İşğalçı ölkənin baş naziri iflic olduğunu etiraf etdi
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan «Feysbuk»da canlı yayım zamanı eks-prezident Serj Sarkisyan dönəminə aid olan məxfi sənəd haqqında danışıb. Paşinyan, sənədlə bir neçə ay əvvəl tanış olduğunu, amma məzuniyyəti zamanı, onu detallı şəkildə yenidən oxuduğunu bildirib. Paşinyan sənəddə məxfiliyin nə olduğunu açıqlamayıb: "Sənədin vacibliyi ondadır ki, o, bizə ölkədəki real vəziyyət haqqında tam məlumat verir. Bütün toplanmış problemləri bir il ərzində həll etmək mümkün deyil. Sənəddə Ermənistanın institusional iflic vəziyyətində olduğu bildirilib".
N.Paşinyan onu bildirir ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu il də Ermənistan üçün son dərəcədə ağır və məyusluqla dolu bir il olaraq qalacaq.
Uçuruma doğru irəliləyən xunta
Göründüyü kimi, işğalçı ölkənin baş naziri etiraf edir ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu il də Ermənistan üçün son dərəcədə ağır və məyusluqla dolu bir il olaraq qalacaqdır. Doğurdan da, Paşinyan sərsəmləyir. Soruşmaq lazımdır: kimdir günahkar? "Küçə demokratı" Paşinyanın uçuruma sürüklənən yararsız konsepsiyası.
Politoloqlar ölkədə yaranmış bu vəziyyətin əsas günahkarı Paşinyanın hazırkı konsepsiyasının yararsız olmasında görür. Politoloq Qabil Hüseynli bildirir ki, Paşinyan, həqiqətən də, küçə təfəkkürünə malikdir: "Siyasi savadı belə olmayan bir aramın küçədən ölkəyə baş nazir keçməsi sonda bu nəticəni verməliydi. Ermənistana rəhbərlik edənlərin hamısı eyni səvviyyəli dələduzlardır. 2016-cı il aprel savaşı Ermənistan ordusundakı böyük qüsurları ortaya çıxartdı və hakimiyyətə gələn Nikol Paşinyan da bu qüsurları etiraf etmək məcburiyyətində qaldı. Ermənistanın təhlükəsizlik konsepsiyası 2007-ci ildən bu yana dəyişdirilməyib. Yeni konsepsiyanın ana istiqamətlərini Paşinyanın yeni təyin etdiyi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təqdim edib".
Bir sıra təhlilçilərə görə, ölkə daxilində sosial-iqtisadi sahədə hələ də sanballı uğurların gözə dəyməməsi, immiqrasiya əvəzinə, emiqrasiyanın güclənməsi, son vaxtlar isə hökumətə qarşı, üstəlik, açıq etirazların baş qaldırması və ilk dəfə etirazçıların qanının tökülməsi Paşinyan iqtidarını, istər-istəməz, ictimai diqqəti daxildəki problemlərdən yayındırmaq zorunda qoyur.
Təəssüf doğuran odur ki, Ermənistanın baş naziri Paşinyan populist çıxışları və savadsız siyasi baxışları ilə, elə zənn edir ki, bəlkə bu yolla nəyəsə nail ola biləcək. Bu isə, bir daha göstərir ki, düşmən ölkə Azərbaycana işğala son qoymaq üçün savaş yolundan başqa bir yol qoymur. İndiyə qədər Azərbaycan tərəfi gözləyirdi ki, beynəlxalq qurumların təzyiqi ilə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarla bağlı öz "siyasətində" - danışıqlar prosesində daha konstruktiv mövqe tutacaq. Amma bu, baş vermir. Əksinə, yeni rəhbərlik də əvvəlki rəhbərlər kimi, qeyri-konstruktiv mövqe nümayiş etdirir və təxribatlara əl atır. Ancaq bu, çıxış yolu deyil. Məhz buna görə də, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı öz qətiyyətini və ciddiliyini ortaya qoyaraq, bir daha xəbərdarlığını edir.
Artur Kazinyan: "Siyasətdə naşı olan Paşinyanın aqibəti gəldiyi küçəyə atılmaqla bitəcək"
Erməni ekspert Artur Kazinyan da bildirir ki, siyasətdə küçə təfəkkürlü Paşinyanın aqibəti gəldiyi küçəyə atılmaqla bitəcək: "Təəssüf ki, belə vəziyyətdə Qarabağ savaşı yenidən təkrarlana bilər. Amma ötən əsrin 90-cı illərindən fərqli olaraq, indi vəziyyət bizim lehimizə deyil. İstər hərbi, istərsə də diplomatiya sahəsində. Azərbaycan bölgədə mövqelərini xeyli gücləndirib. Üstəlik, Rusiya və Türkiyə də Azərbaycanın yanındadır. Ermənistan isə tək qalıb və bu durumda Qarabağ müharibəsinin yenilənməsi bizə müsbət nəsə vəd etmir".
A.Kazinyan, onu da bildirir ki, hər şeyin bir sonu olduğu kimi, Paşinyanın da oyunbazlığının sonunun zamanı gəlir: "Paşinyan min-bir hiylə ilə hördüyü corabın toruna özü düşüb. Ölkə fəlakət durumundadır. Repressiv şərait, ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənlərin sayı sürətlə artır".
N.Paşinyan, açıqlamasında ölkənin sosial-iqtisadi çətinliklərin günahını əvvəlki iqtidarın boynuna qoymağa çalışır. Yəni demək istəyir ki, "baxın, mən ədalətli olmağa, xalq üçün işləməyə çalışıram, islahatların aparılmasına cəhd edirəm, ancaq bu lənətə gəlmiş əvvəlki iqtidarlar bütün planları pozur. Erməni "lider" yenə də hara gedirsə, özü ilə ancaq söz, boş vədlər, saxta tarix aparır və oradan da ancaq söz alıb qayıdır.
Lakin ekspertlər Ermənistanda hərc-mərcliyin, uçuruma gedən yolun münaqişənin hələ də həll edilməməsinin başlıca səbəbkarı Paşinyanın siyasi savadsızlığı və sadə bir həqiqəti dərk edə bilməməsi ilə birbaşa bağlı olduğunu bildirirlər. Bunu dərk etmək çətin olmasa da, N.Paşinyan anlamaq istəmir. Çünki müstəqil deyil, böyük güclərin, erməni lobbisinin əlində oyuncaqdır. Qondarma gedişlər etməklə itirməkdə olan siyasi imicini möhkəmləndirməyə çalışır. Lakin anlamalıdır ki, ən əsas çıxış yolu işğalçı erməni silahlılarını Azərbaycan ərazilərindən çıxarmalıdırlar.
Maraqlı məqam ondan ibarətdir ki, bu hakimiyyət, məhz öz xalqına münasibətdə də aqressiv mövqedədir. Həyata keçirilən siyasətdə xalqın güzəranı nəzərə alınmır və şəxsi maraqlar üzərindən islahatlar həyat keçirilir. Son dövrdə Ermənistanın üzləşdiyi qaz problemi artıq ölkədə digər problemləri də üzə çıxartmaqdadır. Ölkədəki problemlər səbəbindən, miqrasiya artıq Ermənistanın qarşısında böyük problemə çevrilmişdir.
Ermənistanda hakim dairələr arasında davam edən siyasi çəkişmə ölkənin daxili və xarici siyasətini zəiflətməkdə davam edir. Siyasi analitiklər baş nazir Nikol Paşınyanın mövcud problemlərin həllinə yox, rəqibləri ilə daxili çəkişmələr və ədavətə vaxt sərf etməsini siyasi səhv adlandırırlar.
Paşinyanın ambisiyaları xalqın istəyinə qarşı
Bu, həqiqətən də, belədir. Belə ki, ötən ilin sonuna yaxın "küçə demokratı" Nikol Paşinyan xalqa verdiyi vədlərin bu gün nəticə vermədiyi ölkədə böyük gərginlik yaradıb. Daha doğrusu, Paşinyanın ambisiyaları xalqın istəyi ilə üst-üstə düşmədiyi üçün Nikola olan inamı azaldıb.
Politoloqlar da bildirirlər ki, Paşinyan hakimiyyətə gələn gündən təxribat dolu bəyanatlar yayır. Onun separatçı Dağlıq Qarabağ rejiminin danışıqlara cəlb edilməsi fikrini səsləndirməsi vəziyyəti daha da çətinləşdirib. Artıq Ermənistan əhalisi Paşinyanın populist çıxışlarını deyil, konkret iş və nəticə gözləyir. Düşdükləri çətin sosial və iqtisadi uçurumdan xilas olmaq istəyir. Görünüən isə odur ki, Nikol Paşinyanın şəxsi ambisiyaları xalq və vətən sevgisindən daha üstründür. Bu isə, Ermənistan üçün yeni bir uçurumun başlanğıcı deməkdir.
Levon Ter-Petrosyan: "Bu cəhənnəmi gözlə görmək istəyirsinizsə, buyurub Ermənistana gəlin"
"Çoxlarımızın boş əfsanə sandığı cəhənnəm artıq xəyal deyil, əsl həqiqətdir. Bu cəhənnəmi gözlə görmək istəyirsinizsə, buyurub Ermənistana gəlin. Qarşınızda sözlə ifadə edilə bilməyəcək qədər dəhşətli bir mənzərə canlanacaq. Dilənçilərlə dolu küçələr, ağır iqtisadi böhran üzündən gün çörəyinə möhtac qalmış biçarə insanların acı ah-naləsi, ölkəni öz ağuşuna almış işsizlik və səfalət üzündən könüllü surətdə baş verən intiharlar və intihara cəhdlər, sakinləri kütləvi surətdə köçüb getmiş kəndlərdən gecələr eşidilən canavar ulartıları, daha nələr, nələr..." Bu sözləri biz yox, Ermənistan Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan ölkədəki mövcud vəziyyəti qiymətləndirərkən deyib. Onu da bildirib ki, "Ermənistanın şəhər və kəndlərində yaşayan əhalinin 98 faizi aclıq və yoxsulluğun caynaqlarında boğulur. Bu gün Ermənistan büdcəsi 7,5 milyard olmalı idi. Hər il həmin sərvətin 5 milyardını Serj Sarkisyan, Tiqran Sarkisyan, onlara qədər isə Robert Koçaryan oğurlayıb. Ölkədəki ağır iqtisadi böhran üzündən 1998-ci ildən bu günədək Ermənistanı 1 milyondan artıq insan tərk edib. Əksəriyyəti də yüksək ixtisaslı mütəxəssislər, görkəmli yaradıcı ziyalılar və onların ailə üzvləridir. İndi isə Nikol Paşinyan bu yolu davam etdirməkdədir və bu ölkə iqtisadi böhran, haqsızlıq və ədalətsizlik bataqlığından qurtula bilməyəcək".
"Armeniya Today" portalında yer alan xəbərdə vurğulanır ki, indi də Sarkisyan rejiminin davamçısı olan Nikol Paşinyan dövləti idarəetmə metodları dünyanın ən geridə qalmış, yoxsul dövlətlərindəki idarəetmə sisteminin, sadəcə, kserokopiyasıdır. Ermənistanda əhalinin 65 faizi ağır yoxsulluq səviyyəsində, 26 faizi isə səfil kökündə yaşayır. Xalq tamam unudulub. Əvvəllər olduğu kimi, bu gün də ölkə əhalisi "Ermənistanın gələcəyi varmı?" sualı qarşısında sual işarəsinə dönüb.
Erməni eksperti Manvel Sarkisyanın fikrincə, "İqtisadi böhran əhalini elə müflisləşdirib ki, xalqı bu vəziyyətdən yalnız inqilabi çevriliş xilas edə bilər ki, o da, labüddür.
Ermənistanın xarici borcları da ilbəil artmaqdadır. Bu borclar, artıq 8 milyard dolları ötüb. Bunun 37,5 faizi Dünya Bankına, 33,2 faizi Beynəlxalq İnkişaf Assosiasiyasına, 23,2 faizi Beynəlxalq Valyuta Fonduna, 4,6 faizi Asiya İnkişaf Bankına, 4,2 faizi isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına olan borclardır. Dövlət büdcəsi lüt-üryan qalmış Ermənistanın bu borcları və onların ilbəil artan faizlərini necə ödəyəcəyi sual altındadır. Mütəxəssislərin fikrincə, hazırkı daxili və xarici borclar məngənəsindən xilas olmaq üçün Ermənistan hökumətinə, azı 16 il vaxt lazımdır. Həm də ölkədə köklü islahatlar aparıb, məmur özbaşınalığına, korrupsiyaya, haqsız rəqabətə, kiçik və orta sahibkarlığa qarşı aparılan total terrora son qoyduqdan sonra. Xarici borcların həndəsi silsilə ilə artması, işsizlik, miqrasiya və ölkənin cüzi maliyyə vəsaitlərinin iqtisadiyyatın inkişafına deyil, silahlanmaya xərclənməsi vəziyyəti daha da çətinləşdirib.
Paşinyanın demokratiya kimi sırımaq istədiyi oxlokratiyadır
Ən maraqlı mənam isə, hələ də Paşinyanın demokratiyanın nə olduğunu anlaya bilməməsidir. Elə bu səbədən də, Nikol, hətta ölkədə baş verən xaosa demokratiya adı verməklə, ondan silah kimi istifadə etməyə çalışır. Sanki kim Nikol Paşinyana, onun hakimiyyətinə qarşı çıxırsa, elə bil, baş nazirə deyil, demokratiyaya qarşı çıxır. Yaxud Ermənistanla, hətta rəqabət aparanlar belə, sanki demokratiyaya düşmən kəsilənlərdir. Hətta N.Paşinyan, az qala bütün dünya ölkələri və demokratik institutlar qarşısında dilemma qoymağa çalışır və bir növ bütün dünyanı-özünü demokratik hesab edən ölkələri onun mövqeyini müdafiə etməyə borclu hesab edir. Elə bil ki, Ermənistanın rəqiblərinə qarşı çıxan demokratiyanın düşmənlərinə qarşı çıxır kimi bir fikir formalaşdırmağa çalışan baş nazir bunu borc kimi xatırlatmaq niyyətindədir və hətta az qala bunu onlardan tələb etmək xülyasına da düşüb. Halbuki Ermənistanla demokratiya ifadəsi arasında böyük bir uçurum var və erməni cəmiyyətində insan azadlıqlarından, hüquqlardan və humanizmdən danışmaq belə absurddur. Tarixi faktlar təsdiq edir ki, hələ Dağlıq Qarabağ münaqişəsindən də, öncə, törədilən erməni terroru, vandallığı misli-bərabəri olmayan vəhşilikdən xəbər verir və bunun humanizmlə, ələlxüsus, demokratiya ilə zərrə qədər əlaqəsi ola bilməz. Əslində, işğalçı ölkənin qeyri-humanist, antidemokratik siyasəti hələ də davam etdirilir və təsir mexanizmi kimi istifadə olunan küçə yürüşlərini və aksiyaları demokratiya kimi qələmə vermək yalnız erməni xislətinin təzahürüdür.
Ancaq tarixi faktlar, onu da deməyə əsas verir ki, oxlokratiyanın ömrü heç də uzun olmur. Hələ ki, küçə və meydanlarda olan kütlə öz tələblərini irəli sürür, öz iradəsini diqtə edir. Paşinyan da bundan məharətlə sui-istifadə edir. Lakin tarixdən də göründüyü kimi bu mərhələ uzun sürə bilməz və heç uzun sürməyəcək də. Çünki Paşinyan kütlədən hakimiyyətini mökəmləndirənə qədər istifadə edəcək. Tarix boyu hər zaman belə olub və qaragüruhdan istifadə edənlər hakimiyyətlərini təmin etdikdən sonra kütləni tamamilə unudurlar. Təbii ki, hakimiyyəti öz əlində cəmləşdirdikdən sonra nə demokratiya, nə də Ermənistan, eləcə də, ermənilər onu maraqlandırmayacaq. Beləliklə də yerini möhkəmləndirdiyinə əmin olan baş nazir öz səriştəsiz və məhvə sürükləyən siyasətini yürütməkdə davam edəcək. Nəticədə, Paşinyanın oxlokratiya hakimiyyəti də, elə indi bu oxlokratiyanı demokratiya kimi sırımaq istəyən Ermənistan da tarixin arxivinə növbəti fakt kimi yollanacaq.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB