZ BEYNƏLXALQ OLİMPİADALARDA ÖZ MÜVƏFFƏQİYYƏTLƏRİNİN DAVAMLI İNKİŞAFINA NAİL OLARAQ, SON İLLƏR ƏRZİNDƏ, ÜMUMİLİKDƏ YÜZ ALTMIŞ MEDAL QAZANMIŞLAR"
Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları, aparılan islahatlar, yeni layihələrin icrası ölkənin inkişafında əhəmiyyətli rola malikdir. Bu inkişaf nəticəsində müasirləşən və modernləşən Azərbaycan artıq beynəlxalq aləmdə innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb. Azərbaycan Prezidenti İlham Əliyev, bütün sahələrinə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına da önəm verir və bu sahənin inkişafına yönəlmiş dövlət proqramları və zəruri islahatlar həyata keçirilir. Həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında ölkə başçısının məlum Sərəncamı Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidin təmin edilməsi baxımından əhəmiyyətli rol oynadı. Dövlət başçısı tərəfindən Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər, davamlı olaraq, həyata keçirilir. Belə bir zamanda paytaxtımız 31-ci Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir. Ölkəmizdə keçirilən müxtəlif məzmunlu tədbirlər, idman yarışları, musiqi festivalları və s. ilə yanaşı, Bakı elmi bir yarışın keçirildiyi məkan olaraq, sözünü demiş olacaq. Dünyada neft ölkəsi kimi tanınan Azərbaycanda bu gün intellekt yarışlarının təşkil də təsadüfü deyildi. Təbii ki, ölkəmizdə keçirilən bu cür tədbirlər, xüsusilə, gənclər arasında dostluq, sülh və mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayır. İnformatika üzrə ilk Beynəlxalq Olimpiada 30 il əvvəl Bolqarıstanda keçirilib və bu nüfuzlu tədbirə maraq ildən-ilə artmaqdadır. "IOI" iştirakçılarının bir çoxu hazırda startap və innovasiya ilə məşğul olan aparıcı İT mütəxəssisləridir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "IOI 2019" nümayəndələrinə ünvanladığı rəsmi məktubunda deyildiyi kimi, informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan ölkəmizdə məktəblilər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadır. Məktəblilərimiz beynəlxalq olimpiadalarda öz müvəffəqiyyətlərinin davamlı inkişafına nail olaraq, son illər ərzində, ümumilikdə, yüz altmış medal qazanmışlar".
"BİLİKLƏRƏ ƏSASLANAN CƏMİYYƏTİN FORMALAŞDIĞI VƏ RƏQƏMSAL BACARIQLARIN SON DƏRƏCƏ ZƏRURİ OLDUĞU İNDİKİ DÖVRDƏ İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI ELMİ POTENSİALIN VACİB GÖSTƏRİCİLƏRİNDƏN BİRİNƏ ÇEVRİLMİŞDİR"
Təbii ki, yüksəliş dövrünü yaşayan Azərbaycanda yarışların keçirilməsi üçün mövcud olan məkanlar tədbirin yüksək səviyyədə təşkil olunmasına əsas verir. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında keçiriləcək. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə "Boulevard Hotel" mehmanxanası nəzərdə tutulub. Yarış müddətində məktəblilər "Atletlər şəhərciyi"ndə yerləşdirilib. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərir və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə bilirlər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, "Yanardağ", "Atəşgah", Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq.
Belə tədbirlərin ölkəmizdə keçirilməsi olimpiada hərəkatını stimullaşdırmaq məqsədi də daşıyır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "IOI 2019" nümayəndələrinə ünvanladığı rəsmi məktubunda deyilir ki, olimpiada informatika sahəsində yeni istedadların üzə çıxarılması, gənclərin informatikaya marağının daha da güclənməsi və təmsilçi ölkələrin sıralarının genişlənməsi işinə öz töhfəsini verəcəkdir. Biliklərə əsaslanan cəmiyyətin formalaşdığı və rəqəmsal bacarıqların son dərəcə zəruri olduğu indiki dövrdə informasiya-kommunikasiya texnologiyaları elmi potensialın vacib göstəricilərindən birinə çevrilmişdir. İnformatika iqtisadiyyatda, elmdə və cəmiyyət həyatında böyük əhəmiyyətə malikdir. Dünya informasiya şəbəkəsinin yaradılması isə kompüter biliklərinin rolunu xeyli artırmışdır. Beynəlxalq İnformatika Olimpiadası, bu baxımdan, qarşınızda yeni üfüqlər açır. Kompüter elmləri üzrə ən mötəbər müsabiqələr arasında özünəməxsus yer tutan bu bilik yarışı arzularınızın gerçəkləşməsi və həyat yolunuzun müəyyənləşməsinə, əlbəttə, ciddi təsir göstərəcəkdir".
Əlbəttə ki, İnformatika üzrə Beynəlxalq Olimpiada gələcək kompüter elmləri və İT sənayesinin gələcək liderlərini bir araya gətirməkdə mühüm rol oynayacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə